26 Dekabr 2024, Cümə axşamı

Soyuq payız günlərinin birində yolumuz eyni vaxtda dörd fəsli yaşaya bilən Batabat yaylağınadır. Lakin budəfəki səfərimizin məqsədi əsrarəngiz təbiəti, füsunkar gözəlliyi ilə gözoxşayan bu yurdun turizm potensialı haqqında yazı hazırlamaq deyil, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində, başıqarlı Batabat dağlarında Vətənin keşiyində dayanan igid əsgərlərimizlə həmsöhbət olmaq, onları qələbəmizin yaxınlaşan ilk ildönümü münasibətilə təbrik etməkdir.


Qeyd edim ki, bu dəfə böyük qürur və fəxarət hissi ilə qalib xalqın nümayəndələri kimi qalib ordunun döyüşlərdə fərqlənən bir neçə hərbi qulluqçusu ilə gedirik bu yolu. Yolboyu döyüş təəssüratlarından danışan igidlər şəhid qardaşlarını yada salıb kövrəlsələr də, onların gözlərindəki fəxarət, qürur hissini də duymaq çətin deyil. “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Dağıstan Hüseynov deyir ki, Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi və rəşadətli Ordunun iştirakı ilə şanlı tarix yazdı. 44 günlük Vətən savaşının hər saatı, hər dəqiqəsi bir dastana döndü. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, – dedi və dediyini etdi. Uzun illərdir, status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 44 gün ərzində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi.

Vətən müharibəsinin iştirakçısı, cəsur qəhrəman onu da əlavə etdi ki, əks-hücum əməliyyatlarının başladığı ilk gündən “atəşi dayandırın, danışıqlara başlayın” deyən supergüclərin aramsız təzyiqlərinə mərd-mərdanə sinə gərən Prezidentimiz nəyi necə və nə vaxt etmək lazım gəldiyini yaxşı bildiyini siyasi uzaqgörənliklə bir daha sübut etdi. Bu, Qarabağ uğrunda döyüşlərin gedişində bir daha təsdiqləndi. Ali Baş Komandan həm savaş meydanında, həm diplomatiya və siyasi platformalarda düşmənə layiqli cavab verdi. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada ədəbazcasına rəqs edərək acıq verən paşinyanlara öz yerini göstərdi. Son hadisələr düşmənə də, bütün dünyaya da bəyan etdi ki, şərəfli və namuslu bir xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycan xalqı, ordumuz bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı. Azərbaycan xalqının igid oğulları doğma torpağı uğrunda ölüm-dirim savaşından qalib kimi çıxdı. Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurdu. Düzdür, şəhidlər verdik, qazilərimiz var. Lakin şəhidlərimizin ruhu bu gün şaddır.

Söhbətimizi sürücünün səsi ilə yarımçıq qoyuruq. Artıq ünvana çatmışıq.
Qeyd edim ki, gəlişimizin bir məqsədi də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr – Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi idi. Əlahiddə Ümumqoşun Ordunun komandanlığı tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında silsilə tədbirlər keçirilir.

Budur, ön xətdə yerləşən hərbi hissələrin birində “Zəfər yolumuz” adlı tərbirdə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət, mətbuat nümayəndələri və müharibə iştirakçıları əsgərlərimizin başına yığılıblar. Lakin tədbirə başlamazdan əvvəl əsgərlərin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə yaxından tanış olmaq istəyirik. Dağların qoynunda xidmət aparan əsgərlərimiz üçün yaradılan şərait onu deməyə əsas verir ki, bu gün ordumuzun istər maddi-texniki, istərsə də sosial-məişət şəraiti yüksək səviyyədədir.
Burada gördüklərimizdən sonra ön xətdə düşmənlə üz-üzə dayanan igid əsgərlərimizlə elə səngərdə görüşüb, həmsöhbət oluruq. Əsgər Kənan Bilalov əslən Qəbələ rayonundandır. Atasına, anasına, dostlarına, bütün yaxınlarına salam göndərməklə söhbətə başlayır: – İnsanın bu dünyada yaşaması üçün Vətən, yurd sevgisi başlıca amildir. Mən də valideynlərimi, doğma yurdumu, xalqımı çox sevirəm. Ancaq Vətənimə olan sevgimi heç bir hisslə müqayisə edə bilmirəm. Mən bir azərbaycanlı, xalqının, millətinin xoş güzəranını istəyən bir Vətən övladı, bu yolda canından belə keçməyə hazır olan bir Vətən əsgəri kimi demək istəyirəm ki, mənim üçün Vətən sevgisi lap öndə dayanır.

Vətən, nəyin bahasına olursa-olsun, qorunmalıdır. Biz qorumalıyıq onu. Vətəni müdafiə etmək, onun uğrunda qan tökmək, canımızı fəda etmək vətəndaşlıq və əsgəri borcumuzdur.
Kənan deyir ki, Naxçıvanın təbiəti onu valeh edib. Burada heç bir sıxıntı çəkmir. Zabitləri və əsgər yoldaşları ilə doğma bir ailə kimi Vətənin keşiyində dayanmaqdan qürur duyur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəfələrlə səngərlərdə bizim görüşümüzə gəlməsi, şəraitimizlə maraqlanması hər bir əsgərə ata qayğısı göstərməsi bizi daha da yaxşı xidmət etməyə sövq edir.

Deyir ki, Qarabağa qayıdacağımıza əmin idik. Dayandığımız mövqedən döyüşlər gedən əraziyə qədər xeyli məsafə olsa da, ruhumuz o döyüşlərin iştirakçılarının sırasında idi. Biz də orada olmaq istərdik, Vətən savaşı zamanı mövqelərdəki döyüşlərdən, ölkəmizin paytaxtında və digər rayonlarımızda keçirilən həmrəylik yürüşlərindən xəbərdar idik. Azərbaycan əsgəri olaraq sinəsində üçrəngli Azərbaycan bayrağıyla son mənzilə yola salınan şəhidlərimizin ruhu qarşısında baş əyir və demək istəyirəm ki, hər birinin qisası alınıb. Torpaqlarımızın işğaldan azad edilməsi onların ruhuna gözaydınlığıdır.
Söylənilən bu fikirlərin arxasında Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi, Qələbə ruhu dayanır. Elə bu Qələbə ruhu da böyük Zəfərimizi təmin edən ən böyük amillərdən biri oldu. Vüqarlı dağlarımızın ən yüksək zirvəsində Vətənin keşiyində elə dağlar kimi dayanan vüqarlı əsgərlərimizlə görüşdükdən sonra olduğumuz hərbi hissədə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının hərbçilərimiz üçün hazırladığı konsert proqramında iştirak etdik.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsi iştirakçıları və qazi Təbriz Zeynalov çıxış edərək keçdikləri şərəfli yoldan danışdılar. Əsgərlərə yemək süfrəsi arxasında təşkil olunan tədbir vətənpərvərlik mövzusunda mahnılar, əsgərlərimizin rəqsləri ilə davam etdi.
Ayrılarkən əsgərlərimizin çöhrələrində gördüyümüz vüqarlı baxışlar bizi bir daha əmin etdi ki, ordumuz basılmazdır. Çünki onun sıralarında bu gün görüşdüyümüz igid oğullar var!

Telli MƏMMƏDOVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR