21 Dekabr 2024, Şənbə

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 100 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunmuşdur. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlamış, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapmışdır.

Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də, əhalini tabe edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi. 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi”. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı.
Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvana gələn Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. B.Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Müqavilədə bir sıra məsələlərlə yanaşı, Naxçıvanın Azərbaycanın himayəsində muxtariyyət statusu və bu himayəçiliyi üçüncü dövlətə verməyəcəyi öz əksini tapdı. Türk diplomatlarının səyi və təkidi nəticəsində Şərur-Dərələyəz Naxçıvanın ərazisi, Şərur-Dərələyəzi Ermənistandan ayıran xətt isə Naxçıvan-Ermənistan sərhəd xətti kimi qəbul edildi. Bu məsələlər Moskva müqaviləsinin 3-cü maddəsində və 1(C) əlavəsində öz əksini tapdı.
Moskva müqaviləsi ilə Rusiyanın Türkiyə ilə mübahisəli məsələləri həll olunsa da, Türkiyənin Cənubi Qafqaz respublikaları arasındakı ərazi-sərhəd məsələləri həll olunmamış qalmışdı. Ona görə də bu məsələlərin də həlli üçün yeni bir konfransın keçirilməsi zəruri idi. Bu konfransın keçirilməsi yeri əvvəl mübahisə doğursa da, son nəticədə, Qars şəhərində keçirilməsi razılaşdırıldı. Türkiyə hökuməti istəyirdi ki, Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Rusiya isə buna razı deyildi. Bu məqsədlə 1921-ci il mayın 7-də Cənubi Qafqaz respublikalarının xarici işlər nazirləri Tiflisə çağırılmışdı. Bu müzakirələrdə Azərbaycanı M.D.Hüseynov və B.Ə.Şahtaxtinski təmsil edirdi. Q.Orconikidze və B.Leqranın sədrliyi ilə keçirilən iclas hər üç Cənubi Qafqaz respublikasının qarşıdakı konfransda vahid mövqe tutması barədə qərar qəbul etdi. Qərarda deyilirdi: “Moskva müqaviləsi Türkiyə ilə aparılacaq danışıqların və imzalanacaq müqavilələrin əsasını təşkil etməlidir”.
1921-ci il 26 avqustda Azərbaycan K(b)P MK Bürosunun iclasında Türkiyə ilə müqaviləni imzalamaq üçün Azərbaycan nümayəndə heyətinin göndərilməsi məsələsi müzakirə edildi və B.Ə.Şahtaxtinski nümayəndə heyətinin sədri təsdiq edildi. Onun sədr təsdiq edilməsi faktının özü Sovet Azərbaycanı rəhbərliyinin vəziyyətin ümumittifaq nizamlanması kontekstində Naxçıvan probleminin hüquqi baxımdan təsbitində maraqlı olduğunu dolayısı ilə təsdiq edirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan KP-nin rəhbərliyində olan erməni əsilli nümayəndələr S.Danielyan, L.Mirzoyan, A.Mikoyan Q.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda B.Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Yalnız N.Nərimanovun bu məsələ ilə bağlı dəyişməz mövqeyi sayəsində B.Şahtaxtinski fəaliyyətini davam etdirə bildi.
Sovet Rusiyası ilə Türkiyə Xarici İşlər idarələri arasında yazışmalar nəticəsində Qars konfransının açılışı sentyabr ayının 26-na müəyyən edildi. 1921-ci il sentyabrın 3-də Rusiya KP MK-in Qafqaz bürosu iclasda “Qars konfransı məsələsi” mövzusunda müzakirə keçirdi. Qarşıdakı Qars konfransında Rusiya və Cənubi Qafqaz respublikaları üçün təlimat xarakterli 7 maddədən ibarət qətnamə hazırlanmışdı. Qars konfransının keçirilməsi ərəfəsində – sentyabrın 17-də Türkiyə Böyük Millət Məclisi hökumətinin xarici işlər naziri Yusif Kamal bəy türk heyətinin konfransda necə hərəkət edəcəyi ilə bağlı Kazım Qarabəkir Paşaya təlimat göndərdi. Təlimatda Cənubi Qafqaz respublikaları ilə bağlı ayrı-ayrılıqda göstərişlər yer almışdı. Burada Azərbaycanla imzalanacaq müqavilə ilə bağlı məsələlərin nəzərə alınması tövsiyə edilirdi.
Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilmişdir. Açılışda Kazım Qarabəkir Paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış etmişlər. Qars danışıqları çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Konfransın birinci iclası onun gündəliyini müəyyənləşdirdi. İlk iclasda Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında müqavilə forması ciddi müzakirə predmetinə çevrildi. Türk heyəti hər bir respublika ilə ayrı-ayrılıqda müqavilələr imzalanmasını təklif etdi. Kazım Qarabəkir Paşa bunu belə əsaslandırırdı ki, “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlət kimi ayrıca müqavilə bağlamaq istəyirik”.
RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi.
Qars konfransından əvvəl Tiflisdə bütün məsələlər olduğu kimi, Naxçıvan məsələsi də Azərbaycan və Ermənistan nümayəndələri arasında müzakirə edildi. Bu müzakirələr nəticəsində onlar ümumi mövqeni əks etdirən xüsusi memorandum tərtib edib, Türkiyə nümayəndələrinə təqdim etdilər. Memorandumda bir sıra digər məsələlərlə yanaşı, Ermənistanın xeyrinə bəzi sərhəd düzəlişləri edilməklə “Azərbaycan SSR tərkibində muxtar Naxçıvan Sovet Respublikasının yaradılması” nəzərdə tutulurdu. Diplomatik müzakirələr nəticəsində hazırlanan memorandumun əsas məqsədi Türkiyəni Naxçıvan məsələsindən kənarlaşdırmaq idi. Konfransdakı müzakirələr açıq şəkildə göstərdi ki, Moskva müqaviləsindən fərqli olaraq Sovet təmsilçiləri bölgəyə türk nümayəndələrinin də daxil olduğu qarışıq bir komissiya göndərilməsi ehtimalını aradan qaldırmağa çalışırlar. Naxçıvan məsələsini Ankaranın iştirakı olmadan həll edilə bilən daxili işə çevirmək istəyirlər. Lakin Naxçıvan məsələsinə çox həssas yanaşan türk diplomatiyası buna yol vermədi. K.Qarabəkir Paşa Moskva müqaviləsinə uyğun olaraq Naxçıvan məsələsini Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanacaq müqaviləyə daxil edilməsini istədi.
Nəhayət, uzun sürən müzakirə və mübahisələrdən sonra 1921-ci il oktyabrın 13-də RSFSR-in nümayəndəsinin iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Türkiyə diplomatları ilə 20 maddədən və 3 əlavədən ibarət Qars müqaviləsini imzaladılar. Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Qeyd olunan maddədə yazılırdı: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Müqavilənin bu maddəsindən görünür ki, burada Moskva müqaviləsinin üçüncü maddəsinin müəyyən bir hissəsi, yəni “Azərbaycan bu himayəçilik haqqının üçüncü bir dövlətə heç bir zaman güzəştə gedə bilməməsi” öz əksini tapmamışdı. Lakin məsələnin belə qoyuluşunun üstün cəhəti ondan ibarət idi ki, Ermənistan Naxçıvan vilayətinin Azərbaycan ərazisi olduğunu tanıyır və müqaviləni imzalamaqla öz üzərinə siyasi-hüquqi öhdəlik götürmüş olurdu. Lakin göründüyü kimi, bu halda Moskva müqaviləsindən fərqli olaraq Azərbaycanın Naxçıvanı “heç bir üçüncü dövlətə güzəştə getməməsi” sənəddə yer almırdı. Naxçıvanın ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəm dərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət, keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində qurtarır”.
Göründüyü kimi, Qars müqaviləsinin V maddəsi ilə Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın bu müdafiəsini qəbul etdiyini təsdiqlədi. Müqavilənin ən əhəmiyyətli tərəflərindən biri də onun müddətsiz imzalanması idi.
Sovet Rusiyasının müqavilələrlə əlaqədar olan nümayəndələrinin (G.Çiçerin, B.Leqran, Y.Qanetski və başqa) təhriki ilə Naxçıvanın sərhədləri Gümrü və Moskva müqavilələrinə görə kiçildilmiş (Moskva müqaviləsinə görə Naxçıvanın sahəsi 6038 kvadratkilometr idi), Dəvəli, Arazdəyən və başqa ərazilər Ermənistana verilmişdir. Artıq Naxçıvanın şimal-qərbdə Ermənistan ilə olan sərhədinin üç nöqtəsini Sədərək təşkil edir (Qars müqaviləsinə görə Naxçıvanın sahəsi 5753 kvadratkilometr olmuşdur, yəni 285 kvadratkilometr azalmışdır).
Qars müqaviləsində mühüm yerlərdən biri də Batumla bağlı idi. Türkiyə Batum limanını və Batum şəhərini, həmçinin bu müqavilənin dördüncü maddəsi ilə müəyyən edilmiş sərhədlərdən şimalda yerləşən və Batum vilayətinə daxil olan ərazilər üzərində suverenliyini müəyyən şərtlərlə Gürcüstana güzəştə getdi.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etmişdir. Bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir. Qars müqaviləsi Moskva müqaviləsinin maddələrinin, əsasən, təkrarından ibarət idi. Əgər Moskva müqaviləsi ilə Rusiya və Türkiyə müəyyən razılığa gəlmişdirsə, Qars müqaviləsinə görə belə razılıq Rusiyanın iştirakı ilə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında əldə edilmişdi. Bu müqavilənin tərəflər üçün mühüm əhəmiyyəti oldu. Türkiyə vaxtilə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiya ilə birlikdə Cənubi Qafqaz respublikalarının dəstəyini aldı. O, Cənubi Qafqaz respublikaları ilə, xüsusilə Ermənistanla münasibətlərini tənzimlədi, özünün bu respublikalarla olan sərhədlərinin təhlükəsizliyini təmin etdi. Bu müqavilənin Rusiya üçün də əhəmiyyəti var idi. Rusiya tanınmayan bolşevik hökuməti üçün Türkiyədən dəstək aldı. Türkiyə ilə sərhədlərində təhlükəsizliyi təmin etdi. Rusiya həm də Cənubi Qafqazda öz təsirini və hökmranlığını möhkəmləndirdi. Müqavilənin Cənubi Qafqaz respublikaları üçün də əhəmiyyətli cəhətləri vardır. Bu respublikaların Türkiyə ilə ərazi məsələləri həll edildi, onunla mehriban qonşuluq münasibətlərinin əsası qoyuldu.
Qars müqaviləsi Türk diplomatiyasının mühüm qələbəsi idi. Rusiyanın iştirakı ilə Türkiyə Cənubi Qafqaz respublikaları ilə Qars müqaviləsini imzalamaqla özünün Şərq siyasətinin qələbəsini təsbit etdi. 1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin üçüncü toplantısını açarkən Mustafa Kamal Atatürk demişdir: “Azərbaycan, Gürcüstan, Ermənistan Sovet respublikaları ilə Moskva müqaviləsinin əsasları çərçivəsində Qarsda 13 oktyabr tarixli müqavilə imzaladıq. Bu müqavilə ilə Şərqdə hüquqi bir şəkil alan indiki vəziyyətimiz Sevr müqaviləsinin tətbiqinin qeyri-mümkün olduğunu göstərən reallıqlardan biridir”.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası, Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev çox böyük uzaqgörənliklə Naxçıvanın muxtariyyət əldə etməsinə və bu sahədə Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın, Azərbaycanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Qeyd etmək lazımdır ki, əgər Naxçıvanda 1921-ci il referendumu olmasaydı, Naxçıvanın muxtariyyət məsələsi gündəlikdən çıxarılacaq, Moskva və Qars müqavilələrində öz əksini tapa bilməyəcəkdi. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 8 fevral tarixli Sərəncam imzalamış və Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Sərəncamda deyilir: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.
Qars müqaviləsi ilə bolşevik və daşnak siyasətinin hədəfinə çevrilmiş Naxçıvan Azərbaycanın ərazisi olaraq beynəlxalq status qazandı. Naxçıvan diyarı əhalisinin qətiyyətli mövqeyi və Türkiyə Milli hökumətinin ardıcıl və səmərəli diplomatik fəaliyyəti nəticəsində Moskva və Qars müqavilələri ilə bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu.
Moskva müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Qars müqaviləsində tərəflər onu təsdiq etmiş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin SSRİ-nin yaranmasından sonra, 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmiş və yalnız 9 fevral 1924-cü ildə bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, qeyd olunduğu kimi, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapmışdır. Digər qurumlardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir. Bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilmişdir.
1921-ci ildə imzalanmış Qars müqaviləsi bütün XX əsr boyu öz müsbət rolunu oynamış və XXI əsrdə də bu davam edir. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi qalibiyyətlə başa çatandan sonra 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi – Müttəfiqlik müqaviləsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini və uzunömürlülüyünü bir daha təsdiqlədi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm də mənəvi və başqa istiqamətlərin simvoludur. Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir.
Bu gün Naxçıvan Muxtar Respublikası uğurla və hərtərəfli inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Hazırda muxtar respublikada sosial-iqtisadi problemlərin həlli istiqamətində konkret tədbirlərin görülməsi, zəruri istiqamətlərin müəyyənləşdirilməsi Naxçıvanın davamlı və dayanıqlı inkişafına stimul verir. Dövlət siyasətinin muxtar respublikada məqsədyönlü şəkildə həyata keçirilməsi üçün göstərilən diqqət və qayğı nəticəsində həyatın bütün sahələrində uğurlar və nailiyyətlər əldə olunur.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR