Mütəxəssis sözü
Valideynlərin ən böyük arzusu sağlam övladlar yetişdirməkdir. Ancaq, bəzən, uşaqlarda fiziki qüsurların olması valideynləri məyus edir.
Qeyd edək ki, bu gün muxtar respublikamızda hərtərəfli qayğı ilə əhatə olunan uşaqların müayinə və müalicəsi prioritet vəzifələr sırasındadır. Naxçıvan şəhərində, rayonlarımızda fəaliyyət göstərən uşaq xəstəxanaları, Naxçıvan Uşaq Bərpa Mərkəzi, mərkəzin defektoloji bölmələri fiziki məhdudiyyəti olan uşaqların sağlamlığının bərpa edilməsi üçün hərtərəfli şəraitə malikdir. Adıçəkilən səhiyyə müəssisələrinə müraciət etməklə mövcud xəstəliklərin aradan qaldırılması mümkündür. Belə qüsurlar sırasında uşaqların boylarının qısa və ya daha uzun olması da var. Bəzi uşaqların qısa və ya uzunboylu olması onlara valideynlərindən irsən keçib. Bəzi uşaqlar boy artımına görə fiziki inkişafdan geri qalırlar. Buna səbəb uşaqların normal boy, çəki, cinsi yetişkənlik və ya digər xüsusiyyətlərin inkişafına mane olan amillərdir.
Çox zəif və ya çox sürətli böyümə endokrin vəzilərində problemlərin olması ilə əlaqədardır. Məlumat üçün bildirək ki, hipofiz vəzi sümük və digər toxumaların böyüməsini stimullaşdıran Growth Hormon (GH) boy hormonu ifraz edir. Uşaqlarda bu hormon normadan azdırsa, belə uşaqlar çox balaca ola və boy hormonu ilə müalicə alaraq böyüməni tənzimləyə bilər. İnsanlarda, həmçinin boy hormonu həddindən artıq çox da ola bilər. Bunun səbəbi, adətən, hipofiz vəzinin şişidir ki, bu, xərçəng hesab edilmir. Boy hormonu həddən artıq çox olduqda uşaqlarda qiqantizmə gətirib çıxara bilər ki, bu zaman onların sümükləri və bədəni çox sürətlə böyüyür. Ahıl yaşlı insanlarda isə bu akromeqaliyaya səbəb ola bilər ki, bu zaman əlləri, ayaqları, üz nahiyəsi normadan artıq böyüməyə başlayır. Bu zaman hökmən müayinələr üçün həkimə müraciət etmək lazımdır.
Həkimlər uşaqların boy və çəkisinin normal olub-olmadığını, düzgün inkişaf edib-etmədiyini və ya böyüməyə təsir edən hər hansı bir problemi müəyyən etmək üçün boy qrafikindən istifadə edirlər. Boy qrafiki uşağımızın standart müayinələrinin bir hissəsidir. Qrafiklər uşağın digər həmyaşıdları ilə müqayisədə necə böyüdüyünü göstərir.
Deyək ki, uşaq 2 yaşa qədər sxemə uyğun olaraq böyüyüb. Müəyyən müddətdən sonra digər uşaqlara görə daha az böyüməyə başlayır. Bu uşağın sağlamlığında problemin olduğunu həkimlər böyümə cədvəlinə baxaraq müəyyən edirlər. Həkimlər boy qrafiki ilə birlikdə uşağın ümumi rifahına, onu əhatə edən ətraf mühitə və genetik faktorlara da diqqət etməli olurlar.
Bu faktorlar içərisində uşaq inkişafının sonrakı mərhələsində bütün göstəricilər yerindədirmi, uşağın sağlam olmadığını göstərən başqa əlamətlər varmı, uşaq vaxtında doğulubmu, uşaqda cinsi yetişkənlik dövrü erkən, ya gec başlayıb və sair halları göstərmək olar.
Ancaq bütün uşaqların bir qrafiklə ölçülməsi düzgün deyil. Oğlanlar və qızlar müxtəlif boy diaqramı ilə ölçülür, çünki onlar fərqli və müxtəlif sürətlə inkişaf edirlər. Bundan başqa, doğulduqdan 36 aya qədər bir cədvəl dəstindən, 2 yaşdan 20 yaşına qədər digər cədvəldən istifadə olunur. Daun sindromlu uşaqlarda və ya erkən doğulan uşaqlar üçün xüsusi böyümə cədvəllərindən istifadə edilir.
Həkimlər bir uşağın çəkisini və boyunu cədvəl üzərində tərtib etdikdə bu ölçülərin hansı yüzdəlik xəttə düşdüyünü görürlər. Normativin yüksək və ya aşağı faiz göstəricisi uşağın daha sağlam və ya boy, çəki probleminə malik olduğu anlamına gəlmir.Tutaq ki, çəkiyə görə cədvəldə duran 4 yaşlı oğlan uşağı boy baxımından 10-cu faizdədir. Beləliklə, persentil cədvəldə 10 faizdə durarsa, boy qısa, çəki aşağı olacaq. Valideynləri, qardaş və bacıları da ortalamadan kiçikdirsə, sağlam və yaxşı inkişaf etdiyini göstərən digər əlamətlər varsa, həkimlər çox güman ki, narahatlığa heç bir səbəb olmadığına qərar verəcəklər. Əgər 90 faizə uyğundursa, bu, uşaq boy və çəkisinin normadan artıq olduğunun göstəricisidir.
Beləliklə,uşaq üçün ideal faiz göstəricisi fərdi xarakter daşıyır. Sağlam uşaqlar müxtəlif forma və ölçülərdə ola və 5 faizi göstərən uşaq 95 faizdə olan uşaqla eyni şəkildə sağlam ola bilər.
Sonda onu da qeyd edək ki, muxtar respublikamızda gələcək nəslin sağlamlığının qorunması və bərpası, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il mart ayının 15-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu proqramın icrası istiqamətində səhiyyə işçilərinin qarşısına mühüm vəzifələr qoyulmuşdur. Uşaqların əqli və fiziki inkişafdan qalmasının, sağlamlıq imkanları məhdudluğunun erkən yaşlarda aşkarlanması və qarşısının alınması üçün muxtar respublikamızda kifayət qədər müasir səhiyyə xidməti, tibbi personal formalaşdırılması biz səhiyyə işçilərindən gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində daha ayıq sayıq dayanmaq tələb edir. Bunun üçun tibbi profilaktika, müayinə və müalicə işləri daha düzgün və vaxtında aparılmalıdır. Bu işdə ən yaxın köməkçimiz isə valideynlər olmalı, övladlarının sağlamlıqları ilə bağlı hər hansı problemi vaxtında aşkarlayaraq tibb mütəxəssislərinə müraciət etməli, uşaqlarının müalicəsi ilə müntəzəm məşğul olmalıdırlar. Unutmayaq ki, hər sağlam övlad bizim cəmiyyətə bəxş edəcəyimiz yaralı vətəndaş deməkdir.
Güllü SƏFƏROVA
Naxçıvan Dövlət Universiteti
Tibb fakültəsinin müəllimi