Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan aqrar sahədə keçmiş ittifaqın kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır. Ulu öndər demişdir: “Azərbaycanın kənd təsərrüfatı potensialı – torpaqlarımız, hava, su kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, bundan səmərəli istifadə olunmalıdır”.
Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Aqrar sahə bizim üçün strateji sahədir. Bu həm iqtisadi, həm sosial sahədir... Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın”.
Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının da inkişafı daim diqqət mərkəzində saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr əldə olunmuşdur. Qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaratmış, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirmişdir.
Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə əkinlərə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 105 min 807 ton dənli və dənli-paxlalı, 11 min 44 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 71,8 ton tütün, 77 min 470,1 ton tərəvəz, 54 min 689 ton kartof, 33 min 615 ton bostan məhsulları, 41 min 299,2 ton meyvə, 10 min 158,4 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir. Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təchizatı əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, eyni zamanda məşğulluğun təmin olunmasına imkan verir. Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 1170, Culfa rayonunun Bənəniyar kəndi ərazisində 1050, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazilərində 618, Kəngərli rayonunun Böyükdüz, Xok, Yurdçu kəndləri ərazilərində 2690 hektar torpaq sahəsində qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə meyvəçiliyin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin meyvə məhsullarına olan tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir. Cari ilin ötən dövründə muxtar respublikada, ümumilikdə, 64,3 hektar sahədə yeni meyvə bağları salınmış, 67 min 399 müxtəlif meyvə tingi, 11 min 190 üzüm kolu əkilmişdir.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini əhalinin keyfiyyətli və təmiz ərzaq məhsulları ilə təmin olunması təşkil edir. Bu istiqamətdə görülən işlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Heyvandarlıq aqrar sektorun əsas sahələrindən olmaqla, əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın da əsas məqsədlərindən biri heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsidir. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 125 min 426-ya, xırdabuynuzlu heyvanların sayı isə 771 min 372-ə çatdırılmışdır. Cari ilin ötən dövründə 41 heyvandarlıq, 2 quşçuluq təsərrüfatı yaradılmış, 14 heyvandarlıq və 1 quşçuluq təsərrüfatı sahəsinin genişləndirilməsi işləri başa çatdırılmışdır. 20 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq kompleksinin yenidən qurulması davam etdirilir. Bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 13 milyon 500 min manat güzəştli kredit verilmişdir ki, bunun da 11 milyon 6 min 100 manatı heyvandarlığın inkişafı üçün ayrılmışdır.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 10 min 74 baş inək, düyə və camış mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 7 min 168 baş sağlam bala alınmışdır. Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar açacaqdır. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2021-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 20 min 118,6 ton, süd istehsalı 74 min 712,2 ton, yun istehsalı 925,2 ton, yumurta istehsalı isə 89 milyon 771 min 600 ədəd olmuşdur. Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Bu məqsədlə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir.
Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da arıçılıq aqrar istehsalın davamlılığını və səmərəliliyini təmin edən gəlirli sektorlardan biridir. Qədim diyarımızda kifayət qədər nektarlı bitki növlərinin olması burada arıçılığın inkişafına səbəb olmuşdur. Bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu var. Proqramın uğurlu icrası arı ailələrinin sayının artmasına və bu sahədə ümumi məhsuldarlığın daha da yüksəldilməsinə şərait yaradır. Muxtar respublikada 99 min 935 arı ailəsi vardır. İstehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın və satış yarmarkasının keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3386 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 2554-ü nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 311-i cari ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanmışdır.
Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri də torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri olan Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində yaradılan və yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda əkin sahələrindən götürülmüş torpaq nümunələri və toxum materialları analiz edilir. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasında strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluq da diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq məqsədilə ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin istifadəyə verilməsi tədbirində Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın”. Hazırda muxtar respublikada 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 7 min 542,3 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, həmçinin əkin sahəsinin hər hektarına fermerlərə 60 manat yardım verilməsi taxıl istehsalına marağı daha da artırmışdır.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar və sahəsi 150 min 817 kvadratmetr olan 34 istixana kompleksi fəaliyyət göstərir.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və istehsal olunan məhsulların ixrac potensialının artırılması ilə kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Artan tələbatın qarşılanmasında, istehlak sahəsində əlçatanlığın təmin olunmasında istehsal anlayışı müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan təsdiq olunan Dövlət proqramının böyük əhəmiyyəti vardır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır. Etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılmışdır. 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 409 milyon 830 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Su təminatı, əkinəyararlı və bərəkətli torpaqlar olan yerdə inkişaf təmin olunur və ərzaq bolluğu yaranır. Çünki ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əgər bu sahədə işlər düzgün qurularsa, o zaman iqtisadiyyat da inkişaf edəcəkdir. İqtisadiyyatın lokomotivi isə kənd təsərrüfatıdır”.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti