06 Noyabr 2024, Çərşənbə

Naxçıvan Azərbaycanın maddi-mənəvi dəyərləri ilə zəngin olan ərazilərindən biridir. Bu qədim diyar mövcud olduğu dövrdən mədəniyyət, incəsənət, ədəbiyyat beşiyi kimi tanınmış və dünya mədəniyyətinə onlarla abidələr, qüdrətli sənətkarlar bəxş etmişdir. Naxçıvanın mərkəzində ucaldılaraq gözəlliyi və monumentallığı ilə turistləri özünə cəlb edən Mömünə xatın məqbərəsinin müəllifi memar Əcəmi Naxçıvani, Azərbaycanda ilk dəzgah rəssamlığının banisi Bəhruz Kəngərli, dünya şöhrətli kimyaçı akademik Yusif Məmmədəliyev, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə, şair-dramaturq Hüseyn Cavid, qüdrətli səhnə ustaları Rza Təhmasib, Kazımi Ziya... kimi tanınmış şəxsiyyətlər bu torpaqda dünyaya göz açmışlar. 

 

Naxçıvan tarixinin möhtəşəm sütunlarından biri Naxçıvanın musiqi mədəniyyəti tarixidir. Gəmiqaya rəsmlərində təsvir edilmiş rəqs hərəkətlərinin elementləri, rəqslərin dinamikası və ifaçıların mimikası Naxçıvan musiqi ifaçılıq sənətinin hələ 5-6 min il əvvəl formalaşmağa başladığını göstərir və bu, artıq sübuta yetirilib.
Azərbaycanda Bakıdan sonra ilk musiqi məktəbinin 1937-ci ildə məhz Naxçıvanda açılması heç də təsadüfi deyil. Yerli əhalinin mədəniyyətə olan marağı, Naxçıvan şəhərində və ona bitişik ərazilərdə əhalinin sayı, Zülfüqar Hacıbəyovun vaxtilə Naxçıvanda yaşayıb-yaratması, burada olan musiqi mühiti ilə Üzeyir bəyi yaxından tanış etməsi, Hüseyn Cavidlə Üzeyir bəyin qardaşlıqdan seçilməyən dostluğu, Cəlil Məmmədquluzadə ilə daimi yaradıcılıq əlaqələrinin olması və nəhayət, Üzeyir Hacıbəyovun 1937-ci ildə Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi Bakıdan sonra məhz Naxçıvanda ilk musiqi məktəbinin açılmasına səbəb olmuşdur.
Naxçıvan musiqi mədəniyyəti tarixində xüsusi xidmətləri olmuş görkəmli insanların həyat və yaradıcılığını öyrənib tədqiq etmək və bugünkü nəslə çatdırmaq hər birimizin mənəvi borcudur. Naxçıvanın musiqi həyatında adı hörmət və məhəbbətlə çəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, bəstəkar, dirijor, xormeyster və pedaqoq, Naxçıvan musiqi incəsənəti üçün çox dəyərli xidmətlər göstərən yaradıcı ziyalı olmuş Məmməd Məmmədovdur.

Onun bədii yaradıcılığı və pedaqoji fəaliyyəti Naxçıvanda ictimai hadisələrlə bağlı olaraq inqilabi ruhda mahnıların, marşların və nəfəsli alətlər ansamblların yarandığı dövrə təsadüf edir. Naxçıvanda kütləvi musiqi tədbirlərinin keçirilməsində yaxından iştirak edən bəstəkar yorulmaq bilmədən, böyük həvəslə uşaq müəssisələrində iş aparmış, Naxçıvanda truba və akkordeon siniflərinin, vokal ansambllarının, xor kollektivlərinin yaradılmasında müstəsna xidmətlər göstərmişdir.
Bəstəkarın ilk musiqi müəllimi Məmməd Kəngərli olub. Orta məktəbdə riyaziyyat müəllimi və dərs hissə müdiri işləyən Məmməd Kəngərlinin burada yaratdığı nəfəsli alətlər orkestrinin üzvlərindən biri məhz Məmməd Məmmədov idi. Məmmədə truba musiqi alətini də müəllimi sevdirmişdi. 1937-ci ildən, 2 illik Pedaqoji Məktəbi bitirdikdən sonra müəllim fəaliyyətinə başlayan gənc musiqiçi bir il sonra müəllimi Məmməd Kəngərli ilə birlikdə Tibb Məktəbində qızlardan ibarət nəfəsli alətlər orkestri təşkil etmişdi.
Bədii yaradıcılığa 1939-cu ildən başlayan Məmməd müəllim 100-ə yaxın musiqi əsərinin müəllifidir. Həvəskar bəstəkarın ilk əsərləri olan “Naxçıvan”, “Ala gözlər”, “Məktəblilər mahnısı”, “Naxçıvan, Vətənimsən”, “Duyuram səni”, “O gün olaydı” və bir sıra başqa əsərləri dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu əsərlər arasında olan “Məktəblilər mahnısı”nın not yazısı Azərbaycan SSR-in 40 illiyi münasibətilə dövlət tərəfindən çap edilmişdir.
Qeyd etmək yerinə düşər ki, 1940-cı ildə Bakıda keçirilən idman bayramı ilə bağlı tədbirin musiqisinin gənc bəstəkara həvalə olunması onun Naxçıvanın musiqi həyatındakı böyük rolundan xəbər verir. O zaman Azərbaycanda keçirilən idman paradında ümumi orkestrə dirijor-bəstəkar Niyazi Tağızadə-Hacıbəyov rəhbərlik edirdi. 350 naxçıvanlı idmançı Bakıda Məmməd Məmmədovun şən musiqi təranələri altında öz istedadlarını nümayiş etdirdi. Onun yazdığı musiqidən razı qalan Niyazinin, o cümlədən münsiflər heyətinin diqqətini cəlb edən məqamlardan biri bəstəkarın qara zurna milli musiqi alətini nəfəsli orkestrə daxil etməsi idi. Həmin il Pedaqoji Məktəbin direktoru Məmmədəli Tarverdiyev qızlardan ibarət nəfəsli orkestrə rəhbərlik etmək üçün Məmməd Məmmədovu dəvət edir. Bütün bunlar sənətkarın gələcəkdəki böyük uğurlara imza atacağı, sadəcə, ilk addımları idi.
İkinci Dünya müharibəsi illərində cəbhəyə yollanan M.Məmmədov burada da öz fəaliyyətini davam etdirmişdir. Digər bəstəkarlar kimi o da vətənpərvərlik ruhunda bir-birindən gözəl əsərlər ərsəyə gətirirdi. O illərin məhsulu kimi “Dostluq mahnısı”, “Ana Vətən”, “Azərbaycanım” mahnılarını qeyd edə bilərik. Bəstəkarın məşhur “Dostluq süitası” 15 musiqi nömrəsindən ibarət olaraq müxtəlif xalqların mahnı və rəqslərindən tərtib edilmişdir.
Müharibədə belə, sevimli aləti olan trubanı öz yanından ayırmayan sənətkar alaylarda yaradılmış nəfəsli alətlər orkestrinin tərkibində çıxışlar edərək Azərbaycan xalq mahnı və rəqslərinin ifası ilə həmyerlilərimizin könlünü oxşayırdı.
Müharibədən sonra pedaqoji fəaliyyətini əvvəl Həştərxanda, sonra isə Volqaqradda orta məktəbdə musiqinin tədrisi ilə davam etdirən bəstəkar 1953-cü ildə doğma Naxçıvana qayıdaraq 8 il dəmiryol məktəbində işləyir. Muxtar respublikanın elə bir bölgəsi yox idi ki, orada keçirilən musiqili tədbirlərdə Məmməd Məmmədovun məsləhətlərinə və şəxsən özünün iştirakına ehtiyac olmasın, onun əsərləri səslənməsin.
Uzun illər Naxçıvan Pioner və məktəblilər evində bədii rəhbər vəzifəsində çalışan sənətkar Naxçıvanda ilk dəfə çoxsəsli xorun bünövrəsini qoymuş və istəyinə nail ola bilmişdir. Onun 1956-cı ildə yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edib. Məhz bu ansamblın fəaliyyəti Naxçıvan musiqi mədəniyyəti tarixinin zəngin səhifələrindən birinə çevrilərək, bəstəkarın yaradıcılığının formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Ansambl hər il Bakıda pionerlər və məktəblilər evi bədii özfəaliyyət kollektivlərinin olimpiadalarında uğurla çıxış edərək ilk yerlərə layiq görülürdü.Təsadüfi deyil ki, olimpiadanın münsiflər heyətinin sədri görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli “Əlvan çiçəklər” mahnı və rəqs ansamblını Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası “Mahnı və rəqs” ansamblının kiçik qardaşı, layiqli davamçısı adlandıraraq “Azərbaycan gəncləri” qəzetində ansamblın, o cümlədən Məmməd müəllimin işinə yüksək qiymət vermişdir.
Bəstəkar Məmməd Məmmədovun yaradıcılıq irsinin çox geniş və zəngin olmasına baxmayaraq, təəssüflə demək lazımdır ki, onların əksəriyyətinin nə not yazısı, nə də lent yazıları qorunub saxlanmışdır. Günümüzə qədər gəlib çatmış istər irihəcmli əsərləri, istərsə də kiçik pyesləri melodik dili və harmoniyası ilə fərqlənir. Bu əsərləri dinləyən hər bir musiqişünas Məmməd Məmmədovun özünəməxsus yaradıcılıq üslubunun olduğunu hiss edə bilər.
Məmməd Məmmədovun yazdığı bir çox mahnılar, o cümlədən Hüseyn Razinin sözlərinə bəstələnmiş “Gənclik mahnısı”, Kəmalə Ağayevanın sözlərinə “Olaydım mən”, “Nəğmə çalır ürəyim”, Müzəffər Nəsirlinin sözlərinə “Doğma diyar”, “Dostluq mahnısı”, “Ana Vətən”, “Azərbaycanım” mahnıları 1980-ci ildə nəşr olunmuş “Naxçıvan təranələri” adlı not məcmuəsinə daxil edilmişdir.
Gənclik illərindən başlayaraq ömrünün sonuna qədər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ilə daim yaradıcılıq əlaqəsi saxlayan sənətkar 30-dan artıq tamaşaya musiqi bəstələmiş və bəzi əsərlərə musiqi tərtibatı vermişdir. Uzun müddət teatrın musiqi hissə rəhbəri işləyən bəstəkar Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” , Hüseyn Cavidin “Səyavuş”, Əliyar Yusiflinin “Vicdan əzabı”, Bəxtiyar Vahabzadənin “Ədalət”, Lope de Veqanın “Sevilya ulduzu”, Hüseyn Razinin “Arxalı dağlar”, Əşrəf Qənbərovun “İlan yuxusunda fırtına”, Həmid Arzulunun “İnam” tarixi pyesinə və onlarla digər pyeslərin tamaşalarına musiqi yazmışdır. Onun tamaşalara yazdığı musiqilər əsərdə olan obrazların psixoloji durumunun açılmasında mühüm rol oynayıb. Bu tamaşaların musiqiləri sonralar konsert salonlarında müstəqil şəkildə ifa edilərək dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Kamera-instrumental janrına da müraciət etmiş bəstəkar nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün miniatürlər, “Qaytağı”, truba və fortepiano üçün “Lirik rəqs”, “Vals”, xor üçün əsərlər, səs və fortepiano üçün mahnı-romanslar ərsəyə gətirmişdir.
Bəstəkarlıq və ictimai fəaliyyəti ilə yanaşı, bədii publisistik fəaliyyətlə də məşğul olan Məmməd Məmmədov mətbuat səhifələrində məqalələri, radio və televiziya verilişlərində çıxışları ilə həmişə musiqiçilərimizi yaradıcılığa səsləmiş, qaranlıq qalan bir çox mövzunu işıqlandırmışdır.
Daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşan Məmməd müəllim bir pedaqoq kimi də böyük xidmətlər göstərmişdir. Onun dərs dediyi tələbələr muxtar respublikanın musiqi həyatında xidmətlər göstərmiş sənətkarlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il yanvarın 28-də “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən ötən il bu yubiley əlamətdar mədəniyyət hadisəsi kimi qeyd olundu. Tanınmış mədəniyyət xadiminin yüz illik yubileyi münasibətilə silsilə elmi-kütləvi tədbirlərin keçirilməsi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla “Məmməd Məmmədov – 100” adlı nəfis kitab nəşr olunması tanınmış sənətkarın yaradıcılığına dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür. Bütün bunlar bir daha təsdiq edir ki, musiqi mədəniyyətində özünəməxsus xidmətləri olan sənətkarlar daim yaddaşlarımızda yaşayır. Onların mədəni irsi dövlət tərəfindən layiqincə təbliğ olunur,yaratdığı əsərlər qəlblərdə, könüllərdə özünə yer tapır və bundan sonra da qorunub yaşadılacaq.

Nərminə QƏDİMOVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Naxçıvan Muxtar
Respublikasının əməkdar müəllimi

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR