06 Noyabr 2024, Çərşənbə

Gərgin iş həftəsindən sonra insana xoş, mənalı, unudulmaz istirahət anları bəxş edən Ağbulaq İstirahət Mərkəzinədir yolumuz. Müasir, geniş, rahat avtobusla Naxçıvanın sirli-sehrli təbiətini izləməkdən zövq alaraq hamar yollarla irəliləyirik üz tutduğumuz ünvana. Yolboyu keçdiyimiz kəndlərdə müşahidə etdiyimiz səliqə-sahman, müasir evlər, inzibati binalar, payız çalarlarıyla insanın qəlbini riqqətə gətirən təbiət mənzərələri könlümüzü oxşayır. Artıq görməyə səbirsizləndiyimiz ünvana – Ağbulaq İstirahət Mərkəzinə yetişirik.

 

Avtobusdan enib, Ağbulağın əsrarəngiz təbiətini izləyir, tər-təmiz havasını ciyərlərimizə çəkirik. Buradan baxanda nəinki Ağbulaq dağları, həmçinin Şahbuzun bir çox yüksəklikləri ayaqdəyən, əlçatan görünür. Seyr etməkdən doymadığımız gözəl təbiət mənzərələri, uzandıqca uzanan yollar, topa buludlar və quzeylərdə ağaran bəyaz qar insanın ruhunu dinləndirir. İllərdir ki, bu füsunkar məkan qədim diyarımıza gələn qonaqların ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. Həmçinin hər il burada məktəbliləri və tələbələri bir-birindən maraqlı istirahət günləri gözləyir. Gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir. Hər həftənin şənbə, bazar günləri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə bu mərkəz muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularına qucaq açır. Bu ənənə artıq neçə illərdir ki, davam edir. 23-24 oktyabrda isə Ağbulaq İstirahət Mərkəzinin budəfəki qonaqları “Şərq qapısı” qəzeti, ”Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası, şəhər və rayon qəzetlərinin əməkdaşları idi. İstirahət təəssüratlarını bölüşmək istəyən ürəyidolu həmkarlarımla həmsöhbət olduq.

“Şərq qapısı” qəzetinin şöbə müdiri Nail Əsgərov “Muxtar respublika yay-qış turizminin, sözün həqiqi mənasında, gözü olan Ağbulaqda olduğumuz iki gün müddətində həm asudə vaxtımızı cana məlhəm, ruhun qidası sayılan sərin dağ havasının cövlan etdiyi təbiət qoynunda xoş anlar yaşamaqla keçirdik, həm də yaradıcı kollektivlər olaraq müxtəlif mövzularda fikir mübadilələri apardıq, fəaliyyət sahəmizə uyğun ümumi inkişafa yönələn maraqlı diskussiyalar oldu. Kanatla gəzinti, futbol, voleybol oyunları, eləcə də ağız dadı ilə yediyimiz ləziz mətbəx nümunələri yorğun iş həftəsindən sonra əhvali-ruhiyyəmizin xeyli yüksəlməsinə, başqa sözlə, yeni mövzular üzrə yazılar hazırlamaq, daha da həvəslə çalışmaq üçün bol enerji toplamağımıza imkan verdi. Mərkəzin həyətində azyaşlılar üçün yaradılan əyləncə parkı balacaların da dünyasına rəngarənglik qatdı. Kəndi ekskursiya zamanı hər yerdə hökm sürən təmizlik, səliqə-sahman, eyni zamanda muxtar respublikamızın inkişafından, tərəqqisindən söz açan müstəqillik bəhrələri, payız fəslinə xas əsrarəngiz təbiət mənzərələri zövqümüzü oxşadı, ruhumuza sığal çəkdi. Fikrimcə, yaradıcı bir insan üçün əsl istirahət ruhun dincliyidir, mənəvi zövqdür ki, bu şəraiti bizə yaratdığına görə dövlətimizə minnətdarıq”.
“Arazın səsi” qəzetinin redaktoru Alim Ağayevin təəssüratlarından: “Bənzərsiz təbiəti, yüksək qonaqpərvərlik mədəniyyəti ilə bura istirahət üçün əlverişli məkandır. Təbiətin zənginliyinə, gözəlliyinə baxmaq, uşaqlarla, ailə ilə bərabər istirahət üçün əvəzolunmazdır. Jurnalist həmkarlarımızla birlikdə burada olduğumuz birinci gün istirahət mərkəzini doyunca gəzdik, xatirə şəkilləri çəkdirdik. Buranın hər qarışında hüzur, rahatlıq var. Axşam yeməyindən sonra isə kəndi gəzməyi qərara aldıq. Hər tərəfdə bərq vuran çoxlu sayda işıqlar bu kiçik kəndi başdan-başa nura qərq etmişdi. Sanki göyün ulduzlu bir parçasına bənzəyirdi. Göydəki ulduzlarla bəhsə girən, dörd bir yanı süd kimi nura qərq edən sirli-sehrli işıqların ağuşunda cənnəti xatırladan kəndin bu cazibəsindən qopmaq olmurdu. Bir sözlə, Ağbulaq İstirahət Mərkəzində olduğumuz iki gündə təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur nəticəsində mənalı istirahət etdik, təbiət qoynunda xoş anlar keçirdik. Bizim üçün yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Aysun Məmmədli də Ağbulağla bağlı ilk təəssüratlarını bizimlə paylaşdı. Onun dediklərindən: “İlk dəfədir ki, Ağbulaq İstirahət Mərkəzində oluram. İstirahət üçün əlverişli və ideal məkandır. Buranın gözəl olduğunu eşitmişdim, amma bu gözəlliyin canlı şahidi olmaq, əsrarəngiz təbiətin təmiz havasını udmaq tam başqadır. Hər yer təmiz, yeməklər və xidmətə isə söz ola bilməz. Buradan xoş təəssüratla ayrılıram. Və “yenidən görüşmək ümidi və diləyilə”, – deyirəm”.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı Ruslan Ramazanov “Muxtar respublikada bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşılır. Əməyə verilən dəyərin bariz nümunəsi, dövlət qayğısı olaraq muxtar respublikanın dövlət müəssisələrində çalışan işçilərin vaxtlarının səmərəli keçirilməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri də təşkil edilir. Bu gün biz televiziya və mətbuat sahəsində çalışan əməkdaşlar da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində istirahət edirik. Bizə yaradılan bu imkanlara görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk”.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı Abdulla Seyidov deyir ki, buranın bənzərsiz təbiətini və onun qoynundakı istirahətin zövqünü canlı olaraq görmək, duymaq möhtəşəmdir. Sağlam həyat üçün təbiətdə olmaq, açıq havada gəzmək, idman etmək lazımdır. Ərazi bütün bunlara imkan verir. İstirahət edərkən aldığım xoş təəssüratlar hesabına, əminəm ki, buraya tez-tez gələcəyəm. Burada istirahət günümüzü şən və əyləncəli keçirdik. Bu günlər bizim üçün əvəzedilməz bir xatirə olaraq qaldı. Bizim üçün bu şəraiti yaradanlara, bu işdə əməyi keçənlərə kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm.
Beləcə, ikigünlük istirahətimizin sonuna gəlir, hər birimiz xoş təəssüratla ayrılırıq Ağbulaqdan. Nəzərə alsaq ki, qarşıdan qış ayları gəlir, ümidvarıq ki, yeni salınan xizək mərkəzilə də bundan sonra gələn qonaqları daha təmtəraqlı qarşılayacaq Ağbulaq. Günü-gündən gözəlləşən simanla daha çox qonağa qucaq açman diləyilə, salamat qal, Ağbulaq…

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR