21 Dekabr 2024, Şənbə

Ömər Faiq Nemanzadə xalqına məxsus dili, əlifbası olmasını arzulayan və bu yöndə xalqının xeyrinə bir çox işlər görən ziyalılarımızdandır. Onun əsərlərində, eləcədə mətbuatda dərc etdiyi bir sıra məqalələrində Azərbaycan dilinə məxsus bir əlifba olmasını və məktəblərdə bu əlifbadan istifadə etməklə xalqımızın balalarına milli dilimizin tədris olunmasını istəyirdi.

         Nemanzadə hər zaman ana dilimizə xor baxanları tənqid etmiş və onlarla mübarizə aparmışdır. O, Cəlil Məmmədquluzadə ilə birlikdə yaratdığı “Molla Nəsrəddin” jurnalının səhifələrində istər məqalələri ilə, istərsə də felyetonları ilə açıq şəkildə bunu bəyan etmişdir.

 

         Maarifçi-pedaqoq Nemanzadə qeyd edirdi ki, dilimizi tədris etmək üçün gərək onu xalqa sevdirək, bu da ki, dövrün ziyalılarının üzərinə düşürdü. Onlar qəzet və jurnallarda dərc etdikləri məqalələrdə öz sözlərimizdən istifadə etməklə, doğma dilimizi xalqa sevdirməlidir. Əgər ziyalılarımız bunu bacarmırlarsa avam camaat bunu necə anlasın.

          Ömər Faiq Nemanzadə dili millətin varlığı hesab edirdi. Elm, maarif və mədəniyyəti, təmiz ana dilində yazmağı, bu sahədə qonşu xalqlardan ibrət götürməyi odlu bir ürəklə təbliğ edirdi.

         Nemanzadə ölkəmizdə milli məktəblərin açılmasının, orada müsəlman uşaqlarına dərs verilməsinin tərəfdarı idi. Lakin xalqın maariflənməyə etinasız qalması onu xalqı oyandırmaq üçün işlər görməyə sövq edirdi.

         O “Axalsixdə” adlı məqaləsində yazırdı: “Camaatımız çox narahatdır. Nə yeni məktəblərimiz var, nə də əski! Azqurda müsəlmanların parası ilə keçinən 5 böyük meyxana, 6qəhvəxana vardır. Bu hesabca 40 min camaata bir üsul-cədid məktəbi düşdüyü halda 20 evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimizdə o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori müəllimlərdə bizdən ancaq bir müsəlman var.”

         Nemanzadə azərbaycanlı uşaqların məktəbə cəlb olunması ilə yanaşı ona ana dilimizdə təhsil verilməsini də tələb edirdi.

         Nemanzadə qeyd edirdi ki, bizim öz minlərcə türk sözlərimiz ola-ola onları onları buraxıb, ata yerinə pədər, ana yerinə madər, Tanrı yerinə haqq-təala və s. sözləri işlətməyi, hətta onlar ilə yazmağı özümüzə bir hünər saymağı ən böyük qəbahət hesab edirdi.

         O yazırdı ki, “İndi insaf ediniz, bir millət ki, ata, ana, su, çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. Dəxi bu halda nə deyə bilərik ki, mənimdə dilim və vücudum vardır”.

         Ana dilinin dərin , sonsuz sevgi duyğularını o, “Eşq və məhəbbət.”məqaləsində də ürək yanğısı ilə ifadə edirdi. Qeyd edirdi ki, “türk dili pisdə olsa özümündür. Halbuki dilimiz dünyadakı gözəl və asan dillərdən biridir. Elə asanlığı səbəbindəndir ki, bəzi millətlər arasında ümumi dil kimidir. Bir rum ilə erməninin türkcədən özgə dil ilə danışdıqlarını görməzsiniz Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad uşaqları ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar”.

          Bütün bunların hamısı, xalqın öz dilinə laqeydsizliyi maarifçini hiddətləndirirdi. O inanmırdı ki, dilini sevməyən, millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. “Dilimi sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. O milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurmasını yalançılığın təzə modasından özgə bir şey saymırdı”.

         Yazıçı “Yazımız, dilimiz, ikinci ilimiz” adlı məqaləsində yazırdı: “Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilə öyrənmək istəyib böyük zərərlərə, fəlakətlərə düçar oldular. “Düşün sonra iman gətir” qaydasını buraxıb” gözünü, beynini yum ərəb dili ilə, ərəbə. Müqəllidliklə iman gətir“ üsulunu təqib etdilər. Bu yol ilə həm özlərini, həm də bizləri bədbəxt etdilər”.

         Nemanzadə xalqına səslənirdi ki, dili məhəbbətin başlanğıcı bilək! Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək.

         Yeri düşəndə deyirik ki,camaatımız oxumur, oxumaq istəmir. Bunu demək doğru deyildir. “Hansı açıq dil ilə əsərlər yazıb camaatı oxumağa alışdirdıq ki, camaatdan şikayət eyləyək, onlara nə verdik ki, nə istəyək? Bir-iki para yazanlarımız ha qışqırırlar ki, “Qoymayın millət geri qaldı!”. Lakin millətin əsl geri qalmasına səbəb yazımızın, dilimizin izahı üçün, türkcəmizin işləməsi üçün heç çalışdılarmı?”

         Bu zamanda dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dili təlim eləsin? “Dünyada heç bir millət özgələrinin sərf qaydalarını nə cürə ki, var, eləcə qəbul edib, öz dilinə doldurmamışdır. Ancaq bircə biz özgələrinin başlarındakı sarıqları ilə bərabər ayaqlarının tozlarını da qəbul edib, gözlərimizə sürmə etmişik”.

         Bu üsuldan ölümdən qaçan kimi qaçmalıyıq. “Türk nə qədər ki, türklükdən, Türküstandan uzaq düşüb, əsrlərcə ərəb hökuməti və dini, fars ədəbiyyatı, nüfuzu altında qaldılar türklüklərini və türk dilini itirdilər”.

        Yazıçı-pedaqoq qeyd edir ki, “Məhəbbətimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci borcu olmalıdır. A canım! Biz özümüz bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də dtsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrinin bizi istəmələrini ummaq dəlilikdir”.

         Yekun olaraq qeyd edək ki, Ömər Faiq Nemanzadə ömrünün sonuna qədər ana dili və onun tədrisi ilə bağlı mübarizə aparmış və ana dilinin incəliyini, təmizliyini, sadəliyini xalqa sevdirməyə qadir olmuşdur.

 

         Solmaz CABBAROVA

Naxçıvan Dövlət Universitetinin müəllimi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR