16 Sentyabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfər cəngi” adlı rəsm sərgisi keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, 27 sentyabr tarixindən başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və illərdir, həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Bu böyük Zəfərin qazanılmasında Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin siyasi, qətiyyətli iradəsi və vətənpərvər oğullarımızın şücaəti, qəhrəmanlığı böyük rol oynadı. Ölkə­mizin digər bölgələri kimi Naxçıvanın da qeyrətli oğulları müharibədə qəhrəmanlıq, fədakarlıq nümayiş etdirdilər, çoxlu şəhidlər verdik. Qəlbi, ruhu Vətən, torpaq, yurd sevgisi ilə yoğurulmuş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvanlı rəssamlarımız çəkdikləri rəsm əsərləri ilə onların ruhunu əziz tuturlar.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Fikrət Babayev, sənətşünas Nizami Alıyev və digər rəssamlar çıxış edərək 44 günlük şanlı Zəfər tariximizdən, ordumuzun şücaətindən danışıblar, əldə edilən Zəfərin xalqımıza baş ucalığı gətirdiyini və həmişə yaddaşlarda qalacağını qeyd ediblər.
Sonra sərgiyə baxış olub. Çəkilmiş şəhid portretləri onların ailə üzvlərinə təqdim edilib. Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgidə tarixi Zəfəri əks etdirən rəsm əsərləri də yer alıb. Onların içərisində Arzu Novruzovun “Zəngəzur dəhlizi”, Fikrət Babayevin “Cəsur döyüşçülər”, Ülviyyə Məmmədovanın “Xarıbülbül”, Telman Abdinovun “Zəfər bizimlədir”, Əli Səfərlinin “Dəmir yumruq” və digər rəsm əsərləri vardır. 26 rəssamın 35 rəsm əsərinin nümayiş etdirildiyi rəsm sərgisi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR