27 Dekabr 2024, Cümə

Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarixboyu öz müstəqil dövlətini yaratmaq, onu qorumaq, inkişaf etdirmək amalı ilə daim mübarizə aparmışdır. Xalqın qəhrəmanlıq ənənələrini özündə əks etdirən bu mübarizə ağır sınaqlardan keçmişdir. Zəngin dövlətçilik ənənələrini özündə yaşadan xalqımız, nəhayət, ötən əsrin 90-cı illərində öz müstəqilliyinə yenidən qovuşdu. Lakin müstəqilliyi əldə etmək nə qədər zəruridirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan daha vacib, çətin və şərəfli işdir.

 

Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin mürəkkəb və təlatümlü dövrü idi. Ölkəni düşdüyü böhranlı vəziyyətdən güclü lider və mütəşəkkil siyasi qüvvə çıxara bilərdi. Azərbaycanda belə bir lider, görkəmli şəxsiyyət və dövlət xadimi ulu öndər Heydər Əliyev idi. Onun ətrafında bütün ölkə ziyalılarının, vətənsevərlərin toplaşdığı partiya isə Yeni Azərbaycan Partiyası oldu. Beləliklə, 21 noyabr 1992-ci il şanlı tariximizin ən əlamətdar təqvimlərindən birinə çevrildi. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.
Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışmış, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atmışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur. Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması da bu yolda qəbul edilən ən mühüm qərarlardan idi. Naxçıvanda görülən işlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etmişdi.
Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi ortaya çıxdı. Hakimiyyət uğrunda mübarizə, səriştəsiz siyasət, dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – partiyanın yaranması zamanın tələbi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın bir qrup görkəmli ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə ulu öndərdən ölkənin bütün sağlam qüvvələrini birləşdirən bir siyasi təşkilata rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da həmin ziyalıların “Səs”qəzetində ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciətinə cavab məktubunda ümummilli liderin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. Xalqımızın dahi oğlu o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edirdi. Ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək demişdir: “O vaxt, əlbəttə ki, partiyanın yaranması yalnız ayrı-ayrı şəxslərin, bu partiyanın yaranmasında çox təşəbbüs göstərmiş insanların, o cümlədən təkcə mənim xidmətim deyildi. Yeni Azərbaycan Partiyası ovaxtkı vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Bu partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət, sizin hamınıza məlum vəziyyət bizi düşündürürdü. Ona görə də bir tərəfdən biz hesab edirdik ki, partiyanı yaradaraq, biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, ölkənin belə bir ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət bu partiyanın yaranmasına gətirib çıxardı”.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni dövrün əsasını qoydu. Həmin tarixdən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başladı. Keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası namizədlərinin üstünlük qazanmaları partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, Azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.
Bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri partiyanın təməl prinsipləridir. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir.
Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, – deyən ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu, öncəliklə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı. İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Çünki Yeni Azərbaycan Partiyası qələbələr, uğurlar partiyasıdır.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin liderlik amili mühüm rol oynayır. Azərbaycan xalqının ölkə başçısı ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inamı gücləndirib. Cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının üzərində yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern idarəetmə platforması formalaşdırıb. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal idarəetmə formulu müəyyən edib.
Yüz minlərlə yeni iş yerlərinin açılması, əməkhaqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.
Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixi Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu müharibənin qalibləri Ali Baş Komandan cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Ən əsası isə Yeni Azərbaycan Partiyasının təməl prinsipi olan xalq-lider-ordu birliyi bu şanlı Qələbəni təmin etdi.
2021-ci il mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin Vətən müharibəsində Tarixi Qələbəsi ilə nəticələnən və ölkəmizlə bağlı dünyada yaranmış yeni reallıqlar dövrünə təsadüf edir. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yeniləşmiş formatda qədəm qoyur. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı... İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.
Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edilmiş, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının Sədri, müavini və üzvləri seçilmiş, eləcə də 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmuşdur.
Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması, partiyanın rəhbəri, ulu öndər Heydər Əliyevin xalqın çağırışı və təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynamışdır. Ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir.
Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun davam etdirilməsidir. Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Bu gün 58 minə yaxın partiya üzvünü öz sıralarında birləşdirən muxtar respublika təşkilatı muxtar respublikada siyasi aktiv əhalinin 18 faizini təşkil edir.
Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb. Bütün bunlar isə Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinin uğurlu nəticələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri partiyanın muxtar respublika təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir: “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.
Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində dahi lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin siyasi partiyası kimi ölkəmizin inkişafına güclü təsirini bundan sonra da davam etdirəcəkdir.

Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatının İcra Katibliyi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR