21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixdə Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Türkiyənin Qars şəhərində “Qars müqaviləsinin tarixi əhəmiyyəti” adlı beynəlxalq konfrans keçirilib. İki gün davam edən konfransın iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin büstünü və Kazım Qarabəkir Paşanın heykəlini ziyarət ediblər. “Aynalı köşk”də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən hazırlanmış nəşrlərin də yer aldığı sərgiyə baxış olub.

Konfransda ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransdakı giriş nitqində Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd kimi Qars müqaviləsinin iki qardaş ölkə üçün tarixi dəyərə malik olduğunu qeyd edib. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixdə imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamın, eləcə də konfransın əhəmiyyətindən danışıb.
Diqqətə çatdırılıb ki, 1921-ci il oktyabr ayının 13-də imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Rektor ulu öndər Heydər Əliyevin irəli sürdüyü qardaşlıq əlaqələrinin bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev Qars müqaviləsinin tarixi əhəmiyyətindən danışıb, II Qarabağ müharibəsində qazanılan Tarixi Qələbəni, bütövlükdə, türk xalqının şanlı qələbəsi kimi təhlil edib. İki qardaş ölkə liderlərinin 2021-ci il 15 iyun tarixdə imzaladığı, tarixi Qars müqaviləsinin davamı kimi Şuşa Bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edəcəyinə, bu tarixi sənədin ölkə­mizin regional və beynəlxalq rolunun və çəkisinin daha da artırılmasında mühüm əhəmiyyət daşıyacağına əminlik ifadə olunub.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu tədbir iştirakçılarını Qars müqaviləsinin 100 illik yubileyi və dost ölkənin qazandığı zəfərin bir illiyi münasibətilə təbrik edib, hər iki qardaş ölkə universitetləri arasında beynəlxalq əlaqələrin mövcudluğundan danışıb.
Qars valisi Türkər Öksüz bir əsr bundan öncə olduğu kimi, bu gün də Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafının, ümumilikdə, regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verəcəyini vurğulayıb. Qars valisi Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini xüsusi olaraq qeyd edib.
Çıxışlardan sonra Naxçıvan Dövlət Universiteti adından xatirə plaket təqdim edilib. Konfrans iki bölmədə davam edib, bölmə iclaslarındakı məruzələrdə bu müqavilənin tarixi dəyəri, müasir mediada yeri və Naxçıvanın muxtariyyət statusundakı mühüm əhəmiyyətindən bəhs olunub. Konfransda Naxçıvan Dövlət Universitetinin dosentləri, Türkiyə Cümhuriyyəti Milli Müdafiə Universitetinin, Ərzincan Atatürk və Qars Qafqaz universitetlərinin professorları müxtəlif mövzularda məruzələr ediblər.
Qars müqaviləsinin 100 illik yubiley tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti görüşlər keçirib, Türkiyədə ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu Heydər Əliyev mərkəzini ziyarət edib. Qars Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fənninin tədris edildiyi mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı Naxçıvan Dövlət Universiteti adından mərkəzə kitablar hədiyyə edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR