08 May 2024, Çərşənbə

Özünün zəngin mədəniyyəti, adət və ənənələri ilə daim xarici ölkə vətəndaşlarının diqqətini cəlb edən Azərbaycan son illərdə dünyada artan siyasi nüfuzu, iqtisadi dayanıqlılığı, həmçinin ən əsas cəhət kimi təhlükəsiz region statusu ilə əcnəbi vətəndaşların diqqətini daha çox cəlb etməyə başlayıb. Bunu illər üzrə Azərbaycana gələn turist sayının artan temp üzrə statistik trayektoriyasında da görmək mümkündür. Bu isə özlüyündə ölkəmizdə həyata keçirilən bir çox sahələrdə olduğu kimi təhsil islahatlarında da müşahidə olunmaqdadır. Bunun nəticəsi kimi, hər il xarici ölkələrdən Azərbaycanda təhsil almaq üçün müraciət edənlərinin sayı artır.

Təkcə Azərbaycanda deyil, yaxın regionda da nüfuzlu universitetlərdən biri kimi tanınan Naxçıvan Dövlət Universitetində də əcnəbi tələbələrin ildən-ilə artması müşahidə olunur ki, bu da özlüyündə xarici dilləri bilən bacarıqlı gənc kadrlara daha çox ehtiyac duyulması zərurətini ortaya çıxarır. Eyni zamanda bu sahədə təkcə muxtar respublikada deyil, ümumiyyətlə, ölkəmizdə dərs vəsaitlərinin yetərli olub-olmadığı sualını da doğurur.

Bu günlərdə yenicə çapdan çıxmış bir dərslik istər əcnəbi tələbələrə Azərbaycan dilini öyrətməyi qarşısına məqsəd qoyan müəllimlərə kömək, istərsə də bu sahədəki boşluğu doldurmağa hesablanmış addım kimi təqdirəlayiqdir. Belə ki, Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Nicat Yaqubov və həmin universitetin “İngilis dili və tərcümə” kafedrasının dissertantı Rəcəb Cəfərli tərəfindən hazırlanan, tərtib edilərək nəşr olunan “Əcnəbilər üçün Azərbaycan dili dərsliyi” yuxarıda qeyd etdiyim boşluğun doldurulması istiqamətində ilk addım kimi xüsusi əhəmiyyətə malikdir. Bugünədək Azərbaycanda əcnəbi tələbələr üçün bu cür əhatəli ciddi bir nəşrin hazırlanaması hər iki müəllifi ortaq fikir ətrafında birləşdirmiş və nəticədə də, maraqlı bir dərslik araya-ərsəyə gəlmişdir.

Digər ölkələrdən Azərbaycanda oxumaq üçün gəlmiş tələbələrin hazırlığı üçün nəzərdə tutulmuş dərslik Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Filologiya elmləri doktoru, professor Sədaqət Həsənovanın elmi redaktorluğundan keçən dərsliyin rəyçiləri, filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərovadır.

Əcnəbi tələbələrin Azəraycan dilini müasir tələblərə uyğun şəkildə öyrənməsi məqsədilə hazırlanan dərs vəsaitində nəzəri və praktik məsələlər qarşılıqlı şəkildə sistemləşdirilmiş, yeni vəsaitlərdən geniş şəkildə istifadə olunmuşdur. Kitabın ortaya çıxması zərurətini müəlliflər kitabın girişində yazdıqları çox qısa ön sözdə də konkret olaraq qeyd ediblər. Həm müəlliflərin fikrincə “Azərbaycan dilinin xarici dil olaraq öyrənmək istəyən əcnəbilər üçün dərslik, dərs vəsait və ya bu kimi tədris materiallarının olmaması öyrənmə prosesini çətinləşdirir. Bu təbii ehtiyacı nəzərə alaraq Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün dərs vəsaiti hazırlamaq qərarına gəldik”. Həmmüəlliflər onu da qeyd edirlər ki, dərs vəsaiti xarici dil olaraq Azərbaycan dilinin öyrənilməsini nəzərdə tutaraq müasir dövrümüzün inkişafına uyğun ən yeni metodlarla hazırlanmışdır.

Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrə dərs deyən bir müəllim kimi haqqında bəhs etdiyim dərsliyi diqqətlə nəzərdən keçirdim. Beş bölmədən və 29 yarımbaşlıqdan ibarət olan dərsliklə tanış olarkən tədris metodlarının ən müasir formalarından istifadə edildiyini görmək çətin deyil. Təqdirolunası məqamlardan biri də budur ki, təməl səviyyədə hazırlanmış vəsaitin növbəti yüksək mərhələləri əhatə edən nəşrlərinin də hazırlanması nəzərdə tutulur. Beləliklə də, əcnəbi tələbələr xarici dil kimi Azərbaycan dilini öyrənərkən asandan çətinə doğru artan səviyyələrdə vəsaitlə təmin olunacaqlar. Onu da vurğulayım ki, dərs vəsaitinin “iş dəftəri” də labüdlüyünü tələb edir ki, bununla bağlı sualımın cavabında müəlliflərin haliyədə həmin nəşrin üzərində işlədiklərini və qarşıdakı aylarda onu da çap etdirəcəklərini bildirdilər. Beləliklə, Azərbaycan ali təhsil sistemində əcnəbi tələbələrin hazırlıq kursunda oxuyanlar üçün həlli vacib bir problemin aradan qalxacağını da qətiyyətlə deyə bilərik.

“Salam”, “Harada?”, “Nə edirsən?”, “Mənim həyatım”, “Zaman, ətraf mühit və biz” bölmələrinin hər biri nəinki tələbələrin, eləcə də ölkəyə yeni gələn əcnəbi vətəndaşın qarşılaşdığı təməl ünsiyyət ehtiyaclarını, maraq dairələrini, tələbat meyarlarını özündə cəmləyir ki, bununla da müəlliflərin qarşılarına qoyduqları ilkin hədəfə nail olduqlarını əminliklə söyləmək mümkündür.

Dərsliyin ən böyük öyrədici özəlliyi də fikrimizcə onun sadəcə mətndən ibarət olmaması xüsusiyyətidir. Rəngli və illustirativ şəkillərlə fərqli dizayn xarakteristikasını da əlavə etsək dilimizin əcnəbilərə dünya standartlarında öyrədilməsinə böyük ölçüdə kömək edəcək nəşrin varlığından rahatlıqla danışmaq olar. Eyni zamanda söz ehtiyatı öyrədiciliyinin də dərslikdə əsas götürüldüyünü müşahidə edirik.

“Qrammatika”, “Çalışma”, “Danışıq”, “Yazma”, “Nələr öyrəndik?” kimi dərs daxili hissələrdə də göstərilən ardıcıllıq üzrə dilimizin öyrədilməsi prosesi dərsliyin əsas məziyyəti kimi vurğulana bilər.

Mən, xüsusilə şəkillər üzərində dayanmaq istərdim. Müəlliflərin geniş seçim imkanları olmasına baxmayaraq, onlar asana qaçaraq tələm-tələsik iş ortaya qoymayıblar. Müəyyən mənada, yorucu əziyyətə qatlaşaraq dünya illustrativ dərslik modelini əsas götürüblər. Həm Qərb və Şərq mədəniyyətini özündə ehtiva edən fotolarla yanaşı, ölkəmizin simvoluna çevrilən məşhur tarixi və təbiət abidələri də məqsədli şəkildə dərslikdə öz əksini tapıb. Eyni zamanda dərsliyin muxtar respublika təhsil sisteminin yetirmələri və burada oxuyan, çalışan müəlliflər tərəfindən hazırlanması da bəzi mətn və fotoşəkillərdə hiss olunur. Belə ki, ölkəmizin həm iqtisadi, həm də bir çox sahələrində öndəgedən regionu kimi muxtar respublikanın təbliğini nəzərdə tutan məqamlar da diqqətdən yayınmır. Dərsliyin Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələri tərəfindən, həm də ilkin olaraq burada dərs keçən əcnəbilər üçün hazırlandığını nəzərə alsaq bu məqamı da təbii qarşılamalıyıq. Lakin qeyd olunan cəhətlər dərsliyi muxtar respublika ilə məhdudlaşdırılmasını əsaslandırmır. Çünki kitabda yer alan istər mətn, istərsə də fotolarda Azərbaycanın paytaxtı Bakının da tanıdılması öz əksini tapıb.

Ümumilikdə, götürdükdə əcnəbi tələbələr bu dərslik vasitəsilə həm ölkəmiz, həm muxtar respublikamız, həm milli-mənəvi dəyərlərimiz, xüsusilə bayramlarımız, milli valyutamız, ən əsası isə əlifbamız və dilimiz haqqında ətraflı məlumat əldə edəcək, dərsliyi tam mənimsəyəcəkləri halda isə Azərbaycan dilində sərbəst, rahat danışaraq öz fikirlərini ifadə etmə imkanı qazanacaqlar.

“Əcnəbilər üçün Azərbaycan dili dərsliyi” bu sahədə çalışan müəllimlər üçün də stolüstü vəsait kimi onların köməyinə çatacaq, öyrətmə prosesində işlərini daha da asanlaşdıracaqdır.

Belə bir nəşrin, maraqlı bir dərsliyin araya-ərsəyə gəlməsi münasibətilə ilk olaraq hər iki müəllifi, həmçinin bu dərslik vasitəsindən yararlanmaqla əcnəbi tələbələri daha rahat və sistemli şəkildə öyrətməyə nail olacaq müəllimləri, ən əsası isə əcnəbi tələbələri təbrik edirəm.  Nəşrin qismən çətinləşdirilmiş növbəti səviyyə olaraq nəzərdə tutulan nəşrlərinin də ən qısa zamanda çap edilərək müəllim və tələbələrin ixtiyarına veriləcəyini də qeyd edim. Bu yolda müəlliflərə uğurlar arzulayıram.

Elxan YURDOĞLU,

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

Naxçıvan Dövlət Universitetinin

 Xarici tələbələr üzrə dekanlığının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR