06 Noyabr 2024, Çərşənbə

           Bu il oktyabra ayının 13-də beynəlxalq Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 8 fevral tarixli Sərəncam imzalamışdır. Həmin Sərəncamda deyilir: “...Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.

         Ötən əsrin əvvəllərində Rusiyada baş verən fevral inqilabının qələbəsindən və oktyabr çevrilişindən sonra ucqarlarda da vəziyyət xeyli ağırlaşmışdı. Bu zaman imperiyanın tərkib hissəsi kimi Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da gərgin vəziyyət yaranmışdı. Muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələr, Andranik başda olmaqla erməni quldurlarının törətdikləri milli qırğınlar, bununla əlaqədar olaraq dəhşətli və faciəli şəkil almış ictimai və siyasi vəziyyət Cənubi Qafqaz hüdudları çərçivəsindən kənara çı- xaraq beynəlxalq problemə çevrilmişdi.

          O zaman Naxçıvan regionunu idarə etmək üçün 1918-ci ilin ortalarında Cəfərqulu xanın başçılığı ilə Naxçıvanın vətənpərvər qüvvələrini, müəllim və ziyalıları birləşdirən Müsəlman Milli Komitəsi yaradılmışdı. Naxçıvanda yaradılan bu Milli Komitə əhalisi azərbaycanlıllardan ibarət olan Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz bölgələrini öz himayəsi altına almışdı. Lakin bu ərazi və torpaqlar üzərində “Böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan ermənilər həmin əraziləri işğal etmək niyyətlərindən bir anlıq da olsa əl çəkmək istəmirdilər və indi də bu xülya ilə yaşayırlar.

AXC dövründə olduğu kimi bolşevik hakimiyyəti dövründə də Azərbaycana qarşı iddia edilən ərazi məsələləri davam etdirilrdi ki, bu ərazilər də əsasən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.

          1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi, ertəsi gün-iyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası adlandırdı. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov (Bektaşi) Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və ona birləşməyə hazır olduğunu bildirdi.

          29 noyabr 1920-ci ildə Azərbaycan torpaqlarında Ermənistan SSR-nin yaradılmasından və ertəsi gün-noyabrın 30-da N.Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşr edilməsindən  sonra ermənilərin Naxçıvana olan iddiaları daha genişləndi. Bu zaman V.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistan hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə görə Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə əsasında xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Ermənistan sovetləşdikdən sonra sovet rəhbərlərinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpaqlarının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində sayca 9-cu olan Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsilə Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı, nəticədə onun muxtariyyəti məsələsi gündəliyə gəldi. Bu məsələlərdən bəhs edən ulu öndər Heydər Əliyev qeyd edirdi ki, “əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

          Sovet rəhbərlərinin Azərbaycana qarşı bu cür mənfi münasibətinə və N.Nərimanovun Naxçıvanla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanatına görə dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı B.Şahtaxtınskini Naxçıvana göndərdi. Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında B.Şahtaxtınski mühüm rol oynadı.Belə ki, Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktublarda və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir.

Ermənilər öz iddialarından əl çəkmədikləri üçün Naxçıvan məsələsi ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədilə Behbua ağa Şahtaxtınskinin təşəbbüsü ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda “Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda (referendumda) bölgə əhalisinin 90 faizdən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi”.

          Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında Moskvada keçirilən görüşlərdə də qızğın müzakirə obyekti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılılan, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.

          Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Naxçıvan bölgəsinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil etməsi müqavilənin üçüncü maddəsində razılaşdırılmışdı. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi əhəmiyyətə malik oldu. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi.

          Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Qars müqaviləsinin rolu danılmazdır. Naxçıvanın ərazi bütövlüyünün qorunmasında, onun dövlətçilik mövcudiyyətinin qorunmasında müstəsna rolu olan Qars müqaviləsi çox ağır bir şəraitdə bağlanmışdır.

1921-ci ilin sentyabrın 26-da başlayan Qars konfransı oktyabrın 13-də dostluq haqqında bir tərəfdən Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası, digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə bağlanmış müqavilə ilə başa çatdı. Millətlərin qardaşlığı prinsipinə və xalqların öz müqəddəratını sərbəst təyinetmə hüququna şərik çıxan, aralarında hər zaman qarşılıqlı mənafeyə əsaslanan daimi mehriban münasibət və səmimi dostluq yaratmaq arzusundan ruhlanan Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası Hökumətləri bir tərəfdən, Türkiyə Böyük Millət Məclisi Hökuməti digər tərəfdən, Rusiya Sosialist Federativ Sovet Respublikası Hökumətinin iştirakı ilə Dostluq Müqaviləsi imzalamaq məqsədi ilə danışıqlara başlamağı qərara aldılar və bu məqsədlə:

          Türkiyə Böyük Millət Məclisi Hökuməti: Böyük Millət Məclisində Ədirnə millət vəkili və Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşanı, Böyük Millət Məclisində Burdur millət vəkili Vəli bəyi, İctimai işlər Statskatibinin keçmiş müavini Mutar bəyi və Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Məmduh Şövkət bəyi; Ermənistan Sosialist Sovet Respublikası Hökuməti: Xarici İşlər üzrə Xalq Komissarı Əsgənaz Mravyanı və Daxili İşlər üzrə Xalq Komissarı Poqos Makinzyanı; Azərbaycan Sosialist Sovet Respublikası Hökuməti Dövlət Nəzarəti Xalq Komissarı Behbud Şahtaxtinskini; Gürcüstan Sosialist Sovet Respublikası Hökuməti Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı Şalva Eliavanı və Xarici İşlər və Maliyyə İşləri üzrə Xalq Komissarı Aleksandr Svanidzeni; Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti: Latviyadakı nümayəndə Yakov Qanetskini səlahiyyətli nümayəndə təyin etdilər. Müvəkillər lazımi və qanuni formada olan səlahiyyətlər mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

“Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Qars müqaviləsinin “Naxçıvanın ərazisi” başlıqlı 3-cü əlavədə bölgənin sərhədləri bu coğrafi hüdudlarda müəyyənləşdrildi: ”Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o Ermənistan Sosialist Sovet Respublikasına qalır), sonra düz xəttlə qərbi Daşburun dağını (3142)-oradan şərqi Daşburun dağını (4108)- cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqsik) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhəddini, oradan Şərur-dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868)-Qurdqulaq (Kurt Kulaq) kəndi-Həməsür dağı (8160)-8022-ci yüksəklik-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi. 20 maddədən və 3 əlavədən ibarət olan bu müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edirdi: “Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 saylı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdırlar”. Müqavilə Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi.Müqavilənin hazırlanması, razılaşdırılması və imzalanması prosesində Naxçıvan ölkəsinin mənafeyini konfransda müdafiə etmək üçün Naxçıvan SSR-in XKS Şərur rayonunun Cəlilkənd kənd sakini Tağı Səfiyevi Qarsa ezam etmişdi.

          Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransında Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edilmişdi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır. 

Müqavilənin ratifikasiya olunmasını nəzərdə tutan sonuncu-20-ci maddədə ratifikasiya fərmanlarının mübadiləsinin İrəvanda həyata keçirilməsi qeyd olunmuşdu. Qars müqaviləsi onun imzalanmasından sonra dərhal qüvvəyə minən 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisna olmaqla ratifikasiya fərmanlarının mübadilə olunduğu andan qüvvəyə minməli idi. Müqavilə Azərbaycan SSR MİK tərəfindən 3 mart 1922-ci ildə, Türkiyə Böyük Məclisi tərəfindən 16 mart 1922-ci ildə, Ermənistan SSR MİK tərəfindən 20 mart 1922-ci ildə, Gürcüstan MİK tərəfindən 14 iyun 1922-ci ildə ratifikasiya edilmiş və RSFSR-in iştirakı ilə ratifikasiya fərmanlarının mübadiləsi 11 sentyabr 1922-ci ildə İrəvanda keçirilmiş və həmin vaxtdan qüvvəyə minmişdir.

          Xalqın əzmli müqaviməti və dönməz iradəsi, Türkiyənin yardımı, əsl milli siyasətçi və diplomat olan B.Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb edən bir faktdır.

          Ümummili lider Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövrü, eləcə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu.

          1998-ci il yanvar ayının 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxış edən tanınmış siyasi xadim Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək deyirdi: “Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda Sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdir ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir… Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi… Fikirləşmək lazımdır, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunubdu? Çünki o vaxtlar Naxçıvana göz dikənlər çox idi”.

          Azərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il fevralın 4-də “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi” haqqında Fərmanında deyilir: “Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir”.

1999-cu ilin oktyabr ayında Naxçıvanda keçirilən yubiley tədbirləri həm Qars müqaviləsinin ləğvi ilə bağlı iddialarla çıxış edən Ermənistan dövlətinin rəhbərlərinə Azərbaycanın rəsmi mövqeyinin nümayişi kimi, həm də Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini sübut edən vacib fakt kimi qiymətləndirilə bilər.

          Müəyyən dövrlərdə Qars müqaviləsinin ləğv olunmasına lüzumsuz cəhdlər edilmişdir. II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına çalışırdı. 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri müxtəlif kütləvi informasiya vasitələrində gündəmə gəlmişdir.Əsası olmayan bu uğursuz cəhdlər tam iflasa uğramışdır.

          Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası çox çətinliklərlə qarşılaşdı və erməni hücumları ilə üzləşdi. Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Həmin illərdə muxtar respublika ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Ali Məclis Sədrinin rəhbərliyilə bölgədə mövcud olan problemlərin həllinə başlandı. İqtisadiyyatın dirçəlməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xüsusi fikir verildi. Muxtar Respublikanın xarici əlaqələri xeyli artdı. Yeni iş yerləri yaradıldı. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı abadlıq, tikinti-quruculuq və bərpa işləri genişləndi. Bütün təsərrüfat sahələrinin, o cümlədən kənd təsərrüfatı və sənayenin inkişaf etdirildiyi Naxçıvan Muxtar Respublikasında rayon mərkəzləri və kəndlər tamamilə yenidən quruldu. Xalqın milli və mənəvi sərvətlərinin, böyük tarixi dəyərə malik abidələrin tədqiqi, mühafizəsi və bərpası sahəsində bir sıra mühüm dövlət qərarları qəbul edildi, onların qorunub saxlanması işində kompleks tədbirlər hətata keçirildi.

          Bu gün inkişaf dövrünü yaşayan Naxçıvan muxtariyyət statusunun qarantı kimi Qars müqaviləsinin 100-cü ildönümünü qürur və fəxrlə qeyd edir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

   Qars müqaviləsi Şərq cəbhəsində təhlükəsizliyin təmin edilməsində son və mühüm mərhələ olmuşdur. Bu müqavilə, əslində, 16 mart 1921-ci ildə imzalanan Moskva andlaşmasının yenidən təsdiqi idi. Fərq isə ondan ibarət idi ki, bu andlaşmanı sovetləşmiş Qafqaz ölkələri imzalamışdır. Qars müqaviləsi ilə Şərq sərhədimiz bu üç ölkə tərəfindən də təsdiq edilmiş və ziddiyyətli məsələlər aradan qaldırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən, bu il müqavilənin 100 illiyi muxtar respublikamızda geniş qeyd edilir. Müvafiq Sərəncamla “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. İnanırıq ki, bu Sərəncamın işığında Qars müqaviləsinin tarixi yenidən və daha ciddi araşdırılacaq, bu tarixi sənədlə Naxçıvanın muxtariyyət statusunun təsbiti və erməni işğalından qurtuluşu məsələlərinə bu günün prizmasından baxaraq daha dəqiq qiymət veriləcəkdir.

 

                                                                                                               Yaşar RƏHİMOV 

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya

və Arxeologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR