06 Noyabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində 2021-ci ilin doqquzaylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat yığıncağı olub.
Bölmənin sədri, akademik İsmayıl Hacı­yev iclası giriş sözü ilə açaraq cari ilin doqquz ayı ərzində yerinə yetirilən işlərdən, qazanılan elmi nəticələrdən bəhs edib.
AMEA Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin cari ilin doqquz ayı ərzində göstərdiyi elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, AMEA Naxçıvan Bölməsi hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb. Elmi tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 50 fəlsəfə doktoru, 30 doktorant və dissertantın iştirakı ilə davam etdirilib.

Qeyd olunub ki, hesabat dövründə bölmənin Dissertasiya Şurasında 2 fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi uğurla həyata keçirilib, 4 tədqiqatçının fəlsəfə doktorluğu dissertasiyası seminar müzakirəsindən keçərək müdafiəyə buraxılıb.
Vurğulanıb ki, cari ilin 3 rübü ərzində bölmə əməkdaşlarının 11 monoqrafiya, 5 kitab, 1 kitabça, 2 metodik vəsait, 286 elmi məqalə, 152 konfrans materialı, 3 tezis olmaqla, 460 elmi əsəri çap olunub, 3 buklet və 1 xəritə tərtib edilib. Əsərlərdən 3 monoqrafiya, 59 məqalə, 63 konfrans materialı, 2 tezis xaricdə nəşr olunub. Qeyd olunan dövr ərzində bölmə əməkdaşlarının 37 məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub, bunlardan 12-si Clarivate Analytics indekslidir. Tədqiqatçıların əsərlərinə 794 istinad qeydə alınıb, iki beynəlxalq səviyyəli qrant layihəsinin icrası uğurla davam etdirilib. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 3 nömrəsi nəşr olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılıb, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə əlaqədar elmi məqalələr hazırlanaraq sistemləşdirilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərini əks etdirən xəritələr tərtib olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən “Elmi əsərlər” jurnalının Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş xüsusi nömrəsi çapa hazırlanır. “Şərq qapısı” qəzetinin fəaliyyətinin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Tədbirlər Planına uyğun olaraq hazırlanan kitab üçün məqalələr işlənməkdədir.
Bildirilib ki, hesabat dövründə bölmə əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın bir ixtirası patent alıb, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseyn­əliyevin bir sənaye nümunəsinə və aqrar elmlər doktoru, dosent Varis Quliyevin yaratdığı 7 yeni üzüm sortuna patent və müəlliflik şəhadətnamələri verilib.
Diqqətə çatdırılıb ki, ötən doqquz ay ərzində AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli elmi əməkdaşlıq edib, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Sonda bölmənin gələcək səmərəli fəaliyyəti üçün irəli sürülən təkliflər dəyərləndirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR