06 Dekabr 2024, Cümə

Yeni nəşrlər

O, əzəl gündən qəzetə könül verib, ürəyinin bağlı qapılarını yazının üzünə taybatay açıb. Qələm, vərəqlə baş-başa qalanda, qəlbinin dərinliklərindən süzülən sətirləri onlarla bölüşəndə, sanki dünyaya yenidən gəlib. Bəli, “Şərq qapısı” qəzeti deyəndə siması göz önündə canlanan Muxtar Məmmədovdan xəbər verir bu sətirlər... O, 100 yaşlı qəzetdə ömrünün 20 ilini şam kimi əridən əsl mətbuat fədaisi, həmişəyaşar mətbuatımızın salnaməsində özünəməxsus dəstxəti olan, jurnalistikada tapdanmış yollarla getməyən, cəsarətlə yeniliyə can atan kamil qələm sahibidir. Muxtar Məmmədov məsul katib kimi qəzetin məzmunlu, maraqlı, oxunaqlı dərc olunmasında, oxucuların rəğbətini qazanmasında biliyini, bacarığını, qələmini əsla əsirgəmir. Jurnalistikanın “əlifbası”ndan başlayaraq  bütün qəzet janrlarında yazmağı gənc jurnalistlərə səbirlə öyrədən, onların qələmini cilalayaraq püxtələşdirən, yazılarına yaşıl işıq yandıran və çapına rəvac verən Muxtar Məmmədov hər birinin uğuruna öz övladıtək ürəkdən sevinir.

 

“Hər hansı mövzunu yetərincə, tamam-kamal öyrənəndən sonra qələmə alın, çalışın yazınız həm dərin, həm də oxunaqlı olsun. Oxucunu özünə cəlb etsin, maraqlandırsın, məlumatlandırsın. Jurnalistikada hər janrın öz yeri var, “quru”, maraqsız mövzu yoxdur. Əsas məsələ necə yazmaqda, jurnalistin hər bir janrda qələmini işlətmək, sözünü sərrast, təsirli demək bacarığında, istedadındadır. Siz janrın tələbləri səviyyəsində yazılan məqalələrdən nümunə götürün və cəsarətli olun. Yəni öz sözünüzü yerində deməyi, dərin, oxunaqlı, maraqlı yazmağı öyrənin, çalışın qələminiz püxtələşsin” kimi dəyərli məsləhətləri ilə gənc jurnalistlərin yoluna işıq saçan Muxtar müəllimin qələm tutmağı öyrətdiyi, yetişdirdiyi neçə-neçə jurnalist bu gün respublikamızda müxtəlif məsul vəzifələrdə çalışır.
Mətbuat fədaisinin həssaslıqla qələmə aldığı yazılardakı canlılıq, lirika, səmimiyyət onun təbiətindən xəbər verir. Müəllifin “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam”, “Azadlığı istəmədik zərrə-zərrə” kitabları, oçerkləri, hekayələri, esseləri, müsahibələri onun özünəməxsus sənət taleyinin əbədi səhifələridir. Fədakar yaradıcı əməyi ilə halal sənətkar ömrü yaşayan, yüksək ziyalı mədəniyyəti ilə nüfuz qazanan, “Şərq qapısı” qəzetinin “zərgərlərindən” olan Muxtar Məmmədovun yaxın günlərdə işıq üzü görən “İllər, sizdə nəyim qaldı...” kitabı da mənəvi saflıq, həssaslıq və mərhəmət kimi insani keyfiyyətlərin təlqin olunduğu dəyərli mənbədir.
Bir nüansa toxunmadan keçmək istəmədim. Müəllifin “İllər, sizdə nəyim qaldı...” sualının cavabını bilmirəm, amma quş qanadlı illər bu mətbuat fədaisinə nələr vermədi ki... 20 il mətbuatda keçən ömür Muxtar Məmmədova neçə-neçə övladlar qazandırdı. Hansı ki bu gün muxtar respublikamıza öz töhfəsini verən həmin övladlar böyük qələm sahibinin zəhməti, səbri, əməyi və təcrübəsinin bəhrələridir. Bir də illər ona başucalığı verdi. Hansı ki ona başucalığı gətirən elə onun xeyirxah əməlləridir.
Vərəqlədikcə vərəqlənən, oxunduqca oxunan “İllər, sizdə nəyim qaldı...” kitabının hər sətri, hər misrası elə həssas duyğularla qələmə alınıb ki... Dörd fəsildən ibarət olan kitabın “Dünyada nə qədər kitab var belə...” başlıqlı bölümündə yer alan maraqlı yazılardan biri 20 ildən çoxdur ki, jurnalist kimi fəaliyyət göstərən filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovanın müəllifi olduğu “Müasir Naxçıvan” kitabına həsr edilmiş təhlili məqalədir. Muxtar Məmmədovun “Müasir dövrün Naxçıvan ensiklopediyası” adlandırdığı kitab haqqında “Kitabda toplanılan yazılar bir tərəfdən dövlətçiliyimizin təşəkkül tapdığı Naxçıvan haqqında müəllifin həqiqi mənada “Naxçıvannaməsi”dirsə, digər tərəfdən qədim diyarımızın tarixləşdirilərək salnaməsinin yaradılması, gələcək nəslə mətbuat vasitəsilə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir” kimi fikirləri kitabın mahiyyətini aydın şəkildə ifadə edir.
Həmin fəsildə naxçıvanlı alim, şair və yazıçıların müəllifi olduğu kitablar haqqında Muxtar Məmmədovun qələmə aldığı düşüncələr oxucunu həmin dəyərli mənbələrlə yaxından tanış olmağa sövq edir. Bu sırada AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin baş redaktorluğu ilə işıq üzü görmüş “Molla Nəsrəddin” ensiklopediyası, professor Hüseyn Həşimlinin, Əməkdar jurnalist Hüseyn Əsgərovun, şairlər Xanəli Kərimlinin, Asim Yadigarın kitabları və əsərləri barədəki fikirləri müəllifin ədəbi mühitimizlə yaxından maraqlanmasının ifadəsi kimi diqqəti çəkir.
Qocaman jurnalistin müəllifi olduğu kitabın növbəti fəsli “İnsanlar və talelər”dir. Bu fəsildə yer alan “Bir ziyalı ömrünə yazılanlar” adlı məqalədə 34 ildən artıq məktəb direktoru vəzifəsində çalışan, ömrünü şagirdlərinin yolunda şam kimi əridən Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynovun həyat yolundan bəhs olunur. Hər bir insanda yüksək şüurun, Vətən sevgisinin, torpağa məhəbbətin və ali mənəviyyatın olmasını vacib bilən müəllif “Hər birimiz üçün 44 rəqəmi müqəddəslik rəmzinə çevrilib”, “Ölüm sevinməsin qoy”, “Vətən bir ocaqsa, şəhidlər oddur” adlı portret oçerklərdə Qarabağ döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş oğullarımızın yarım qalmış həyatını və keçdiyi şərəfli döyüş yolunu həssaslıqla qələmə alıb.
Kitabı vərəqlədikcə burada diqqəti bir amil cəlb edir. Müəllif baş vermiş hadisələri təhlil süzgəcindən keçirərək, ən incə detallara toxunaraq oxucuya faktlarla çatdırır. Kitabın “Müsahibələr” adlı fəsli muxtar respublikamızın inkişafında fədakar əməyi və zəhməti olan ziyalılarımızın, elm adamlarımızın tükənməz xəzinə olan dəyərli fikirləri, məsləhətləri oxucuların yolunu işığa, aydınlığa aparır. Burada diqqətçəkən məqalələrdən biri Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, mərhum Hüseyn Həşimli ilə “Kitab mütaliəsi, müasir internet texnologiyaları və sosial media” adlı müsahibədir. Ali Məclis Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın təhlili üzərində qurulmuş müsahibədə Hüseyn Həşimlinin mütaliənin mahiyyəti, cəmiyyətdə yeri, insan həyatında əhəmiyyəti haqqında dəyərli məsləhətləri oxucunun mütaliəyə marağını və tələbatını artırmaqda mühüm rol oynayır.
“Həmkarlarım deyirlər ki”... Müəllifin xeyirxah insan, sədaqətli dost, vəfalı yoldaş olduğundan xəbər verən bu fəsildə isə təsirləndiyim yazılardan biri “Sizə kimdən danışım” adlı məqalə oldu. Müəllifi Azərbaycanın Əməkdar jurnalisti Mətanət Məmmədova olan “Naxçıvanın publisistik xəritəsi” kitabında da yer alan həmin məqalədə söz yükünün altına çiyinlərini verən Muxtar Məmmədovun ərtaf aləmdə olanları nə qədər gözəl müşahidə edib yazılarında sətirlədiyindən, muxtar respublikamızı qarış-qarış gəzib, abad, gözəl şəhər, kənd və rayonlarımızın sosial-iqtisadi, mədəni həyatını yazılarına köçürdüyündən, milli dəyərlərimizin, adət-ənənələrimizin çox yaxşı bilicisi olduğu üçün onu bu günə daşıdığından bəhs edilir.
Kitabı vərəqlədikcə Muxtar müəllimin qələm yoldaşlarının qələmə aldığı onunla bağlı fikirləri, xatirələri mətbuat fədaisinin nə qədər sədaqətli, sadiq, həssas, təvazökar, xeyirxah, yardımsevər insan olduğundan və həmin ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsini fəth etdiyindən xəbər verir.
Deyirlər, çörəksiz yaşamaq olar, amma xeyirxah insanlarsız yaşamaq mümkün deyil. O insanın ki amalı, məqsədi, məsləki, əqidəsi, ancaq xeyirxahlığa yönəlib, çətinliyi olan hər kəsin əlindən tutub, dadına çatıb, ona ümid edənləri naümid qaytarmayıb, o insan əməli xeyirlə yoğrulmuş ali insandır. Qəzetimizin ağsaqqalı, qocamanı, nəsihətamiz fikirləri ilə biz gənclərin yoluna çıraq olan Muxtar Məmmədov da belə insanlardandır. Qəzetimizin “zərgəri” Muxtar müəllimi “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr etdiyi “İllər, sizdə nəyim qaldı...” adlı söz xəzinəsinin işıq üzü görməsi münasibətilə təbrik edir və evimiz olan qəzetimizin neçə-neçə yubileylərinə neçə-neçə kitablar hədiyyə etməyini arzu edirik.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR