Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur.
Araz kənd məktəbində hərtərəfli tədris şəraiti yaradılıb
Oktyabrın 1-də - Müəllimlər Günü ərəfəsində Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 88 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana və idman zalı yerləşir. Kitabxana fondunda 1840 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir. Şagirdlərin hazırladıqları “Təmassız tullantı qutusu” və “Avtomatik suvarma sistemi” layihələri təqdim edilmişdir.
Müəllim Mirvari Qurbanova demişdir: “Məktəbimizdə STEAM təlim metodunun tətbiqi, STEAM kabinəsinin yaradılması müəllimlərə müasir metodlarla işləməyi öyrətməklə yanaşı, şagirdlərin yeni texnologiyaları mənimsəməsinə, tədrisdə yeni təlim üsullarının tətbiqinə və inkişafına geniş imkanlar yaradır. Bu, layihə əsaslı öyrənmə və fənlərarası əlaqə yaradan bir təhsil sistemidir. STEAM təhsil metodunda ənənəvi yanaşmadan fərqli olaraq, uşaqlar praktik üsullardan istifadə edərək öyrənirlər. Bu vasitə ilə daha yaxşı qavrayır, robot yaratmaqla, kodlaşdırmaqla və yaxud hər hansı layihəni tətbiq etməklə riyaziyyat, fizika, kimya və biologiya elmlərinin dərinliklərini dərk edirlər. Bu yanaşma ilə yetişən şagirdlər gələcəkdə yeniliklər edə bilir, düşünən, yaradan və sağlam təfəkkürlü bir nəsil kimi formalaşır”.
Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Nizami Gəncəvi-880” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılmışdır. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə bu sahədə biliklərini daha da möhkəmləndirəcəklər.
Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman dərslərinin mühüm rolu vardır. Məktəbin lazımi əyani vasitələrlə təchiz olunan geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir. Şahmat otağına baxış zamanı bildirilmişdir ki, ümumtəhsil məktəblərinə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən nəşr olunmuş “Həvəskardan ustaya qədər...”, “Şahmat incilərini tapmaq” və “Naxçıvan şahmat diyarı” adlı yeni dərs vəsaitləri verilmişdir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada 200-dən artıq məktəbin tikintisi, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində 50 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. Hazırda Babək rayonunda Sirab və Göynük məktəblərində tikinti və yenidənqurma işləri həyata keçirilir. Araz kənd ümumi orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, tədrisin yüksək səviyyədə təşkili üçün müasir şərait yaradılmışdır. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə keçirilən nümunəvi dərslər, məktəb-muzey, məktəb-akademiya əlaqələri şagirdlərin biliklərinin artırılması ilə yanaşı, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, dərslik və tədris proqramları nəşr edilmiş, 200-dən çox müəllim STEAM təlimlərinə cəlb olunmuşdur. Muxtar respublikada müəllim əməyinə verilən dəyərdən danışan təhsil naziri bildirmişdir ki, son üç ildə 726 gənc kadr ümumtəhsil məktəblərində müəllim və müxtəlif vəzifələrə təyin olunmuş, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuş, 505 müəllim şahmat sertifikatı ilə təmin edilmiş, müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılmışdır. Müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər muxtar respublikanın təhsil müəssisələrində çalışan 400-dən çox müəllim fəxri ad və medalla təltif edilmiş, 24 ümumtəhsil məktəbi “Ən yaxşı məktəb”, 40 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Məktəbin gənc müəllimi Nazlı Nəcəfova minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Araz kəndində kompleks quruculuq və abadlıq işləri aparılmışdır. Bu gün Araz kənd ümumi orta məktəbi yeni binada fəaliyyətə başlayır. Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlərimiz üçün bundan böyük hədiyyə ola bilməz. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı da diqqətdə saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, orta təhsilimi 580 balla başa vuraraq Ali Məclis Sədrinin mükafatına layiq görülmüş, Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını bitirmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Araz kənd ümumi orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər 3 gənc kadr da müsabiqədən yüksək nəticə əldə edərək bu məktəbdə fəaliyyətə başlamışdır. Bu cür möhtəşəm, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə işləmək böyük arzumuz idi. Arzumuz reallığa çevrildi”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd ümumi orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün Araz kəndinin həyatında əlamətdar gündür. Çünki kənd yenidən qurulub. Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu təhsil ocağında yaradılan təminat mərkəzlərdəki məktəblər ilə eyni səviyyədədir. Məktəb ümumxalq işidir. Ona görə ki, məktəblərdə ölkənin gələcəyi hazırlanır. Dövlət lazımi şəraiti yaradır. Kollektiv bu imkanlardan səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə yaradılmalıdır. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrinə görə muxtar respublika liderdir. Yəni 72 faizdən artıq gənc ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb.
Ali Məclisin Sədri bu münasibətlə muxtar respublika müəllimlərinə təşəkkürünü bildirərək demişdir: Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin günün tələbləri səviyyəsində yetişməsinə imkan verir. XXI əsr yeni texnologiyalar əsridir. Ona görə də məktəblərdə lazımi şərait yaradılmalı, tədris yeni texnologiyalar əsasında qurulmalıdır. Araz kənd ümumi orta məktəbində də bu amil nəzərə alınmış, kompüter sinfi, laboratoriyalar, elektron lövhələr, STEAM kabinəsi və digər avadanlıqlar qurulmuşdur. Kollektiv bunlardan istifadə etməklə şagirdləri gələcəyə hərtərəfli hazırlamalıdırlar.
Ali Məclisin Sədri təhsil ocağının muxtar respublika məktəbləri arasında özünəlayiq yer tutacağına və tam orta məktəbə çevriləcəyinə əminliyini bildirmiş, kollektivə uğurlar arzulamışdır.
Binanın həyətində bufet, fərdi qazanxana, açıq idman qurğuları qoyulmuş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək
Oktyabrın 1-də Araz kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3000 kitab vardır. Rabitə evində yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 20 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 37 üzvü vardır ki, onlardan da 16-sı gənc, 16-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Musa Əliyev yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Bu gün Araz kəndi bayram əhval-ruhiyyəsindədir. Kənddə həyata keçirilən geniş quruculuq işləri sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Kəndimiz abad və müasir kəndlər sırasına qoşulmuşdur. Ali Məclis Sədrinin qayğısı ilə bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rifahına və rahat yaşamasına xidmət edir. Quruculuq işlərindən Yeni Azərbaycan Partiyası Araz kənd ərazi ilk təşkilatına da pay düşmüş, müasir iş şəraiti yaradılmışdır. Söz veririk ki, göstərilən qayğıya cavab olaraq öz işimizi layiqincə yerinə yetirəcək, bundan sonra da muxtar respublikanın inkişafında partiya üzvləri fəallıq göstərəcəklər”.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Nəriman Hüseynov demişdir: “Kənd sakinləri, əsasən, əkinçilik, heyvandarlıq və maldarlıqla məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, təsərrüfatlarda istehsal olunan məhsulların bazarlarda satışı həyata keçirilir, təsərrüfat sahibləri ailə büdcələrini artırır. Bu gün bizə şəhərdən geri qalmayan kənd hədiyyə edilmişdir. Biz də yaradılanlardan səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq”.
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.
Ali Məclisin Sədri baytarlıq işinin əhəmiyyətini vurğulayaraq muxtar respublikada özəl baytarlıq məntəqələrinin yaradılması ilə əlaqədar tapşırığın verildiyini bildirmiş, kadr təminatına diqqəti çəkmiş, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının və digər maarifləndirmə tədbirlərinin iclas zalında keçirilməsi barədə tapşırıqlar vermişdir.
Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
Məntəqə müdiri Şərəbanu Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Əvvəllər məktəbin tərkibində ayrılmış bir otaqda fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılmış, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunmuşdur. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün yeni imkanlar açır
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, mağaza və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 2 nəfər işlə təmin olunmuşdur.
Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Araz kəndində içməli su və kanalizasiya şəbəkəsi qurulub
Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur.
Oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əsasında Araz kəndinə içməli su Nehrəm qəsəbəsinə çəkilmiş ana xətdən götürülərək verilir. Kənddə 14,3 kilometr içməli su xətti çəkilmiş, 53 ev birləşməsi aparılmış, sayğac quraşdırılmış, su şəbəkəsi üzərində 2 yanğın hidrantı, müxtəlif diametrli 22 siyirtmə və 2 suboşaldıcı qoyulmuşdur. Araz kəndində 8,8 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilmiş, 53 ev birləşməsi aparılmış, şəbəkə Babək şəhər kanalizasiya xəttinə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salmışdır.
Yeni yolların salınması rahatlığa xidmət edir
Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulmuşdur.
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınmış, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 38 metal boru su keçidi qoyulmuş, 370 metr beton su kanalı çəkilmişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün şəhərtipli kənd qurularaq sakinlərin istifadəsinə verilir. Kəndə 9 kilometrə yaxın yol salınmış, bütün evləri əhatə edən su-kanalizasiya şəbəkəsi qurulmuş, kənd və xidmət mərkəzləri, məktəb, poçt, rabitə, internet xidmətləri müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilmişdir. Görülən işlər insanların rahat yaşamasına və kəndin inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli Qanunu ilə Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il iyunun 29-da imzaladığı digər Qanunla isə Araz kənd bələdiyyəsi yaradılmışdır. Ötən dövrdə kəndin inkişafı təmin edilmiş, məskunlaşma artmış, yeni evlər tikilmişdir. Bu gün qurulanlar, istifadəyə verilənlər də kəndin bundan sonrakı inkişafını, rahat yaşayışı təmin edəcəkdir.
“Qurulanlar işin bir tərəfidirsə, bunlardan səmərəli istifadə etmək isə əsas məsələdir”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, sakinlər kəndin inkişafını təmin etməli, məskunlaşma daha da artmalı, torpaqlardan səmərəli istifadə olunmalı, yaşıllıqlar salınmalı, ailə təsərrüfatları inkişaf etdirilməli, bir sözlə, yaradılan şərait kəndin bundan sonrakı inkişafını sürətləndirməlidir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bu gün Araz kəndinin timsalında görünür. Həyata keçirilən işlər ölkəmizdəki inkişaf, sabitlik, dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan aparılan uğurlu siyasət nəticəsində dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Ali Məclisin Sədri aparılan kompleks quruculuq işləri münasibətilə sakinləri təbrik etmişdir.
Araz kənd sakinləri adından minnətdarlıq edən Əqil Sadiqov demişdir: “Kənddə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan, uyğunlaşdırılmış binada əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə böyük quruculuq işləri görülmüşdür. Bu gün müasir məktəb binası, kənd və xidmət mərkəzləri, həmçinin içməli su və kanalizasiya şəbəkəsi qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Evlərimizə təmiz içməli su xətti çəkilmiş, kanalizasiya sistemleri qurulmuşdur. Hər cür şəraiti olan kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət edəcəklər. Məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılmışdır. Vaxtilə kənddə əhali ehtiyaclarını ödəmək üçün qonşu kəndlərə, ya da Naxçıvan şəhərinə üz tuturdu. İstifadəmizə verilən xidmət mərkəzi həm sakinlərin zəruri ehtiyaclarının ödənilməsinə köməklik edəcək, həm də vaxt itkisinin qarşısını alacaq. Yollarımız asfaltlanmış, kənddə müasir tipli ATS quraşdırılmış, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunmuşdur. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.
* * *
Araz kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 2150 metr yeni fiberoptik kabel, 2610 metr rabitə xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 71 yeni dirək basdırılmış, müxtəlif diametrli 4515 metr kabel xətti, 6710 metr məftil naqillər çəkilmiş, 2 transformator yarımstansiyası təmir olunmuşdur. Bundan başqa 173 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 1135 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti