Şərur Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələrinə medalların təqdimolunma mərasimi keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov giriş sözü ilə açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kamal Cəfərov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin şücaətlərindən danışaraq qazanılan Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, hərbçilərimizin misilsiz qəhrəmanlıqlarının və dövlətimizin başçısının polad iradəsinin, hücum diplomatiyasının, qətiyyətinin qələbəsi olduğunu iftixar hissi ilə nəzərə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğaldakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdikləri qəhrəmanlıq nümunələrinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şərur rayonundan olan qəhrəman şəhidlərimiz “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Həsən Məmmədov bildirib ki, 44 gün davam edən azadlıq mücadiləsində muxtar respublikamızın bütün rayonlarından olan hərbçilərimiz də iştirak ediblər. Onlar sırasında şərurlu vətənpərvərlər də böyük şücaət göstəriblər. Vətən uğrunda canlarından keçərək şəhid olanların şərəfli ömür yolu isə bugünkü gənclik üçün bir örnəkdir.
Çıxış edən tədbir iştirakçıları şəhid adının müqəddəsliyindən danışıb, onların həyatları bahasına torpaqlarımızın işğalçılardan azad edildiyini bildirib, xatirələrinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbçi oğullarımız qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiklərinə, döyüşlərdə igidlik və qəhrəmanlıq göstərdiklərinə görə dövlətimiz tərəfindən müxtəlif medallara layiq görülüblər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən şəhid leytenant Babayev Əli Həsən oğlu, şəhid kapitan Cabbarov Seymur İlham oğlu, şəhid leytenant Əliyev Ənvər Nizami oğlu, şəhid leytenant Quliyev Həsən İbrahim oğlu, şəhid leytenant Qurbanov Rauf Vahid oğlu, şəhid leytenant Məmmədov Elşən Əziz oğlu və şəhid mayor Vəliyev Vüsal İslam oğlu “İgidliyə görə” medalı ilə, şəhid leytenant Yusifov Əli Suləddin oğlu “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin anası Mədinə Vəliyeva və şəhid Əli Yusifovun atası Suləddin Yusifov övladları haqqında xatirələrini danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə medallar təqdim olunub.
Elman MƏMMƏDOV