26 Dekabr 2024, Cümə axşamı

Yunan əfsanələrinin birində qeyd olunur ki, Prometey odu tanrılardan oğurlayaraq insanlara gətirir. Bunu bilən tanrılar qəzəblənir və Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırırlar. Burada qartal onun qaraciyərini hər gün didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyəri yenidən sağalırdı. (Əfsanədəki bu məqam bugünkü elm tərəfindən də sübut olunub- qaraciyər insanda özünü bərpa edən yeganə orqandır ) Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir. İnsanlar əbədi işığa qovuşmuşdu, amma Prometey bunun cəzasını ağır ödəmişdi. Bu əfsanəni səbəbsiz xatırlamadım. Qafqazda yerləşən Azərbaycan da bir dövlət olaraq  dəfələrlə parçalanmış, istilaya məruz qalmış, işğal edilmiş və hər dəfəsində də gücünü toplayaraq ayağa durmağı bacarmışdır. Azərbaycan xalqı bütün tarixi dönəmlərdə müstəqillik uğrunda daim mübarizə aparmış, bu istəyindən bir an olsun belə geri çəkilməmişdir.

 

Vətənimizin parçalanması tarixi XIX əsrin əvvəllərində Rusiya və İran arasında gedən müharibədən başlayır. Məhz bu müharibə Azərbaycanı ikiyə parçalayan “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasına gətirib çıxardı. Adətən sülh müqavilələri bir daha qan tökülməsin deyə bağlanılır. Amma bu müqavilələr Azərbaycanı elə amansızlıqla parçaladı ki, onun kəsdiyi yerdən hələ də qan axır. Bu müqavilədən sonra isə tək sevinən ermənilər oldu. Çünki “Türkmənçay” müqaviləsindən sonra Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıldı. “Türkmənçay” müqaviləsindən əvvəl ermənilər  sərgərdan bir toplum olublar. Buna görə də tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırlar. Yaşanan tarixi ədalətsizliyə baxmayaraq, Azərbaycan yenə ayaqda durdu və öz müstəqillik mübarizəsinə davam etdi. Nəhayət XX əsrin əvvəllərində Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda müsəlman Şərqinin ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Müstəqillik əldə edən Azərbaycan odu əldə edərək insanlara bəxş edən Prometey kimi, bəlkə də ondan da artıq sevincli idi. Çünki azadlıq var olmaqdır, yaşamaqdır, yaşatmaqdır. Təəssüf ki, o zaman  bu sevincimiz cəmi 23 ay davam etdi. Azərbaycan yenidən bolşevik rusların əsarəti altına düşdü. Prometey kimi o da cəzalandırıldı. Amma onun cəzası 30 il yox, 70 il davam etdi. Bu illər ərzində xalqımızı öz dilindən, milli - mənəvi dəyərlərindən ayırmaq istəyənlərin millətimizə  yaşatdıqları bütün çətinliklərə, zülmlərə baxmayaraq Azərbaycan daim ayaqda durdu. Qolumuza vurulan 70 illik zəncirin ilk halqası 1990-cı ilin noyabr ayının 17-sində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılan  üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının dalğası ilə qırıldı. 1991-ci ilin oktyabrın 18-də isə  müstəqilliyimiz yenidən bərpa edildi. Bu dəfə onu buxovlayan zəncirləri tamamilə qıran xalqımız  min bir çətinliklə yenidən öz müstəqilliyinə qovuşdu. 

Azərbaycanın dünyaya bir günəş kimi doğacağından qorxanlar yenə də boş durmadılar. “Türkmənçayın övladları”nın arxasında dayanan qüvvələr bu dəfə də Qarabağımıza göz dikdilər. Yenicə müstəqillik əldə edən və hələ ordusu formalaşmamış bir ölkəyə göz dağı vermək üçün Qarabağı işğal etməklə qalmayıb insanlıq tarixində misli görülməmiş cinayətlər törətdilər. Odlar yurdu düz 30 il bu nifrət alovuyla alışdı, amma kül olmadı, qığılcım alıb  yenidən doğdu. Nəhayət ordumuz illərin qisasını alaraq 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük müharibədə  düşməni ona bəslədiyi nifrət alovuyla yandırıb külə döndərdi. Azərbaycan oğullarının odlu nəfəsindən çıxan bu yanğın düşməni öldürdükcə Qarabağa can gəlirdi. İşğalçıdan  təmizlənən ana yurd gül-çiçək açaraq payız fəslində azadlığın xoş ətirli baharını yaşayırdı. Vətən torpağı igidlərimizin qanı ilə sulandıqca müqəddəslik qazandı, and yerimizə çevrildi. Qarabağına qovuşduqdan sonra artıq Azərbaycanda bütün fəsillər dirilişi xatırladan yaz fəsli kimidir. Azərbaycanın işğal olan torpaqlarında açan azadlıq çiçəkləri bütün dünyanı heyrətə saldı. Çünki biz təkcə zəfər qazanmadıq, biz arxamızda dünyanın öyrənə biləcəyi çox izlər buraxdıq. 

Bir illik zəfər tariximizdə Şuşa dastanının isə ayrı bir yeri var. Sıldırım qayalara dırmanan vətən oğulları öz yarına qovuşmaq üçün qayaları yaran Fərhaddan daha güclü və cəsarətli idilər. Onların da mübarizəsinin təməlində də daha güclü, daha böyük bir sevgiliyə qovuşmaq vardı.  Bu “yar” əzəmətini dağlardan alan, vüqarı və qüruru ilə göz oxşayan Şuşa idi. O Şuşa ki özündə tariximizin min illik izlərini daşıyır.  O Şuşa ki Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin səsini, dahi Üzeyirin musiqisini illərdir qoynunda saxlayır. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə yüzlərlə tarixi şəxsiyyətlər bəxş edərək muğamımızın beşiyinə çevrilib. O Şuşa ki adında özü boyda tarixi yaşadır. Bu sevgili uğrunda qayalara dırmanan igidlərimiz topun, tüfəngin qarşısına süngü-bıçaqla çıxdı. Dünya bu sevda qarşısında heyrətdən dondu, dili tutuldu. Çünki burada haqqı, ədaləti bərpa edən igidlərimiz, eyni zamanda bir məhəbbət dastanı yazırdılar. Elə bir dastan ki bundan sonar da dünya tarixində dillərdən düşməyəcəkdir. Bu savaşda insanlıq tarixində cəsarətin, gücün, ağlın, yenilməzliyin simvoluna çevrilən Prometeyin ruhu da Azərbaycan igidlərinin qarşısında baş əydi. Öz dözümlülüyü, mübarizliyi, qorxmazlığı,  cəsarəti, igidliyi ilə yenilməzlik simvoluna çevrilən xalqımız oddan-atəşdən qorxmayan Simurq quşu kimi dəfələrlə atəşə atılsa da, yanmadı, sönən odun külü içərisindən dirilib çıxdı. Artıq Azərbaycan bayrağı bir qartala dönüb Qafqaz dağlarının ən yüksək zirvəsində qanad çalır.

  İlahə Allahverdiyeva
 Naxçıvan Dövlət Universitetinin "Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR