Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən biri kimi heyvandarlıq da sürətlə inkişaf etdirilir. Heyvandarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat adamlarına lazımınca dəstək göstərilməsinin nəticəsidir ki, rayonun kəndlərində heyvandarlıqla məşğul olan ailə təsərrüfatlarının sayı ildən-ilə artır.
Püsyan kəndinin də ailə təsərrüfatı yaradan və səmərəli şəkildə fəaliyyət göstərən zəhmətkeş insanları çoxdur. Onlardan biri də Elşən Tağıyevdir. Onunla həmsöhbət olduğumuz zaman dedi: – Zəhmətkeş bir ailədə anadan olmuşam. 1996-cı ildən bəri heyvandarlıqla məşğulam. Biz, necə deyərlər, Günəşi salamlayanlardanıq. Günəş çıxmadan sübh tezdən yuxudan durub heyvanların qidalanması, mal-qaranın sağılması, tövlənin təmizlənməsi və sair işlərlə məşğul oluruq. Günəş ilk işığını saçanda artıq mal-heyvanı çölə aparırıq. Püsyanın yaylaqları, göz işlədikcə uzanan geniş örüşləri, son dərəcə əlverişli iqlimi bu yerlərdə heyvandarlığın inkişafına və yüksəkkeyfiyyətli məhsulların alınmasına zəmin yaradır. Hazırda təsərrüfatımda 60 baş iribuynuzlu və 250 baş xırdabuynuzlu bəsləyirəm. Heyvanları yayda yaylaqlara aparır, qışda isə öz həyətyanı fermamızda saxlayırıq. Bunun üçün bol yem ehtiyatı yaratmışıq. Yem toplamaqda da çətinliyimiz yoxdur. Çünki özüm də əkin-biçinlə məşğul oluram. Gərək hər bir heyvandar əkinçiliklə də məşğul olsun ki, heyvandarlıq təsərrüfatı üçün yem tədarükü sarıdan korluq çəkməsin. Muxtar respublikamızda sahibkarlara ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması təsərrüfat adamlarının öz təsərrüfatlarını genişləndirməsinə və yeni iş yerlərinin yaradılmasına təkan verir. Təsərrüfat adamlarına yaradılan belə şərait, göstərilən qayğı ölkəmizdə ərzaq bolluğunun təmin olunmasına əsaslı zəmin yaradır. Biz də bütün bu imkanlardan istifadə edərək təsərrüfatımızı genişləndirməklə ölkəmizdə bolluq yaradılmasına çalışırıq. Rayon Baytarlıq İdarəsinin işçiləri tez-tez təsərrüfatlarda olur, biz təsərrüfat adamları ilə maarifləndirici söhbətlər aparır, heyvandarlıq təsərrüfatlarına pulsuz baytarlıq xidməti göstərirlər. Baytarların apardıqları tədbirlər hesabına təsərrüfatlarımızda itki halları azalır, yoluxucu xəstəliklərin qarşısı alınır. Bütün bunlar təsərrüfatımızın inkişafına kömək edir.
Müsahibim deyir ki, təsərrüfatımı gələcəkdə bir qədər də genişləndirmək fikrindəyəm. Onu da deyim ki, heyvandarlıq təsərrüfatı yaratdıqdan sonra ailəmin dolanışığı daha da yaxşılaşıb. Doğrusu, təsərrüfatım o qədər də xərc tələb etmir. Pay torpaqlarını əkib-becərdiyimdən təsərrüfatımdakı heyvanların yemini satın almıram.
Öyrənirik ki, ailə təsərrüfatında iki oğlu – Elşad və Sultan ona yaxından kömək edirlər. Sultan Tağıyev deyir ki, kənd təsərrüfatı sahəsi başqa sahələrə bənzəməz, necə deyərlər, birlik olan yerdə məhsul da var, qazanc da. Kənddə yaşayan, lakin torpağa xor baxan insan maddi dolanışıq çətinlikləri ilə yanaşı, həm də ən ağır qınağa layiqdir. Deyərdim ki, kənd adamı üçün hər zaman iş var. Heyvandarlıqda yaxşı məhsul götürmək üçün gərək ona qayğı göstərəsən, vaxtlı-vaxtında suyunu, yemini verəsən. Onu da deyim ki, əldə etdiyimiz süd məhsullarından qatıq, pendir, xama, şor-kərə istehsal edirik. Məhsulumuzu heç bir çətinlik çəkmədən bazara çıxarır, həm də hər il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edərək sata bilirik. İstehsal olunan məhsullarımızın qablaşdırılması onlara olan tələbatı daha da artırıb. Bu da bizi həvəsləndirir.
Bu gün ailə təsərrüfatları xüsusi təsərrüfatçılıq forması olub kollektiv əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Şübhəsiz, bu sahədə qazanılan təcrübə əhalinin keyfiyyətli yerli məhsullara olan tələbatını ödəməklə yanaşı, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi inkişafa da öz töhfəsini verməkdədir.
Aytac CƏFƏRLİ