06 Dekabr 2024, Cümə

Ana yurdum Azərbaycanın Qarabağ guşəsindən, Qızılboğaz dağının fövqündən, şərəfli tarixin minillik əzəmətindən boylanan, Laçınım, Zəfər ətirli bir ilin, azadlığın və hürriyyətin mübarək olsun. Yurdunda “Qaranlıq kaha”, “Bayqara” mağaraları ilə ilk insanın səsindən, nəfəsindən xəbər verən, Ağoğlan qəsri, Dəmrovlu Pir məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar gümbəz abidələri ilə türk xalqının əsrlərə sığmayan mədəniyyətini özündə yaşadan, köksünü Sarı Aşığın şəninə qoşduğu bayatılara məskən edən, Vətənimə Ələsgər Novruzov, Əvəz Verdiyev, Fazil Mehdiyev, Kamil Nəsibov, Oqtay Güləliyev, Qorxmaz Eyvazov kimi Milli qəhrəmanları bəxş edən, İkinci Qarabağ savaşımızda bir mərmi belə, atmadan düşmənin murdar ayağını biabırcasına torpağından dəf edən qəhrəmanlar yurdum, məğrur qalam. Bir il ötdü o qürur duyduğumuz, xeyirin şər üzərində qələbə çaldığı, azadlıq sözlərinin sənin də taleyinə yazıldığı 1 dekabr tarixindən. Bir daha səni bütün xalqım adından salamlayıb, gözün aydın olsun,– deyirəm...


Tarix çox şeylərə şahid olub, çox hadisələr görüb, Laçınım. Vaxtilə bol ruzili bağların, min adda naz-nemətin XX əsrin 70-ci illərində ana Həkərinin laylasıyla böyümüş, yalçın qayaların dəyanətindən dərs almış zəhmətsevər, qoçaq xalqının sayəsində sənin də tarixində şad-xürrəm keçən dövrlər kimi xatırlanır. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşələrinə, digər tərəfi isə Zəngəzur dağlarına söykənən bənzərsiz, tayı-bərabəri olmayan torpaqların həmin illərdə ulu öndərin məqsədyönlü siyasəti ilə tezliklə dirçəldi. 1970-1980-ci illərdə, qısa zaman kəsiyində sosial-iqtisadi inkişafın sürətlə irəlilədi, yüzdən artıq kəndinə avtomobil yolu, su kəməri, işıq çəkildi, Şuşaya gedən yolun əsaslı təmir edildi, çoxsaylı sosial obyektlər inşa olunaraq xalqının ixtiyarına verildi. Bir sözlə, elimizin Vətən, xalq qədir-qiyməti bilən oğulları tez bir zamanda sənə inkişaf və tərəqqi siması qazandırmaqla regionun ən gözəl şəhərlərindən birinə çevrildi. Lakin illərlə ocağımızın başında əyləşib, çörəyimizdən yeyib, suyumuzdan içən xain düşmən məkrli istəklərlə, xam xəyallarla və işğalçılıq arzuları ilə Qarabağın üzərinə hücum etdi. Çətindir, Laçınım, çox çətindir həmin illərə qayıtmaq. 1992-ci il 18 may tarixdə səninlə birgə Xocalıdan, Şuşadan sonra növbəti dəfə yenə qəlbimiz qubar bağladı, ümidlərimiz puç oldu, arzularımız sanki bir quş qanadında ərşə ucaldı. Çünki bu tarix Xocalı kimi mərd igidlər yurdundan, Şuşa kimi elm-irfan ocağından sonra səni də bizdən aldı. Bu qanlı işğal nəticəsində 264 nəfər qorxmaz qəhrəmanın şəhidlik zirvəsinə yüksəldi, yurdundan 65 nəfər övladın girov götürüldü, mindən çox soydaşın öz ata-baba ocağından sürgün olundu, 103 nəfər isə ömürlük sağlamlığından məhrum edildi. İllərlə daşı daş üstə qoyub yaratdığın isti ocaqların, “Allahu-Əkbər” sədaları ilə dolub-daşan məscidlərin, körpə fidanlarını hər zəng səsində bilik öyrənməyə səsləyən məktəblərin bir göz qırpımında düşmən tapdağı altında xarabazara çevrildi. Ucu şişpapaqlı dağlarının qarlı ətəklərindən başlayaraq hər gün ürəklərə yol tapan, ruzi-bərəkət ətirli tarlalarına hər səfərində həyat bəxş edən Həkəri çayının zümzümə dolu şux sədaları öz yerini qulaqbatıran nalələrlə, həsrət yanğısı ilə könüllərdən qopan, hər sətrində Vətən sevgisi, yurd hicranı hiss edilən şeirlərlə, bayatılarla əvəz olundu. Bir zamanlar cənnət guşəsini xatırladan meşələrində, oylaqlarında, yaylaqlarında sənə həmdəm olan övladların qaçqın, məcburi köçkün adını daşıyaraq sənə dönəcəkləri vüsalı heç zaman qəlblərində sönməyəcək ülvi ümidlərlə ayrıldılar öz isti yurd-yuvalarından. Tək təsəlliləri isə xalqını sevən Vətən oğullarının, öz soydaşlarının onlara sirdaş olması, qulaqlarına inamla pıçıldadıqları “Bir gün Laçına qayıdacaqsınız” sədaları oldu.
El həsrəti, torpaq yanğısı ilə keçən 30 ilin xatirələrindən, acılı günlərindən çox danışmaq olar, Laçınım, çox danışmaq olar. Amma gəl səninlə uzun illərin nisgilindən sonra Zəfər ətrinin doğma Azərbaycanımızın hər qarışına yayıldığı, mərd oğullarımızın sarsılmaz rəşadəti, Ali Baş Komandanın qətiyyətli addımı və xalqımızın “Dəmir yumruq” kimi birləşib əsl hünərvərlik, vətənpərvərlik nümayiş etdirərək dünyaya səs saldığı o həmin tarixdən danışaq – 2020-ci ilin sentyabrında ordumuzun əks-hücumu ilə başlayan 44 günlük şanlı Qarabağ zəfərindən. Sən həmin günləri daha yaxşı xatırlayarsan, bilirəm. İgid oğullarımızın düşmənin canına vahimə salan “Qarabağ Azərbaycandır!” sədalarını ilk eşitdiyin andan illərdir, qəlbində saxladığın ümidlərin, xəyalların heç də puç olmadığını anlamışdın. Birlik və bərabərliyimizlə yaratdığımız, şəninə şeirlər yazılıb, nəğmələr qoşulan “Dəmir yumruğ”un zərbəsi ilə düşmən biabırcasına imzaladığı üçtərəfli Bəyanatla səni, sənin timsalında işğal altında olan torpaqlarımızı doğma xalqımıza, Azərbaycanımıza, bir sözlə, əsl sahibinə qaytardı. Bəlkə də, bu cılız simalı erməni “millətinin” öz tarixində atdığı ilk və son ağıllı addım idi, Laçınım. Çünki anlamışdılar ki, saxta iddialar, sərsəm xəyallar üzərində qurulmuş heç bir şey sonuna qədər sürə bilməz...
Torpağımın zümrüd qaşlı bəzəyi, dağ vüqarlı, Laçınım, artıq sənin timsalında olan digər rayonlarımız kimi, əzəli-əbədi yurdumuz olan Qarbağımız da azadlığa qovuşduğu bir ilin sevincini yaşayır. Bu sevincə qovuşmaq vüsalı nə az, nə çox düz 30 il bizi sənin ətrindən, Şuşanın, Kəlbəcərin gözoxşayan mənzərələrindən, Füzulinin, Qubadlının, Cəbrayılın minillik əzəmətli tarixindən ayrı salmışdı. Düşmənin tapdağı altında qalmış torpaqlardan xarıbülbülün nalələri, güllələnmiş heykəllərin əlacsız, süzgün baxışları, eşidilməyən hayqırtıları xalqını da sənin qarşında xəcalətli etmişdi. Ancaq pis günün ömrü az olur, – deyiblər. Belə də oldu. İllərdir, qəlbimizdə nisgil bağlamış bu hicran alovu ilə düşmənin yurdumuza uzatdığı əllərinə qor basıb üçrəngli bayrağı azadlıq və hürriyyətin hopduğu o gül camalından asmağa müvəffəq oldu igidlərimiz. Qəribə deyilmi, Laçınım? 30 il müddətində Qarabağın bir çox yerlərində düşmənin qurduğu və sarsılmaz qala sandığı istehkam məntəqələri düz 44 gün ərzində rəşadətli ordumuzun sarsılmaz gücü, qüdrəti sayəsində məhv edildi. Cəmi 44 gün... Üzdəniraq qonşumuz Ermənistanın qüdrətli sandığı o “yenilməz” ordusunun atıb qaçdığı silah-sursatları, hərbi texnikaları qənimət kimi Bakımızın mərkəzində ordumuzun yenilməzliyini dünyaya çatdıran həqiqət guşəsi, məğrurluq rəmzidir bu gün. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən bir il müddətində Qarabağın hər bir guşəsində görülən işlər, icra olunan uğurlu layihələr isə hər birimiz üçün qürurlu addımdır. Belə ki, ölkə başçısı bir neçə dəfə Qarabağın işğaldan azad edilmiş rayonlarına səfər etmiş, burada başlanan bərpa, abadlıq və quruculuq işlərinin, tikilib istifadəyə veriləcək yeni infrastrukturların tarixi əhəmiyyətini dəfələrlə vurğulamış və sözügedən uğurlu addımların davamlı xarakter alacağını diqqətə çatdırmışdır. Bu isə həmin çiçəklənmənin, inkişafın, tərəqqinin canlı şahidi olaraq səni və xalqımızı yenilməz mübarizələrə səsləyən ən gözəl addımdır.

Azadlıq şirin nemətdir, Laçınım. Gəl səninlə birgə xəyallarımızı qaldıraq azad Vətən səmalarına, üçrəngli bayrağı yoldaş bilək özümüzə. Gələcək xoş günlərindən, işıqlı sabahlarından, günü-gündən gülüstana çevrilən məmləkətinin uğurlarından, övladlarının hər açılan sabahı inamla qarşılamasından danışaq saatlarca. Daha qayıtmayaq taleyindəki qanlı-qadalı illərə. O müstəqillik qoxan asimanından hayqıraq dünyaya, salam verək qayalara, dırmanıb Şuşanı alan şəhid qəhrəmanlara. Könül xoşbəxtliyi ilə deyək ki, Qarabağ Azərbaycandır!

Məcid RƏŞADƏTOĞLU

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR