22 Dekabr 2024, Bazar

“Şərq qapısı” – 100


Hələ XIX əsrin ortalarında mətbuatımızda ilk qığılcımlar yeni alovlanmağa başlasa da, Azərbaycan oxucusu doğma dilində ilk mətbu orqanı bir müddət gözləməli oldu. Nəhayət, 1875-ci il iyulun 22-də dövrün maarifçi, vətənpərvər və ziyalısı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatımızın ilk qaranquşu və təməl daşı sayılan “Əkinçi” qəzeti təsis edildi. Qəzet gözlənildiyi kimi ilk günlərdən bəri bir sıra ciddi əngəl və süni maneələrlə üzləşməyə başladı. Belə ki, həmin dövrdə mətbuat üzərində təzyiq və nəzarət o qədər güclü idi ki, “Əkinçi”nin nəşrinə icazə alarkən, ilk növbədə, qəzetə senzuranı  həyata keçirəcək şəxs müəyyən edilmişdi. Bu “çətin və məsuliyyətli vəzifə” isə o dövrdə Bakının general-qubernatoru olan Staroselskiyə tapşırılmışdı. Beləliklə, “Əkinçi” cığırı ilə başlanan uzun və şərəfli yol 123 il ərzində senzura buludlarını başı üzərində gəzdirdi. Özü ilə bərabər sərt sazaq küləyi gətirən senzura buludları milli mətbuat alovumuzu dəfələrlə közərtdi, lakin söndürə bilmədi. Sonralar “Əkinçi”nin ideya və ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Kaspi” “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar mətbuatımızda demokratik cərəyanın bərqərar edilməsində müstəsna rol oynadı. Əfsus ki, fəaliyyət göstərdikləri zaman müddətində “Əkinçi” kimi həmin qəzet və jurnallar da senzura talehindən yaxa qurtara bilmədi.

 


Tənəzzüldən tərəqqiyə:
mətbuatın özünəqayıdışı və yeni inkişaf mərhələsi

XX əsrin müxtəlif dövrlərində mətbuatımız çox böyük çətinliklərlə üzləşsə də, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında yeni bir mərhələ, dönüş nöqtəsi başladı. Tarixi faktlara nəzər yetirdikdə aydın olur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra milli mətbuatımız da, məhz ikinci həyatına qovuşdu.
Ulu öndərin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasında ilk dəfə fikir və söz azadlığının öz əksini tapması, “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanla senzuranın ləğv edilməsi, şübhəsiz ki, 146 il sonra mətbuat qığılcımlarının yenidən alovlanmasından xəbər verirdi. Bu Fərmandan cəmi bir il sonra 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun və digər hüquqi-normativ aktların qəbulu, habelə 2001-ci ildə Azərbaycan jurnalistlərinin birinci qurultayının keçirilməsi və Mətbuat Şurasının yaradılması ilə mətbuat cəmiyyətin bütün sahələrinə nüfuz edən, onun dinamik şəkildə demokratikləşməsinə təsir göstərən qüdrətli vasitəyə çevrildi.
Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti yeni mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə Prezidenti fəaliyyətində hər zaman bu ənənəyə sadiq qalaraq kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu baxımdan ötən dövrlər ərzində mətbuat orqanlarının maddi-texniki imkanlarının daha da möhkəmləndirilməsi və jurnalist əməyinin layiqincə qiymətləndirilməsi sahəsində fərman və sərəncamlar imzalanmış, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırılmışdır.
Qürurlu haldır ki, bu gün mətbuatın səmərəli fəaliyyəti üçün yaradılmış demokratik şərait ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respulikasında sürətli inkişaf dövrünə qədəm qoymuş və mətbuata davamlı qayğı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Təbii ki, mövcud əlverişli mühiti şərtləndirən əsas amillər isə mühüm əhəmiyyətə malik Dövlət proqramlarının vaxtında və dəqiq icrası, davamlı və dayanıqlı inkişaf tempi, həmçinin ictimai həyatın bütün sahələrində əldə edilən yeniliklərdir.

Blokadada mütərəqqi mətbuat ənənələri
və ya informasiya inqilabı

Məlum olduğu kimi, məkrli və xain Ermənistanın ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı nəticəsində bütün kommunikasiya xətləri və teleradio ötürücü qurğular tamamilə məhv edilmiş, nəticə etibarilə, Naxçıvan Muxtar Respublikası həm də ağır informasiya blokadasına salınmışdı. Lakin tarixin bütün çətin və taleyüklü sınaqlarından böyük iradə və qətiyyətlə çıxmağı bacaran muxtar respublikamız ötən 25 il ərzində Azərbaycan milli mətbuatının inkişafı tarixində müstəsna rol oynamış, çətin blokada şəraitində mükəmməl media siyasəti formalaşdıraraq informasiya təhlükəsizliyinə nail olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamına əsasən muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların həm maddi-texniki baza, həm də kadr potensialları gücləndirilmişdir. Ötən zaman ərzində Televiziya və Radio, Mətbuat şuralarının yaradılması, o cümlədən onların fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi bu sahədə görülən işlərin məntiqi davamıdır. Muxtar respublikada milli mətbuatımızın inkişafına hər zaman xüsusi diqqət və davamlı qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuatın inkişafı istiqamətində yorulmaz və fədakar əməyinə görə “Mətbuatın dostu” fəxri adına layiq görülməsi də, şübhəsiz ki, bu sahədə görülən işlərin nəticəsidir.


“Şərq qapısı”: tarixin 100 ili və ya 100 ilin tarixi

Müasir cəmiyyətimizdə ictimai fikri formalaşdıran, xalqın maarifləndirilməsi, onların dünyagörüşünün və milli şüurun formalaşdırılması naminə qələmə alınan yazıları ümumi kütləyə çatdıran vasitələrdən biri də qəzetlərdir. Müxtəlif ictimai-siyasi sahələrdə gedən inkişaf proseslərinin güzgüsünə çevrilən qəzetlər öz əhəmiyyəti və aktuallığı ilə Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılan prioritet məsələlərdən biridir. Təbii ki, qurub-yaratmaq işin bir tərəfidirsə, əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır. Bu gün muxtar respublika paytaxtının, eləcə də hər bir regionun dövriyyəliyi təmin edilən ayrıca mətbu orqanı da vardır.
Əminliklə demək olar ki, mövzu aktuallığı, müasirliyi, əhəmiyyəti və publisist kəskinliyi ilə fərqlənən, novatorluğu və orijinallığı ilə diqqəti daim cəlb edən, həmçinin jurnalistika sahəsinə marağı olan və bu cığırla yeni addımlayanlar üçün məktəb rolunu oynayan “Şərq qapısı” qəzetinin mətbuat tariximizdə xidmətləri ölçüyəgəlməzdir. “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu il iyulun 22-də yeni binasının və mətbəənin istifadəyə verilməsi ilə qəzetin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, qəzetin normal fəaliyyəti üçün bütün zəruri imkanlar yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə 2021-ci il 1 iyun tarixdə imzaladığı Sərəncam Naxçıvanın birəsrlik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətin növbəti təzahürüdür. Şübhəsiz ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı muxtar respublikada dövlət-mətbuat münasibətlərini daha da gücləndirmiş, böyük jurnalistika məktəbi yaradan “Şərq qapısı” qəzetinin əməkdaşlarına stimul olmuşdur. Muxtar respublikamızın keçdiyi şərəfli və uzun yola şahidlik edən “Şərq qapısı”qəzeti birəsrlik tarixi boyunca mətbuatımızın inkişafına, elmin və ictimai fikrin formalaşmasına böyük töhfələr vermiş, o cümlədən informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizə aparmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri birəsrlik şərəfli inkişaf yolu keçən “Şərq qapısı” qəzetinin bütün zaman dövrləri üçün aktuallığını, əhəmiyyətini və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini bir daha təsdiq edir.

Muxtar respublikada teleradiolar
hərtərəfli inkişaf mərhələsinə yüksəlib

Bu gün qəzetlərlə yanaşı, elektron medianın, televiziya və radioların da, bütövlükdə, cəmiyyət qarşısındakı sosial məsuliyyəti, istər tamaşaçının, istərsə də dinləyicinin dünyagörüşünün zənginləşməsində, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Ən müasir rəqəmsal bazaya malik olan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, eləcə də “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası yüksək bacarığa, peşəkarlığa və səriştəyə malik kadr potensialı ilə cəmiyyətin informasiya tələbatını tam ödəyə bilir, çətin, məsuliyyətli, eyni zamanda şərəfli vəzifələrini uğurla yerinə yetirirlər.
Müasir cəmiyyətin jurnalistlərdən haqlı olaraq böyük gözləntiləri vardır. İnsanlar IV hakimiyyətin nümayəndələrindən jurnalistikanın prinsiplərində də müəyyən olduğu kimi, operativlik, dəqiqlik, həmçinin cəmiyyətdə baş verən bütün hadisələrə obyektiv və qərəzsiz mövqe gözləyir. Əminliklə demək olar ki, muxtar respublikada sağlam və peşəkar mətbuatın formalaşdırılmasını şərtləndirən amillərdən biri də məhz jurnalistlərin müxtəlif mövzulara rahatlıqla müraciətetmə imkanlarının olması, o cümlədən cəmiyyətdə bəzi nöqsanlarla bağlı tənqidi materialların hazırlana bilməsidir. İstər televiziyalarda, istərsə də qəzetlərdə analitik təhlil edilən və tənqidi xəbərlərin hazırlanması muxtar respublikada söz və mətbuat azadlığının, jurnalistlərin müstəqil və sərbəst fəaliyyət göstərməsinin əyani nümunəsidir.
Məlum olduğu kimi, müasir dünyanın yeni çağırış və tələblərindən biri də internetdir. Sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvan Muxtar Respublikasında jurnalistlərin peşəkar fəaliyyətinə, insanların informasiya tələbatının tam, dolğun ödənilməsinə və qədim diyarımızla bağlı məlumatların daha geniş auditoriyaya çatdırılmasına böyük ölçüdə təsir edib. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış ərazilərinin 99,5 faizində mobil internet, 99,1 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir.
Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir. Təbii ki, Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, 2021-ci il 21 yanvar tarixli Fərmanla isə fondun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da bu istiqamətdə reallaşdırılan ardıcıl tədbirlərin məntiqi davamıdır.

Muxtar respublikanın bugünkü gəncliyi
mətbuatımızın sabahkı uğurudur

Şübhəsiz ki, bu gün müstəqil mətbuatın formalaşdırılması və inkişaf etdirilməsində muxtar respublika gəncləri böyük pay sahibidir. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasının müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin mütləq əksəriyyəti də məhz gənclərdən ibarətdir. Onların mətbuat orqanlarına cəlbi prosesi, peşəkar jurnalist kimi formalaşması prioritet sahə kimi müəyyən edilmiş, gənclərlə kütləvi informasiya vasitələri arasında mənəvi körpü yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu mövzunun aktuallığını və əhəmiyyətini hər zaman diqqətdə saxlayaraq gənc jurnalistlərin səmərəli fəaliyyətlərini yüksək qiymətləndirmişdir. Ali Məclis Sədrinin milli mətbuatımızın 145 illiyi münasibətilə keçirilən tədbir zamanı gənc jurnalist ailəyə yeni mənzilin orderini şəxsən təqdim etməsi də bu fikirləri bir daha təsdiq edir.
Eyni zamanda gənc jurnalist kadrların hazırlanması, işə cəlb olunması, xarici və ölkə media nümayəndələrinin onlarla görüşü müstəqil mətbuatın formalaşdırılması baxımından çox vacib amildir. Bu gün Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan gənclər Universitet televiziyası, “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzetində nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi mətbuatımıza öz töhfələrini verirlər. Xüsusilə qeyd etmək lazımdır ki, peşəkar kadrların hazırlanması işində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsində Naxçıvan mediasının böyük rolu

Napoleon imperiyasının diplomatı olan Taleyran deyirdi ki, “Əgər kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü də labüddür”. Məlumatlılıq, yeni informasiyalara sahib olmaq, təkcə mətbuat sahəsində deyil, döyüş meydanında da uğurlu mübarizənin əsas şərti hesab edilir. Bu baxımdan ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi tarixi zəfər və parlaq qələbədə Naxçıvan mediasının da üzərinə böyük yük və vəzifələr düşüb. Etiraf etmək lazımdır ki, bu təkcə siyasi və hərbi arenada deyil, həm də arxa cəbhədə aparılan ağır informasiya savaşı idi. Vətən müharibəsinin ilk günlərindən etibarən muxtar respublikada kütləvi informasiya vasitələrinin əməkdaşları ictimaiyyətə mütəmadi olaraq operativ məlumatlar çatdıraraq müxtəlif mövzuları peşəkarlıqla işıqlandırmış, cəmiyyətin informasiya tələbatını tam və dolğun ödəməklə bu savaşın məğrur, yenilməz əsgərinə çevrilmişdir. Naxçıvan mediası qısa müddət ərzində yüksək ovqat və ruh yüksəkliyi formalaşdırmaqla bərabər, apardığı düzgün informasiya siyasəti ilə də Qarabağda baş verən həqiqətləri geniş auditoriya kütləsinə çatdıra bildi. Müharibə şəraitində mediamızın vacib nüanslarından biri də rəsmi mənbələrə istinad idi. Erməni və dünya ictimaiyyətinə yalan və əsassız məlumatlar verən Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını mütəmadi olaraq aldatmaqda görürdü. Nəzərə almaq lazımdır ki, həmin zaman paylaşılan hər bir qeyri-rəsmi məlumat cəmiyyətdə böyük təlaş və çaşqınlıq yarada bilərdi. Bu baxımdan “Nuhçıxan” İnformasiya Agentliyi və “Şərq qapısı” qəzetinin rəsmi saytı daim olaraq geniş izləyici kütləsini operativ qaydada məlumatlandırmış, habelə tam və doğru informasiyaların əldə edilməsi üçün əsas istinad mənbələrinə çevrilmişdir. Bəli, 44 günlük Vətən müharibəsində əli qələm tutan hər bir jurnalist öz cəbhəsinin qalib əsgəri, qalib xalqın vətəndaşı oldu.
P.S. Ənənəlik və novatorluğun vəhdət təşkil edən milli mətbuatımız Naxçıvan Muxtar Respublikasında da inkişafdan intibaha sürətli keçid dövrünü yaşamaqdadır. Əminliklə demək olar ki, muxtar respublikamızda dövlətimizin və müstəqilliyimizin milli maraqlarını hər zaman rəhbər tutan güclü mətbuat ordusu formalaşıb, söz, məlumat və mətbuat azadlığı mütləq surətdə təmin olunub. Bu gün zəngin dövlətçilik ənənələrinə malik qədim diyarımızda fədakar və cəfakeş qələm sahibləri böyük publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir” amalına xidmət edir.


Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
baş məsləhətçisi
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi
münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR