27 Dekabr 2024, Cümə

Ötən ay ərzində muxtar respublikanın turizm imkanlarının təbliği məqsədilə Ordubad və Culfa rayon gəncləri “Naxçıvanı tanıyaq!” devizi altında Şahbuz rayonundakı muzeylərə, muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr Naxçıvan şəhərindəki Atıcılıq Mərkəzinə ekskursiya ediblər. Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə, ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursuna qəbul olunmuş gənclərlə görüşlər, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının Babək rayon gənclərinə təqdimatı, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə IV Universiadanın Naxçıvan Muxtar Respublikası üzrə seçim mərhələsi, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədilə sağlamlıq imkanları məhdud uşaqlar ilə “Əl-ələ daha güclüyük!” adlı yaradıcılıq müsabiqəsi təşkil olunub.

Gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına zəmin yaratmaq üçün onların şəhid ailələri ilə görüşü təşkil edilib, Milli qəhrəmanlarımızın gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur!” adlı videoçarxlar, Vətən müharibəsi şəhidlərinin yad edilməsi məqsədilə onların doğum günlərində fotoları nazirliyin rəsmi sosial şəbəkələrdəki hesablarında gündəlik olaraq paylaşılıb.


Ötən ay Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və Əkbər Qubuşov tərəfindən muxtar respublikada stolüstü tennis idman növü ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib, “Araz-Naxçıvan” peşəkar futbol klubunun qapıçı-məşqçisi AFFA tərəfindən icra olunan UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi kursunu tamamlayıb, Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə Azərbaycan milli komandasının üzvü, qrossmeyster Eltac Səfərli tərəfindən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının məşqçi-müəllim və idmançılarına ustad dərsləri keçilib.
Hesabat dövründə bədən tərbiyəsi və idman sahəsində kütləviliyin artırılması, istedadlı idmançıların üzə çıxarılması, fiziki imkanları məhdud yeniyetmə və gənclərin reabilitasiyasının təmin olunması məqsədilə görmə məhdudiyyətli uşaqlar üçün qolbol idman növünün qaydaları və hazırlıq şərtləri haqqında, həmçinin Şərur rayonunda bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı şəxslərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı maarifləndirici görüşlər, yeniyetmə və gənclər arasında şahmat, cüdo, basketbol, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stend atıcılığı, oğlan və qız atletlər arasında kross qaçışı, mağara (spelio) idman yürüşü, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birincilikləri keçirilib. Bundan başqa, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şəhid və qazi övladları üçün ekskursiya və əyləncəli oyunlar təşkil olunub, Naxçıvan Güləş Federasiyasının Culfa rayonunun Əbrəqunus, Yaycı və Ərəzin kəndlərində cüdo, Babək rayonunun Kültəpə, Nəhəcir kəndlərində və Kəngərli rayonunda sərbəst güləş üzrə bölmələri fəaliyyətə başlayıb, Şərur rayon “Ümid” atıcılıq klubunun və Naxçıvan şəhərində qolbol bölməsinin fəaliyyəti yenidən bərpa olunub, Paralimpiya Federasiyasının Şərur rayonunda ağırlıqqaldırma və stolüstü tennis üzrə yeni bölmələri yaradılıb.
Muxtar respublika idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilib, Ağdam Olimpiya İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş növləri üzrə turnirdə Naxçıvan Kikboksinq Federasiyası idmançıları 35 kiloqram çəki dərəcəsində Fərid Orucov, 45 kiloqram çəki dərəcəsində Sadiq Kərimov və Uğur Əliyev, 65 kiloqram çəki dərəcəsində Rəhim Əşrəfov I, 35 kiloqram çəki dərəcəsində Sərdar Qurbanov, 40 kiloqram çəki dərəcəsində Əbülfəz Cəfərov, 50 kiloqram çəki dərəcəsində İbrahim Əlizadə və İsmayıl Hüseynzadə, 55 kiloqram çəki dərəcəsində Məhəmmədəli Qasımov, 60 kiloqram çəki dərəcəsində Səhət Əsədov II, 30 kiloqram çəki dərəcəsində Nurəddin Əliyev və İlqar Səfərli, 35 kiloqram çəki dərəcəsində Rəhim Quluzadə, 45 kiloqram çəki dərəcəsində Şahin Səfərli və 75 kiloqram çəki dərəcəsində Fuad Quliyev III yerlərə layiq görülüblər.
Ötən ay dahi şəxsiyyətlərimizin tanıdılması, xalqımızın qədimdən bu günə miras kimi saxladığı milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmləndirilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilib. Güləş, Boks və Şahmat federasiyalarının təmsilçiləri müvafiq olaraq Duz Muzeyində, Yusif Küseyir oğlu türbəsində və Milli Dəyərlər Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR