Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı ilə Universitet Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində növbəti tədbir olub.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev ulu öndər Heydər Əliyevin hələ 1995-ci ildə gənclərin I Forumunda söylədiyi “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz” fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır. Bildirilib ki, ulu öndərin bizə miras qoyub getdiyi vətənpərvərlik missiyasının aydın təzahürünü II Qarabağ müharibəsində gənclərimizin timsalında gördük.
Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov qeyd edib ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Muxtar respublikada uğurlu gənclər siyasətinin nəticəsidir ki, müasir gənclər artıq dünya gəclərinə nümunə olacaq səviyyəyə çatıb. Çıxışda sədr tələbələrin də bu proseslərdə fəal iştirakından da danışıb.
Tələbələrin diskussiyası şəklində davam edən tədbirdə suallar cavablandırılıb, fikirlər səsləndirilib. Çıxışlarda II Qarabağ müharibəsində iştirak edən qəhrəman gənclərimizin örnək vətənpərvərlik nümunəsi gənc nəslə aşılanıb.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi