Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, əkin dövriyyəsinə yeni torpaqların qatılması və müasir suvarma sistemlərinin qurulması məhsul bolluğuna zəmin yaradıb.
Aparılmış meliorasiya və irriqasiya tədbirlərinin nəticəsi olaraq təkcə 2014-cü ildən 1 oktyabr 2021-ci il tarixədək muxtar respublikada 201,1 min poqonometr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri, 480,9 min poqonometr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 912,1 min poqonometr məsafədə suvarma kanallarının tikintisi, yenidən qurulması və bərpası, 9015 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 5829,7 hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir.
Suvarma sistemlərinin yenilənməsi istiqamətində cari ilin ötən dövründə Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Bundan əlavə, Naxçıvan şəhərində, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında və Cəhri qəsəbəsi ərazisində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 311-i 2021-ci ilin yanvar-sentyabr aylarında olmaqla, ümumilikdə, 3386 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında 210 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 65 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Aqrar sahənin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir”.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 105807 ton dənli və dənli-paxlalılar, 11044 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 71,8 ton tütün, 54689 ton kartof, 77470,1 ton tərəvəz, 33615 ton bostan məhsulları, 10158,4 ton üzüm, 41299,2 ton meyvə istehsal olunmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli-paxlalılar 5,7, kartof istehsalı 15,2, tərəvəz istehsalı 7,1, üzüm istehsalı 4,4, meyvə istehsalı isə 8,3 faiz artmışdır.
Kənd təsərrüfatının gəlirli sahələrindən biri də meyvəçilikdir. Bu sahənin inkişaf etdirilməsi məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin etməklə yanaşı, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasına yeni imkanlar açmışdır.
Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi, əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, maldarlıqda qısırlığın ləğv olunması və damazlıq heyvanların əldə olunması məqsədilə 2021-ci ilin yanvar-sentyabr aylarında 10074 baş inək, düyə və camış süni yolla mayalandırılmışdır. Bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 7168 baş sağlam buzov alınmışdır.
Heyvandarlıq məhsullarının artırılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalandırma əhəmiyyətli rol oynayır. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış, müasir infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmiş, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Qarabürc və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə və Araz, Ordubad rayonunun Vənənd, Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır.
Mal-qaranın baş sayının artımı və cins tərkibinin yaxşılaşdırılması məhsul istehsalının davamlı artımını təmin etmiş, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 20118,6 ton ət, 74712,2 ton süd, 89 milyon 771 min 600 ədəd yumurta, 925,2 ton yun istehsal edilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 13,5, süd istehsalı 6,4, yumurta istehsalı 19,9, yun istehsalı isə 4,4 faiz artmışdır.
Məhsul istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalarla yanaşı, sahibkarlığa əlavə dəstək məqsədilə təkcə cari ilin yanvar-sentyabr aylarında təsərrüfat subyektlərinə 13 milyon 500 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 8,3 dəfə çoxdur.
Həyata keçirilən məqsədyönlü tədbirlərin ümumi nəticəsi olaraq 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 409 milyon 830 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur.
Torpaqlardan səmərəli istifadə, meliorasiya və irriqasiya tədbirlərinin davamlılığı, heyvandarlığın dəstəklənməsi və məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının bütün sahələri üzrə məhsul istehsalının artırılmasına şərait yaradacaq.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti