21 Dekabr 2024, Şənbə

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin hazırlamış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə muxtar respublikada məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Muxtar respublikada son 10 ildə sahibkar­lıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye sahəsində 3,3, kənd təsərrüfatında 2,2, əsas kapitala yönəldilən investisiyalarda 2,1, informasiya və rabitə sektorunda 1,5 dəfə artım olmuşdur. Bu dövrdə 36 min 746 yeni iş yeri açılmış, ortaaylıq əməkhaqqı 2,7 dəfə artmışdır.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Cari ilin 9 ayında 207 sağlamlıq imkanları məhdud şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 492 nəfər reabilitasiya vasitələri ilə təmin edilmiş, 2 nəfərin ölkə dахilində müаlicəsinə, 12 nəfərin sоsiаl-məişət şərаitinin yахşılаşdırılmаsına köməklik olunmuş, 211 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir. Öz sağlamlıqlarını müharibədə itirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi zamanı sağlamlıq imkanları məhdudlaşan və onlara bərabər tutulan şəxslərdən 526-sı minik avtomobili, 256 sağlamlıq imkanları məhdud şəxs və şəhid ailəsi isə mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına sosial qayğıya ehtiyacı olan ailələrin əmək-qabiliyyətli üzvlərinin fəal əməyə və özünüməşğulluq proqramına cəlb olunmasıdır. Təkcə cari il ərzində sosial qayğıya ehtiyacı olan 250 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, həmçinin müxtəlif sahələr üzrə əmək materialları və müvafiq avadanlıqlar təqdim edilmişdir. Həyata keçirilən bu tədbirlər nəticəsində, muxtar respublikada əhalinin yoxsulluq səviyyəsi 1 faizlik göstəricidən də aşağı olmuşdur.
Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR