Muxtar respublikamızda yarmarkaların, festivalların keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər diyarımızda fəaliyyət göstərən ailə təsərrüfatçılarının istehsal etdikləri məhsulların, eləcə də Naxçıvanımızın tanıdılmasında əhəmiyyətli rol oynayır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən “Arıçılıq məhsulları-bal satış yarmarkası” da bu tədbirlərin davamı kimi yaddaqalan oldu. Yarmarkadan hazırlanan reportajı oxucularımıza təqdim edirik.
Burada ömrünün 20-ildən çoxunu arıçılığa həsr edən, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədovla həmsöhbət oluruq. Öyrənirik ki, yarmarkaya laboratoriya şəraitində istehsal olunan arıçılıq məhsulları – arıçılıqla bağlı yeni nəşr olunan kitablar, müxtəlif tipli arıçılıq avadanlıqları, yüksək tibbi əhəmiyyətə malik damlalıqlar, spreylər, əl və üz vasitələri, çiçək tozu, bal, vərəmum, müxtəlif bal və vərəmum tərkibli sabunlar, bir sözlə onlarla çeşid məhsul çıxarılıb. Hər il ənənəvi olaraq “Arıçılıq məhsulları-bal festivalı”ndaiştirak edən müsahibim Ali Məclis Sədrinin arıçılıqla bağlı işıq üzü görən elmi nəşrlərlə, ədəbiyyatlarla yaxından maraqlandığını, görülən işlərə böyük qayğı ilə yanaşdığını və verilən tapşırıq və tövsiyələrin onların işində çox vacib rol oynadığını diqqətə çatdırdı.
Yarmarkada Naxçıvan şəhərindən 27 arıçı iştirak etmiş, festivala ümumilikdə 6 tondan çox məhsul çıxarılmışdır. 30 ildir arıçılıqla məşğul olan Naxçıvan şəhər sakini Vaqif Məmmədovla həmsöhbət oluruq. Müsahibim qeyd edir ki, 100 kiloqram məhsulla yarmarkada iştirak edir. Süzmə və şan bal, çiçək tozu, vərəmum bu məhsullar içərisində mühüm yer tutur. Nəsildən gələn ənənəni davam etdirən arıçı hazırda 200 arı ailəsinə qulluq edir. Müsahibim deyir ki, muxtar respublikada arıçılıqla məşğul olan təsərrüfat sahiblərinə xüsusi diqqət göstərilir. Belə tədbirlərin keçirilməsi də bunun bariz nümunəsidir. Yarmarkada məhsullarımızı rahat satırıq, bu bizə stimul verir.
Şahbuz rayonunun Kolanı kənd sakini 60-dan çox yaşı olan arıçı Əli Səfərovla həmsöhbət olduq. Arıçı qeyd etdi ki, arıçılıq ona babasından qalan bir peşədir. 40 ildən çoxdur bu peşə ilə məşğul olan müsahibim 500 kiloqram məhsulla yarmarkada iştirak edirdi. Arı südü, güləm, bal möhürü, süzmə, şan və 4 ildir qalan ağappaq xarlamış bal da alıcıların diqqətini çəkirdi. Müsahibim bildirdi ki, 300 arı ailəsi var və dövlətin dəstəyi ilə ailələrin sayını artırır. Bu il 600 kiloqram bal əldə edən arıçı bol məhsul əldə etməsini Şahbuzun təbiətinin gözəlliyi ilə əlaqələndirir. Deyir ki, Batabat yaylağının gözəl, yağışlı havası, min cür dərman bitkiləri, gül-çiçəyi balı da gözəl və təbii edir. Bir neçə dəfə belə tədbirlərdə balın keyfiyyətinə görə qalib gəldiyini deyən arıçı yarmarkada oğlu Amid Səfərovla iştirak edirdi. Hər ikisi ilə söhbətimizdə qeyd etdilər ki, bu gün arıçılar üçün hər cür şərait yaradılmışdır. Şahbuz rayonun arıçıları da bu şəraitdən səmərəli istifadə edərək bu sahəni inkişaf etdirməyə çalışırlar. Qeyd edək ki, Şahbuz rayonundan 60 arıçının iştirak etdiyi yarmarkaya 5590 kiloqram məhsul çıxarılmışdı.
Babək rayonundan 34 arıçının qatıldığı yarmarkada hər il “Arıçılıq məhsulları-bal festivalı”nda qalib yerləri tutan arıçı Hüsen Orucovla həmsöhbət oluruq. 15 ildir arıçılıqla məşğul olan təsərrüfatçı 40 arı ailəsi olduğunu deyir. Bu il 300 kiloqramdan artıq bal istehsal edən arıçı yarmarkada baldan əlavə arı südü, mum, vərəmum, ümumilikdə 60 kiloqram məhsulla təmsil olunurdu. Müsahibim deyir ki, belə yarmarkaların keçirilməsi arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından da çox əhəmiyyətlidir. Arıçı pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq etdi.
Şərur rayonun Günnüt kənd sakini Elyar Məmmədov bildirdi ki, 30 ildir arıçılıqla məşğuldur və 100 arı ailəsinə qulluq edir: – Bu gün buraya 90 kiloqram bal gətirmişəm. Onu da deyim ki, Günnütün münbit torpaqlarından bitən güllərdən, müxtəlif otların, dərman bitkilərinin çiçəklərindən toplanan bal daha keyfiyyətli və dadlıdır. Belə yarmarkalar da bizə imkan verir ki, dad-tamı ilə seçilən bu balı daha yaxşı tanıda və sata bilək. Bu biz arıçılara yaradılan şərait nəticəsində mümkün olmuşdur. Belə şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
Digər bir müsahibim Kəngərli rayon Çalxanqala kənd sakini, Yusif Səmədovdur. Arıçı dedi ki, arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlirgətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Arı daim qayğı və baxım tələb edir, qarşılığında isə çəkdiyin zəhmət hədər getmir. Bu il də yaxşı məhsula sahib olmuşam. Ümumilikdə 1 ton bal istehsal etmişəm. Festivala 200 kiloqram bal gətirmişəm və hazırda 120 arı ailəsinə qulluq edirəm. Bizə yaradılan şərait imkan verir ki, arı ailələrimizin sayını artıraq. Bu da bazara keyfiyyətli məhsul çıxarmağımızaşərait yaratmışdır. Alıcı sarıdan problemimiz yoxdur. Müştəri aldığı məhsuldan həmişə razı qalır.
“Arıçılıq yüksək gəlirli sahə olması ilə bərabər, həm də, özündə ağır zəhməti birləşdirir” deyən müsahibimiz Ordubad rayon Əndəmic kənd sakini Tofiq Babayev qeyd edir ki, 20 ildir məşğul olduğum arıçılıq təsərrüfatına dörd arı ailəsi ilə başlamışam. Bu gün isə 100-dən çox arı ailəm var. Yüksək keyfiyyətli arıçılıq məhsullarımız da özünə xeyli alıcı kütləsi qazanıb. Hər il müntəzəm olaraq muxtar respublikamızda təşkil olunan yarmarkalarda iştirak edirəm. 2019-cu ildə keçirilən festivalda məhsullarım yüksək keyfiyyətli olduğu üçün birinci yerə layiq görülmüşəm. Elə bu dəfə də yarmarkaya öz təsərrüfatımın dadlı-tamlı məhsulları olan süzmə bal, şam bal, xar bal, ərimiş mum, bal qaymağı və bunun kimi bir çox çeşiddə və adda arıçılıq məhsulları çıxarmışam. Müsahibim bildirir ki, zəngin təbiəti ilə fərqlənən Ordubad rayonunun hər bir neməti kimi balı da özünəməxsus dad-tamı, ətri ilə daim fərqlənir: – Kəndimizin səfalı təbiətindən bəhrələnən arılarımızdan əldə etdiyimiz yüksək keyfiyyətli bal biz təsərrüfatçıları heç vaxt utandırmayıb, onlardan daim bol məhsul götürərək zəhmətimizin qarşılığını alırıq. Bu il də təsərrüfatımdan 500 kiloqrama yaxın təmiz bal əldə etmişəm. Onun 50 kiloqramını isə yarmarkaya çıxarmışam. Ağır zəhmət və fədakarlıq tələb edən bu işdə mənə ailəm yaxından kömək edir. Arıçı deyir ki, hər bir ailə təsərrüfatçısı üçün ən böyük dəstək dövlətin onlara göstərdiyi diqqət, qayğıdır. Bu mənada, muxtar diyarımızda biz təsərrüfatçılar üçün hər tərəfli şərait yaradılıb. Məhz buna görədir ki, istehsal etdiyimiz məhsulları əlverişli qiymətə sata bilirik. Mən bundan sonra da arı ailələrimin sayını artırmağa, istehsal etdiyim arıçılıq məhsullarının həcmini genişləndirməyə çalışacağam.
Növbəti müsahibimiz Culfa rayon Ərəfsə kənd sakini arıçı Aqil Qələndərov oldu. 20 ildən çoxdur ki, arıçılıq təsərrüfatı ilə məşğul olan təcrübəli arıçı qeyd edir ki, arıya nə qədər yaxşı qulluq olarsa, məhsul da bir o qədər yaxşı və keyfiyyətli olar. Yüksək keyfiyyətli və tərkibi faydalı minerallarla zəngin olan bal asanlıqla əldə edilmir. Mən erkən yaz dövründən başlayaraq arı ailələrimi Gülüstan kəndinin əlvan təbiətli yerlərindən biri olan “Xəzinədərə” yaylağına aparıram. Buranın zəngin bitki örtüyü, gül-çiçək növlərinin çoxmüxtəlifliyi sözsüz ki, məhsullarımızın da yüksək keyfiyyətli olmasına təsir göstərir. Elə bu yarmarkada da üçüncü dəfədir ki, həmin keyfiyyətli məhsullarımla iştirak edirəm. 50 kiloqrama yaxın arıçılıq məhsullarımı isə sərfəli qiymətə alıcılara təqdim edirəm. Bu məhsullar içərisində min bir dərdə faydası olan 4 növdə bal şərbətləri də alıcılarımızın marağını cəlb edir. Müsahibimiz bal şərbətinin faydalarından söhbət açaraq bildirdi ki, tərkibi bir çox faydalı minerallarla zəngin olan bal şərbəti orqanizmə ən yaxşı təsir bağışlayan şərbət növüdür. Ballı şərbətin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün, fiziki və zehni gücü bərpa edir və bir çox xəstəliklərin müalicəsində bu şərbətin xüsusi effekti var. Hazırda belə məhsulların içərisində mixəkli, hilli, zəncəfilli və darçın tərkibli olan dörd növdə bal şərbətlərinə yaşlı nəsil daha çox maraq göstərir.
Culfa rayon Şurud kənd sakini Hidayət Hümbətovun məhsulları içərisində bal arağı alıcılar kimi bizim də diqqətimizi çəkir. Həmin məhsul haqqında məlumat almaq üçün piştaxtaya yaxınlaşırıq. Uzun illərdir bu sahə ilə məşğul olan təsərrüfatçı deyir ki, yarmarkaya ilk gün üçün 10 ədəd bal arağı gətirmişəm, başlayandan qısa müddət ərzində artıq iki ədəd bal arağını satmışam. Həmsöhbətimiz sözügedən məhsulun hazırlanma qaydasından söhbət açaraq deyir ki, bir qədər ağır zəhmətin nəticəsində əmələ gələn bal arağını digər araqlardan fərqləndirən məqam orasındadır ki, bunu tərkibində bal qaymağı adlanan zəngin və faydalı maddə var. Belə ki, balın süzülmə prosesi yekunlaşdıqdan sonra geridə qalan bal qaymağının suda həll olunaraq tut, əncir, ərik və bir çox meyvələrin qarışığı ilə hazırlanması ortaya bu keyfiyyətli məhsulu çıxarır. 20 ildən artıqdır məşğul olduğum arıçılıq təsərrüfatımda isə hazırda 40 arı ailəsi var. Özümlə yanaşı oğlum və digər ailə üzvləri də mənə bu işdə yaxından köməklik göstərir. Yaxın müddət ərzində təsərrüfatda arı ailələrimin sayını daha da artırmaq fikrindəyəm.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yarmarkada iştirak edən müsahibimiz MəltəmMirzəmmədova deyir ki, lap kiçik yaşlarımdan ata-babamı bu sahə ilə təmasda görmüşəm. Hazırda atamın özünün də şəxsi arıçılıq təsərrüfatı var. Elə uzun illər onların yanında hələ uşaqlıq dövrümdən görüb-götürdüyüm bu sahənin sirlərini bu gün də davam etdirirəm. Xüsusi diqqət və qayğı tələb edən arıçılıq özündə bol zəhməti və əziyyəti birləşdirir. Amma nəticəsi də bəhrəsi kimi şirin olan bu sahə insanı heç vaxt darda qoymaz. Həm də bu gün muxtar respublikamızda bütün ailə təsərrüfatçıları xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Burada iştirak etməyimdə də dövlətimin böyük dəstəyi var. Belə ki, cari ildə Komitə tərəfindənmənə verilən sərmayə kapitalı ilə 4 arı ailəsi alaraq təsərrüfatımı biraz da genişləndirmişəm. Yarmarkada da həmin təsərrüfatımın məhsulları ilə iştirak edirəm. Məhsullarımın içərisində süzmə bal, pətək bal, şam balla yanaşı həm də baldan hazırlanan müxtəlif növ şirniyyatlar – paxlava, qayğanaq, tort və sairə mövcuddur. İnanıram ki, mənim timsalımda bütün təsərrüfatçılar öz keyfiyyətli məhsullarını arzu etdikləri kimi sata biləcəklər.
Yuxarıda adını çəkdiyimiz bir-birindən faydalı və keyfiyyətli arçılıq məhsullarının bir də maraqlı və həvəskar alıcıları var idi. Alıcı Naxçıvan şəhər sakini Ruhiyyə Cəfərova deyir ki, hər il ailəlikcə şəhərimizdə təşkil olunan festival və yarmarkalarda böyük həvəslə iştirak edirik. Amma mənim diqqətimi daha çox cəlb edən isə bal yarmarkalarıdır. Artıq son dövrlər muxtar respublikamızda ənənəvi xarakter almış bu tədbirlərin təşkili, düşünürəm ki, çox faydalıdır. Çünki muxtar diyarımızın hər yerindən bir çox ailə təsərrüfatçıları burada iştirak edir və biz alıcılar üçün də yüksək keyfiyyətli məhsullar əlçatan olur. Elə mən də hər il adət etdiyim kimi dadını, görünüşünü, ətrini bəyəndiyim keyfiyyətli arıçılıq məhsullarından bu il də aldım. 25 manata aldığım Şahbuz balı və 15 manata aldığım ballı tort mənim kimi bir çox alıcılarında həm büdcəsinə, həm də istəklərinə uyğun şəkildədir. Yəni, hər kəs buradan sərfəli qiymətə istədiyi məhsulu ala bilər.
Alıcı Naxçıvan şəhər sakini, rəssam Əli Səfərovla Sədərək rayonundan süzmə bal alan yerdə həmsöhbət olduq. O, qeyd etdi ki, hər il belə yarmarka və festivallarda iştirak edirik və çoxlu arıçılıq məhsulları alırıq. Bu məhsullar içərisində bal üstünlük təşkil edir. İnsan sağlamlığı üçün olduqca faydalı olan bal diyarımızın hər bir bölgəsində istehsal edilir. Muxtar respublikamızın gözəl təbiəti, nadir bitki örtüyü burada mühüm rol oynayır. Ərsəyə gələn balda keyfiyyəti,gözəlliyi ilə seçilir, münasib qiymətə də satılır.
Bakı şəhərindən diyarımıza qonaq gələn Günay Məcnunlu öz təəssüratlarını bizimlə bölüşdü: – Naxçıvana ilk dəfədir gəlirəm. Və bu gün burada olduğum, şan-şöhrətini tez-tez eşitdiyim Naxçıvan balının dadına baxdığım üçün çox şadam. Yüksək təşkilatçılıq, məhsulların çeşid çoxluğu, ən əsası isə qonaqpərvərlik məndə çox xoş hisslər yaratdı. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olmaq imkanı əldə etdim. Festivalların keçirilməsi üçün belə bir məkanın seçilməsi çox gözəldir.
Bal kimi yarmarkadan aldığımız təəssürat isə belə oldu. Təsərrüfatçıya diqqət, qayğı olan yerdə ən gözəl, təbii, yerli məhsullar əldə edilir ki, bu da həmin diyarın inkişafından xəbər verir. Bəli, Naxçıvanımız günü-gündən daha da inkişaf edir, burada zəhmətkeş insanların ərsəyə gətirdikləri məhsullar iqtisadi bazara mühüm töhfə verir. Dadı, görünüşü və keyfiyyəti ilə seçilən arıçılıq məhsulları da bu mənada çox mühüm rol oynayır.
Güntac ŞAHMƏMMƏDLİ
Məcid RƏŞADƏTOĞLU
Aytac CƏFƏRLİ