23 Oktyabr 2024, Çərşənbə

Gurultu səsinə oyandı Xarıbülbül, yuxulu – yuxulu boylandı ətrafa. Bu səsi çox tez- tez eşidərdi, hər dəfə eşidəndə “bəlkə qayıtdılar...” deyə bir fikir gəlirdi ağlına, amma tez özündən uzaqlaşdırırdı “bəlkə...” fikrini. Yorulmuşdu yol gözləməkdən, yorulmuşdu ümid etməkdən, həm də çox yorulmuşdu....

 

30 il idi... 30 il idi ki, gözü yollarda qalmışdı Xarıbülbülün, 30 il idi ki, səbrlə gözləyirdi, bəzən ümidi tamam tükənirdi, daha geri dönməyəcəklər deyə düşünürdü, amma hər gurultu səsi eşidəndə “bəlkə qayıtdılar...” deyə yenə boylanırdı ətrafa, ümidi gah artır, gah azalır, gah da yox olurdu.

Bu dəfə uzun çəkdi gurultu səsi, get- gedə də yaxınlaşırdı...Səs- küy çoxalır, həyəcanı artırdı Xarıbülbülün. Bir an dondu qaldı Xarıbülbül...Aman Allah, bu səslər...

Bu səs onun igidlərinin səsi idi, bu səs Vətən səsi idi,necə doğma idi bu səslər, necə əziz idi...Səsə tərəf qaçmaq istədi, ayaq açıb yerimək istədi, quş olub uçmaq istədi Xarıbülbül...

Gözlədi...Gözlədi...Getdikcə daha aydın eşidilirdi səslər. Doğma elə, obaya,doğma səsə, nəfəsə otuz il həsrət çəkmiş Xarıbülbülün otuz saniyə gözləməyə səbri çatmırdı. Görmək istəyirdi onu xilas etməyə gələnləri, görmək istəyirdi alnındakı ləkəni təmizləməyə gələnləri, mənfur düşmənin başını əzənləri, ölümü gözə alanları, qayəsi “Vətən“ olanları, qeyrətli oğulları görmək istəyirdi. Budur, get- gedə yaxınlaşırdılar...Artıq tanıya bilirdi onları Xarıbülbül...

Öndə gələn Anar Əliyev idi, “Biz qalib gələcəyik“ deyib igidlərinə təlimatlar verən... Xudayar idi gələn, “Vətən yaxşıdır“ deyib düşmənin üstünə cəsarətlə gedən... Cabbarov Seymur idi gələn, “Qisasımızı alırıq“ deyib düşmənin canına vəlvələ salan... Dövlətzadə Cəbrayıl idi gələn, düşməni əlləri ilə boğmağa hazır olan...Çox idi gələn igidlər, çox idi Vətənimin qeyrətli oğulları...Amma Xarıbülbül artıq heç nə görmürdü, sevincindən nə hiss etdiyini anlaya bilmirdi, qol- qanad açıb uçmaq istəyirdi vətən övladlarına tərəf, hamısını tək- tək qucaqlamaq istəyirdi, bağrına basmaq istəyirdi, otuz il həsrət çəkdiyi övladlarının qoxusunu duymaq istəyirdi Xarıbülbül...

Elə həmin an güclü partlayış baş verdi, dünya gözündə qaraldı Xarıbülbülün...Ona çatmağa lap az qalırdı ki, igidin biri kökündən kəsilmiş ağac kimi yerə düşdü, Xarıbülbülün düz yanına düşdü...Gözünü son dəfə açdı igid,göz-gözə gəldi Xarıbülbül ilə, gülümsədi igid, arzusuna çatmışdı, xilas etmişdi illərdir həsrətini çəkdiyi Xarıbülbülü...Dodaqlarından üç kəlmə söz süzüldü igidin “Sən azadsan, Xarıbülbül“  və əbədi yumdu gözünü igid. Ürəyi dözmədi Xarıbülbülün, yavaş- yavaş əyildi igidə tərəf, tikanlı qönçəsiylə öpdü igidin alnından, “ Şəhadətin mübarək, igid “ dedi Xarıbülbül...

Artıq bir il ötür, Zəfərimizin bir ili, bütövlüyümüzün, tamlığımızın bir ili, kədərimizin qürurumuza qarışdığı bir il...İllərin həsrəti bitib, qovuşub elinə, obasına Xarıbülbül, amma qəmgindir, üzü heç gülmür, onu xilas etmək üçün canından keçib şəhid olanları, sağlamlığını itirənləri unuda bilmir Xarıbülbül. Qüruru, fəxri qədər ürəyindəki kədəri də böyükdür Xarıbülbülün...

Şəhid məzarlarına aparılır Xarıbülbül, məzar daşından qürurla ona baxan şəhidindən utanır Xarıbülbül, şəhid yaxınlarının acısını hiss etdikcə sıxılır, özünü günahkar bilir, boynunu bükür, gizlənmək istəyir ... Sonra “Vətən sağ olsun“ deyən şəhid atasının, “Bütün balalarım Vətənə qurbandır“ deyən şəhid anasının, “Mənim atam qəhrəmandır“ deyib göz yaşını silərək gülümsəyən körpələrin səsini eşitdikcə sıxıntısı keçir, qamətini düzəldir, qürurla boylanır ətrafa Xarıbülbül.

    44 günlük Vətən müharibəsi başlayanda böyüyündən kiçiyinə qədər hər bir vətən övladı

    Vətən bağı al, əlvandır,

                Var içində Xarıbülbül

- deyə  zümzümə etməyə başladıq, müharibə başlayan kimi ətri gəldi burnumuza Xarıbülbülün, Çünki Prezidentimizin düzgün siyasətinə, Ordumuzun gücünə, xalqımızın birliyinə hamımız inanırdıq. Bilirdik ki, buradan geri dönüş yoxdur, bilirdik ki, geri dönüş olsa bir daha əsla qovuşa bilməyəcəyik Qarabağımıza, üzünü görməyəcəyik Xarıbülbülün, ruhu şad olmayacaq Xan qızının,ömür boyu həsrət qalacağıq gözəl Şuşamıza...Bu düşüncələr bizi “bir “ etdi, bu düşüncələr bizi “tək ürək“ etdi, bu düşüncələr bizi otuz il həsrət qaldığımız torpaqlarımıza qovuşdurdu. Zəfər çalındı, həsrət bitdi...

Qarabağın, Xarıbülbülün həsrəti bitdi, amma “oğul  həsrəti“, “yar həsrəti“, “ata həsrəti“, “dost həsrəti“ bürüdü qəlbimizi, Bu həsrətin sonu yoxdur, müddəti yoxdur. Bu həsrət heç bitməyəcək, illər keçəcək, amma şəhidlərimizin acısı qəlbimizi həmişə əzəcək. Bizi bütöv Azərbaycanın vətəndaşları edənləri, həsrətimizə qovuşduranları heç vaxt unutmayacaq, qəlbimizdə onları əbədi yaşadacağıq, unutmayacağıq ki, onlar daim yaşaya bilsinlər...

Və sən,Xarıbülbül,  “Dəmir yumruq“ əməliyyatının ilham mənbəyi, böyük bir xalqın otuz illik həsrəti, Ağabəyim ağanın nisgili, Fətəli xanın çarəsizliyi, sədaqətin, vəfanın adı, qazimin kəsilən əli, ayağı, şəhidimin qanı, övladını qurban verən anamın qurumayan göz yaşı,itkin oğlunu axtara-axtara yorulan atamın çarəsizliyi, yar yolu gözləməkdən gözünün kökü saralan bacımın nakam sevdası, “ ata “ qayğısına həsrət qalan körpəmin cavabsız sualları, bütöv bir millətin ən çox sevdiyi nadidə Çiçək... Sən heç solma, sən həmişə var ol, sən həmişə çiçəklən ki, qəlbimizə bir də heç vaxt həsrətin düşməsin, sən var ol ki, bizim yaddaşımız bizə dönük çıxmasın, unutmayaq səni bizə qovuşduranları, unutmayaq səni bizə qovuşdurmaq üçün çəkilən əziyyətləri... Unutmayaq ki, daim var ola bilək.

Şair olsaydım, Xarıbülbül, səni vəsf edən dəyərli şeirlər yazardım, səni nəzmə çəkər, şirin- şirin misralara sığdırardım səni...Amma mən müəlliməm, Xarıbülbül, dilim döndükcə səni şagirdlərimə anladacaq, səni xilas edənləri, vətəni bütövləşdirənləri onların yaddaşına yazacaq, Vətənimin qeyrətli oğullarını unutdurmayacaq, əziz xatirələrini daim hörmətlə və qürurla yad edəcəyəm. Bu da mənim sənə sözüm olsun, Xarıbülbül ! Müəllim sözü... !

 GÜNEL BAĞIROVA

Naxçıvan Qarnizonu tam orta məktəbin

 Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR