Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədovun moderatorluq etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfrans iştirakçılarını salamlayaraq Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, həm də dünya ədəbiyyatında əvəzsiz yeri olduğunu vurğulayıb. Qeyd edilib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır.
Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Nizami Gəncəvinin söz dünyası” adlı çıxışında yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan dahi şairin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb, şairin bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.
“Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edən Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova qeyd edib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib.
Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub, bəzi maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans bölmə iclasları ilə davam edib. Qeyd edək ki, bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı və Şəki filialları, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məruzələrlə çıxış ediblər.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi