06 Noyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər sırasında elmə, o cümlədən tarix və mədəniyyətimizin öyrənilməsinə diqqət və qayğı xüsusi yer tutur. Buna görə də elmi-tədqiqat işləri genişlənir, aparılan tədqiqatların səmərəliliyi artır, nəticədə, bölgə tarixinin müxtəlif problemləri ilə əlaqədar çoxlu əsərlər yazılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi yaradıldıqdan sonra bu iş daha sistemli şəkil almış, müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparılmağa başlanılmışdır. Bu işlərin nəticələri nəşr olunan kitab və monoqrafiyalarda, məqalələrdə öz əksini tapır. Muxtar respublikada yazılan kitab və monoqrafiyaların nəşri məsələsi də yüksək səviyyədə həll olunmuşdur. Hazırda muxtar respublikada yaradılan münbit şərait, xüsusilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi kimi möhtəşəm nəşriyyatın fəaliyyəti kitab nəşrinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Bu günlərdə Azərbaycanşünaslığın tərkib hissəsi kimi Naxçıvanşünaslıq elmi xəzinəsi yeni bir sanballı əsər ilə zənginləşmişdir. Akademik İsmayıl Hacıyevin “Araz-Türk Cümhuriyyəti” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunaraq elmi dövriyyəyə daxil edilmişdir. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 24 sentyabr 2019-cu il tarixli Sərəncamına əsasən nəşr edilən və Ali Məclis Sədrinin qeyd olunan Sərəncamı ilə açılan əsər giriş, 3 fəsil, 11 paraqraf, nəticə, əsərin yazılmasında istifadə edilmiş mənbə və ədəbiyyatlar, şəxsi və coğrafi adlar göstəricisi və əlavələrdən ibarətdir. Akademik İsmayıl Hacıyev əsərdə Araz-Türk Cümhuriyyətinin yaranması ərəfəsində Naxçıvan diyarında hərbi-siyasi vəziyyətdən bəhs edir, çar Rusiyasının I Dünya müharibəsində məğlubiyyətindən sonra imperiyada və onun ucqarlarında, o cümlədən Cənubi Qafqazda baş verən hadisələrdən, yaranmış mürəkkəb vəziyyətdən bəhs edir. Akademik haqlı olaraq bu nəticəyə gəlir ki, ermənilər özləri üçün yaranmış əlverişli vəziyyətdən istifadə edərək Azərbaycana, həmçinin onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddialarına başlamış, öz çirkin niyyətlərini həyata keçirmək üçün ərazimizə silahlı müdaxilələr təşkil etmiş, günahsız insanları qətlə yetirmiş, yaşayış məskənlərini viranəyə çevirmişlər. Bölgədə ağır olan vəziyyəti Azərbaycan xalqının qəddar düşməni Andronik Ozanyanın quldur dəstələrinin əraziyə hücumları daha da gərginləşdirmişdi. Alimin kitaba daxil etdiyi Stepan Şaumyanla Andronik Ozanyanın bir-birinə göndərdiyi teleqramlar Azərbaycan xalqının bu iki qəddar düşməninin iç üzünü açmaq, onların bir-biri ilə əlaqəli fəaliyyət göstərmələrini ifşa etmək baxımından çox dəyərli sənədlərdir. Vəziyyətin son dərəcə ağır olduğunu görən qabaqcıl insanlar Naxçıvanı erməni təcavüzündən, əhalini qırğından qorumaq məqsədilə kömək üçün Osmanlı dövlətinə müraciət etmişdi. Naxçıvana gələn Osmanlı dövlətinin hərbi birləşmələri yerli əhalinin köməyi ilə erməni quldur dəstələrinin törətdiyi vəhşiliklərə son qoymuş və Naxçıvanı erməni təcavüzündən qorumuşdu.

Ancaq Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlubiyyətdən sonra 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsini imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə əsasən Osmanlı ordusu bütün Azərbaycanda olduğu kimi, Naxçıvanı da tərk etdi. Naxçıvanı tərk edərkən Türk ordusunun komandanı Kazım Qarabəkir Paşa demişdi ki, “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”. Belə bir cümhuriyyət Araz-Türk Cümhuriyyəti oldu.
Akademik İsmayıl Hacıyev yazır ki, Araz-Türk Cümhuriyyətinin yaradılmasının əsas təşəbbüskarı naxçıvanlılar və şərurlular olmuş, ordubadlılar isə bu təşəbbüsü müdafiə etmişlər. Beləliklə, 1918-ci ilin noyabr ayında Araz-Türk Cümhuriyyəti yaradıldı. Bu dövlətin hökumətinin başçısı Əmir bəy Nərimanbəyov oldu. Müəllif əsərdə Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturlarının təşkili, Cümhuriyyətin ərazisi (8696 kvadratkilometr), əhalisi (təxminən, 1 milyon nəfər), mərkəzi, hərbi qüvvələrin yaradılması, onun bölgənin ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti və Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti ilə əlaqələri haqqında təhlillər aparmış, obyektiv nəticələrə gəlmişdir. Həmçinin müəllif kitabda Araz-Türk Cümhuriyyətinin süqutu və bundan sonra bölgədə yaranmış vəziyyəti də təhlil etmişdir.
Akademik İsmayıl Hacıyev haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, qısa müddət yaşamasına baxmayaraq, Araz-Türk Cümhuriyyəti qarşıya qoyulan məqsədə nail oldu, bölgəni erməni təcavüzündən qorudu. Şimali Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsində mühüm rol oynadı, ən başlıcası isə bölgənin ermənilərin əlinə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı və tarixi Azərbaycan torpaqlarını qoruyub saxladı”.
Akademik İsmayıl Hacıyev əsərdə zəngin arxiv və ədəbiyyat materialları əsasında Araz-Türk Cümhuriyyətinin tarixi ilə əlaqədar bir sıra mübahisəli məsələlərə aydınlıq gətirmişdir. İndiyədək Araz-Türk Cümhuriyyətinə həsr olunmuş kitab və məqalələrdə Araz-Türk Cümhuriyyəti hökumətinin başçısı Əmir bəyin soyadı Vəzirov, Əkbərzadə, Zamanbəyzadə və Nərimanbəyov kimi qeyd olunmuşdur. Müəllif bu soyadları təhlil edərək Əmir bəyin soyadının Nərimanbəyov olması qənaətinə gəlmişdir. Müəllif həm də əsərdə Toğrul və Vidadi Nərimanbəyov kimi görkəmli şəxsiyyətlərin Əmir bəy Nərimanbəyovun nəvələri olması haqqında məlumat vermişdir.
Araz-Türk Cümhuriyyətinin paytaxtı məsələsi də tarixşünaslığımızda mübahisəli problemlərdən biridir. Onun paytaxtı tarixçilər tərəfindən tədqiqat əsərlərində Qars, İqdır, Qəmərli və Naxçıvan kimi qeyd olunmuşdur. Arxiv materiallarını və tədqiqatçıların fikirlərini təhlil edərək tarixi faktları və məntiqi mülahizələri, xüsusilə Naxçıvan şəhərinin erməni hücumlarından bir qədər uzaqda yerləşməsini, bu Cümhuriyyətin yaradılmasının təşəbbüskarının naxçıvanlılar və şərurlular olmasını, hökumətin qərargahının Naxçıvanda yerləşməsini, belə bir Cümhuriyyətin yaradılmasının Kazım Qarabəkir Paşanın iştirakı ilə Naxçıvanda müzakirə olunmasını və sair əsas götürərək müəllif Araz-Türk Cümhuriyyətinin mərkəzinin Naxçıvan şəhəri olduğu qənaətinə gəlmişdir.
Həmçinin akademik İsmayıl Hacıyev Cümhuriyyətin yaranması və süqutu məsələsini də təhlil edərək müvafiq nəticələrə gəlmişdir. Məlumdur ki, tarixşünaslığımızda Araz-Türk Cümhuriyyətinin 1918-ci ilin ok­tyabrında, noyabrın 3-də, noyabrın 18-də və sair vaxtlarda yaranması fikri vardır. Müəllif bütün bu fikirləri nəzərdən keçirmiş və dövlətin 18 noyabr 1918-ci ildə yaranması fikrini əsaslandırmışdır. Həmçinin Cümhuriyyətin 30 noyabr 1918-ci ildə, 1919-cu ilin iyunun sonunda süqut etməsi fikirləri tarixşünaslığımızda özünə yer almışdır. Akademik İsmayıl Hacıyev bu fikirləri təhlil süzgəcindən keçirmiş, belə bir nəticəyə gəlmişdir ki, Araz-Türk Cümhuriyyəti 1919-cu ilin əvvəlində, ingilislərin Naxçıvana gəlməsi ilə süqut etmiş, tarix səhnəsindən çıxmışdır.
Ümumiyyətlə, əsər akademik İsmayıl Hacıyevin elmi dövriyyəyə daxil etdiyi yeni faktlarla çox zəngindir. Əsərin əhəmiyyətini artıran cəhətlərdən biri də yeri gəldikcə Cümhuriyyət rəhbərlərinin, hökumət üzvlərinin, həmin dövrdə Naxçıvanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxsiyyətlərin (Cəfərqulu xan Naxçıvanski, Kərim xan İrəvanski, Rəhim xan Naxçıvanski, Mir Hidayət bəy Seyidov, Əmir bəy Nərimanbəyov, İbrahim bəy Cahangiroğlu, Məhəmməd xan Təkinski, III Kalbalı xan Naxçıvanski, Bəhram xan Naxçıvanski, Əli Səbri Qasımov və sair) qısa tərcümeyi-hallarının verilməsi, əsərə şəxsi və coğrafi adların göstəricisinin daxil edilməsidir. Belə ki, əsəri oxuyan hər bir kəs Araz-Türk Cümhuriyyətinin yaradılmasında əməyi və fəaliyyətində rolu olan həmin şəxsiyyətlər haqqında məlumat alır, şəxsi və coğrafi adlar göstəricilərinin köməyi ilə istədiyi, maraqlandığı hər hansı bir məsələni asanlıqla tapa bilir. Həmçinin əsərə daxil edilən əlavələr, o cümlədən arxiv materiallarının surəti, xəritələr, Cümhuriyyət rəhbərlərinin fotoşəkilləri və sair əsərin dəyərini xeyli artırır.
Fikrimizcə, “Araz-Türk Cümhuriyyəti” kitabı artıq uzun müddətdir ki, Naxçıvanın Azərbaycan dövlətçilik tarixində yeri və rolu məsələsi ilə məşğul olan və bu sahədə çox sanballı əsərlərə imza atan akademik İsmayıl Hacıyevin bu sahədə növbəti uğurudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 2019-cu il 24 sentyabr tarixli Sərəncamının preambula hissəsində qeyd olunduğu kimi, Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alaraq imzalanan Sərəncama əsasən hazır­lanan bu əsər Naxçıvanşünaslıq elmi xəzinəsinə çox dəyərli töhfədir.

İnanırıq ki, akademik İsmayıl Hacıyev gələcəkdə də araşdırılması tariximiz üçün çox aktual və vacib olan Azərbaycan dövlətçiliyi tarixində Naxçıvan mövzusunu daha dərindən və ətraflı tədqiq edəcək, Naxçıvan ərazisində yaranan dövlətlər (Naxçıvanşahlıq, Azərbaycan Atabəyləri dövləti, Naxçıvan xanlığı, Naxçıvan adını özündə əks etdirən inzibati-ərazi vahidləri, o cümlədən Naxçıvan tüməni, Naxçıvan sancağı və sair), eyni zamanda Naxçıvanın daxil olduğu dövlətlərin tərkibində oynadığı rol və tutduğu mövqe ilə əlaqədar ərsəyə gətirdiyi yeni əsərləri ilə oxucuları sevindirəcəkdir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR