21 Dekabr 2024, Şənbə

Muxtar respublikamızda bütün sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsi də yüksək qayğı ilə əhatə edilib. Bu sahədə həyata keçirilən tədbirlər gələcəyimizə hesablanmış islahatdır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. Bu gün təkcə Naxçıvan şəhərində yox, həm də bütün rayon və kəndlərimizdə belə məktəb binaları ali təhsil ocaqlarının binalarından heç də seçilməyən geniş, işıqlı, elektron lövhəli sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları olan tədris ocaqları müəllim və şagirdlərin ixtiyarına verilir.

Bunlarla yanaşı, yeni təlim texnologiyalarına uyğun kadr potensialının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsil müəssisələrində geniş tətbiqi, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması ilə əlaqədar imzaladığı Sərəncam istedadlı şagirdlərin aşkara çıxarılmasına mühüm töhfə olacaqdır. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir”.
Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 mart tarixli Qərarı ilə “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin ştat cədvəli” təsdiq edilmişdir.
Lisey üçün nəzərdə tutulmuş və 4 mərtəbədən ibarət olacaq binada tədris korpusu, idman zalı, kimya və biologiya laboratoriyaları, ayrı-ayrı sinif otaqları, yataqxana, kompüter otağı, akt zalı və camaşırxana fəaliyyət göstərəcəkdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinfində təhsil alan şagirdlər arasında müsabiqə yolu ilə aparılacaqdır. Müsabiqədə ən yüksək nəticə göstərən şagirdlərdən 30 oğlan və 30 qız olmaqla, 60 şagird liseyə qəbul ediləcəkdir. Bəzi hallarda tədris ili ərzində istedadlı şagirdlər, habelə kimya və biologiya fənlərindən keçirilən olimpiadalarda fərqlənən şagirdlər fərdi qaydada liseyə qəbul olunmaq imkanı əldə edə biləcəklər. Liseydə ayrı-ayrı fənlərin tədrisi keyfiyyətini və təlimin məzmununu yaxşılaşdırmaq məqsədilə fənn metodik birləşmələri təşkil olunacaq. Metodbirləşmə rəhbərinin başlıca vəzifəsi müəllimlərə və tərbiyəçilərə metodik köməklik göstərmək, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsinə və təlim prosesində tətbiq olunmasına, tədris planı və proqramların, metodik tövsiyələrin yerinə yetirilməsinə nəzarət etmək, təlimin məzmunu ilə əlaqədar təkliflər hazırlamaq, təlimin keyfiyyətini öyrənib təhlil etmək, nəticəni müzakirəyə çıxarmaq üçün müəllimlərin və tərbiyəçilərin təşəbbüskarlığını və yaradıcılığını artırmaqdan ibarətdir.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR