Həyatı jurnalistikasız təsəvvür etmək mümkün deyil. Müasir dövrdə isə çoxsaylı texnoloji vasitələrin çoxluğu informasiya mənbələrinin sayını artırsa da, peşəkar jurnalistikaya daha çox ehtiyac duyulur. Çünki informasiya peşəkarların əlində olanda cəmiyyətə daha obyektiv çatdırılır. Bu mənada jurnalist kadrların hazırlığı dövrün ən aktual məsələlərindən biridir. Regionun mötəbər ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə fəaliyyəti ilə seçilir. Belə ki, bu il universitetdə jurnalistika ixtisasının fəaliyyətə başlamasının 20 ili tamam olur. Elə bu yazıda da cəmiyyətdə baş verən hadisələrə düzgün yanaşmağın, obyektiv, qərəzsiz olmağın yollarını öyrədən jurnalistika kafedrasının keçdiyi şərəfli yola nəzər salmaq istədik. Müsahibimiz Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyevadır.
– Şəhla xanım, jurnalistika kafedrasının fəaliyyətə başlanması tarixinə nəzər saldıqda ilk illəri necə xatırlayırsınız?
– Muxtar respublikanın jurnalist kadrlarla təmin olunması məqsədilə 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə universitetdə jurnalistika ixtisası açılmış, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılmış, 2005-ci ildən etibarən isə Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanmışdır. Jurnalistikanın ilk tələbələri həqiqətən müəllimlərin yaddaşında intelektli, savadlı, çalışqan məzunlar kimi yadda qalıblar. İlk illərdə fənlərin tədrisində müəyyən çətinliklərin olmasına, ixtisasla bağlı kitabların çatışmazlığına baxmayaraq tələbələr dərslərə çox həvəslə yanaşırdılar. İxtisasın açıldığı ilk illərdə Bakı Dövlət Universitetinin Jurnalistikan nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bir neçə dəfə universitetimizə dəvət olunmuş, tələbələrlə seminar təşkil olunmuşdur. Jurnalistika və media idarəçiliyi üzrə mütəxəssis Emin Hüseynzadə müəlim və tələbələr üçün “İnternet jurnalistika” mövzusunda seminar keçmiş, eyni zamanda tələbələr ASA-nın (Azerbaijan Study Academy) Azərbaycan Tədris Məktəbinin Nitq mədəniyyəti və juranlistika təlimçisi, tanınmış jurnalist İlhamə Novruzovanın Naxçıvanda keçdiyi təlimlərdə iştirak etmişlər. Bəxtiyar Sadiqov, İlham Tumas, Əflatun Amaşov, Rəşad Məcid və digər tanınmış jurnalistlərlə görüşlər tələblərdə jurnalistika sənətinə sevgi aşılamaq, peşə səriştəliliyi öyrətmək baxımından faydalı oldmuşdu.
– Siz jurnalistikanı necə sənət hesab edirsiniz, doğuşdan insanla birgə gələn, yoxsa sonradan qazanılan?
– Jurnalistika deyəndə ilk növbədə bir peşə olduğunu düşünürsən. Məlumdur ki, jurnalistin vəzifəsi cəmiyyəti operativ şəkildə informasiya ilə təmin etmək, xəbər çatdırmaq, məlumatlandırmaqdır. Jurnalistika praktik cəhətdən bir peşə sayılsa da, eyni zamanda həm də bir elmdir. Digər elm sahələrində olduğu kimi jurnalistikanın da nəzəriyyəsi var. Və professional jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün jurnalistikanın nəzəriyyəsini bilmək olduqca vacibdir. Adətən “jurnalistika xəbərdən başlayır” deyirik. Təbii ki, xəbərin nə olduğunu bilməlisən ki, jurnalistikada ilk addımını ata biləsən. Bu səbəbdən nəzəriyyəni bilmək olduqca vacibdir. Sadəcə digər elm sahələrindən fərqli olaraq jurnalistikada təcrübə nəzəriyyəni üstələyir. Yəni nəzəriyyəni öyrənib təcrübəyə tətbiq edə bilməsən jurnalist kimi çalışmaq qeyri mümükündür.
– Bu gün jurnalistikanın missiyası və rolu barədə müxtəlif mülahizələr söylənilir, bəs sizcə, bu peşənin əsas missiyası nədən ibarətdir?
– Jurnalistikanın əsas missiyası cəmiyyəti ictimai maraq kəsb edən, maraqlandıran informasiya ilə təmin etməkdir. Bu informasiyanı çatdırarkən həm də cəmiyyətdə ictimai rəy formalaşır. İctimai rəy məişətdən tutmuş dövlət idarəçiliyinə, siyasətədək bütün sahələrə öz təsirini göstərir. Cəmiyyətə xidmət edən jurnalist çiynində ictimai yük daşıyır. Buna görə də jurnalistika həm də həqiqətə xidmət etməlidir, yəni həqiqəti deməli, həqiqəti yazmalıdır. İnformasiya doğru, dürüst, dəqiq, qərəzsiz olmalıdır. Bundan başqa bildiyimiz kimi jurnalistikanın üç əsas funksiyası da var ki, bunlara bilgiləndirmək maarifləndirmək və əyləndirmək kimi fundamental keyfiyyətlər daxildir.
– Jurnalistikadan söz açılanda hər zaman deyilir ki, jurnalist peşəkar olmalıdır. Jurnalistikada peşəkarlıq nədir və peşəkar əsas nəyi bilməlidir?
– Peşəkarlıq öz peşəsinin kamil bilicisi olmaq, hamının zövqünü oxşayan, başqa söz-lə desək, mövcud standartlara cavab verən keyfiyyətli məhsul hazırlamaq qabiliyyətidir. Jurnalist peşəkarlığı isə geniş anlayışdır və jurnalistikada peşəkarlıq çox böyük rol oynayır. Fəaliyyətini düzgün qura bilmək üçün hər bir peşəkar jurnalist jurnalistikanın nəzəriyyəsini, prinsiplərini, fəlsəfəsini, standartlarını da bilməlidir. Dövlət başçısı cənab İlham Əliyevin mətbuatla bağlı 2 iyun 2015-ci ildə imzaladığı sərəncamda- “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sənəddə jurnalistikada peşəkarlıq ilk yerdə göstərilmişdir: “Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”. Burada jurnalist peşəkarlığı hətta obyektivlik və qərəzsizlik prinsipindən də önə keçirilib. Çünki peşəkar jurnalist hər zaman jurnalistikanın qərəzsizlik, vicdanlılıq, obyektivlik, balanslılıq kimi beynəlxalq prinsiplərinə əməl edir. Jurnalistika sahəsində peşəkarlıq istedad və bacarıqlarla yanaşı, həm də mənəvi keyfiyyətləri, o cümlədən, əxlaq və ləyaqəti də əhatə edir. Bundan əlavə peşəkarlıqdan danışırıqsa hər bir peşəkar jurnalistin özünəməxsus üslubu da olmalıdır. Əslində, peşəkarlıq jurnalist praktikasından gələn anlayışdır. Təcrübə göstərir ki, hər bir istedadlı jurnalistin peşəkarlıq səviyyəsinə çatmasından ötrü azı 15 il vaxt lazımdır.
– Hazırda yetərincə sayda gənc jurnalistikaya meyillidir. Amma sanki bəzilərini efirə çıxmaq, tanınmaq daha çox maraqlandırır. Bir müəllim kimi siz bunu necə qiymətləndirirsiniz?
– Əslində jurnalist tələbələrdə televiziya və radioya meyllilik elə ilk kurslarda hiss olunur. Bu səbəblərdən bir tanınmaq, efirdə görünməkdirsə, digər səbəb teleradioda çalışmağın mətbuata nisbətən daha asan olmasını düşünmələridir. Düzdür, hər birimizin efirdə görünmək, məşhurlaşmaq kimi həvəsimiz ola bilər. Bu çox normaldır. Amma televiziyaya meyl edən tələbələrin əksəriyyəti bunun məsuliyyətini dərindən dərk etmirlər. Çünki yaxşı müəllif, aparıcı olmaq üçün ciddi yaradıcılıq yolu keçməli, çalışmalısan. Məncə jurnalistikanın təməli mətbuatdan başlayır. Mətbuat jurnalisti çox asanlıqla televiziya və ya radio jurnalisti ola bilər. Əgər yaza bilirsənsə hər bir sahədə uğur qazana bilərsən. Çünki televiziyada da, radioda da hər bir verilişin müəyyən planı, ssenarisi olur. Yaxşı ssenari olmadan maraqlı, keyfiyyətli veriliş hazırlamaq olmaz. Deməli, efirdə görünmək həvəsi hələ əsas şərt deyil, əsas şərt bilikli olmaqla yanaşı yazı qabiliyyətinin, özünəməxsus üslub və yenilikçi fikirlərin, ideyaların olmasıdır.
– “Jurnalistika” kafedrası 20 yaşını hansı hesabatla və ovqatla qeyd edir?
– Naxçıvan Dövlət Universiteti muxtar respublikanın yüksək səviyyəli yerli jurnalist kadrları ilə təmin olunmasında fundamental baza rolunu oynayır. Bu 20 il ərzində 203 nəfər jurnalist məzunumuz olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri istedadlı və qabiliyyətli jurnalist məzunların iş yerləri ilə təmin olunmasına hər zaman xüsusi qayğı və həssaslıqla yanaşır. Jurnalist məzunlarımız bu gün Azərbaycanın, o cümlədən muxtar respublikanın ən müxtəlif kütləvi informasiya vasitələrində məsul vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Hətta məzunlarımızdan biri Kazım Kazımov Türkiyənin TV5 kanalında Xarici xəbərlər departamentinin populyar jurnalistlərindəndir. Ümumiyyətlə, muxtar respublikamızın demək olar ki, bütün dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin işçiləri bizm məzunlarımızdır. Məzunlarımızın böyük əksəriyyəti Azərbaycanın tanınmış kütləvi informasiya vasitələrində, informasiya agentliklərində peşəkar jurnalistika fəaliyyəti ilə məşğuldurlar. Qürurverici haldir ki, məzunlarımızdan Səadət Əliyeva, Samir Tarverdiyev, Məmməd Babayev, Çinarə İsmayılova bu gün universitetimizdə jurnalistikanın tədrisi ilə uğurla məşğuldurlar.
– “Jurnalistika” kafedrası qarşıdakı dövrə hansı planlarla addımlayır?
– Ali Məclis Sədrinin 15 fevral 2021-ci il tarixdə “Universitet” televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı, jurnalist ixtisasında dərs deyən müəllimlər, media mərkəzinin işçi heyəti və gənc jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayımına başlayıb. Bu gün peşəkar jurnalistlər formalaşdırmaq, gələcək kadrların inkişafı və təcrübəsi üçün əlverişli şərait mövcuddur. Naxçıvan Dövlət Universitetinin televiziyası, “Nuhçıxan” radiosu, “Yeni fikir” qəzeti tələbə jurnalistlərin yüksək səviyyədə yetişməsi üçün praktiki baza rolunu oynayır. İnanırıq ki, muxtar respublikada daim yenilik, yaradıcılıq axtarışında olan, dövlətçilik və vətənpərvərlik ruhunda formalaşan, dünya jurnalistikasının ən son nailiyyətlərini mənimsəməklə inkişaf və inteqrasiya yolunu tutan gənc kadrlar milli jurnalistikanın inkişafına bundan sonra da öz sanballı töhfələrini verəcək.
– Müsahibə üçün çox sağ olun. Biz də öz növbəmizdə Jurnalistika kafedrasının müəllim və tələbələrini 20 illik yubiley münasibəti ilə təbrik edir, hər kəsə ugurlar arzu edirik.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
“Jurnalistika “ ixtisası üzrə III kurs tələbəsi