Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, XX əsrin sonlarında isə Azərbaycan ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.
Ulu öndər Heydər Əliyev hələ sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmiş, milli müstəqillik konsepsiyası ümummilli lider tərəfindən işlənib hazırlanmışdır. Bunun nəticəsində 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratmış və Azərbaycan bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etməyə nail olmuşdur.
“Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”, – deyən ulu öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin onun sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul etmişdir. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmışdır. Həmin sessiyada üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmiş, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. Bundan əlavə, Аli Məclisin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilmiş, 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul olunmuşdur. 1991-ci il avqustun 26-dan isə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılmışdır. Həmçinin sovet qoşun hissələri muxtar respublikadan çıxarılmış, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Beləliklə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrilmişdir.
1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalqımızın qanı bahasına qazanılan müstəqilliyimiz qısa bir zamanda məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış, ölkədə xaos, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş qaldırmışdı. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğal olunması, vətəndaş qarşıdurması, qaçqın və məcburi köçkün problemləri son həddə çataraq Azərbaycanı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi.
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda dövlətçilik, suverenlik, vətənpərvərlik hissləri gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı.
Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı.
Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür.“Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən böyük şəxsiyyət bütün çətinliklərə - daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir.
Ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev ötən 18 il ərzində dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Ötən dövrdə Azərbaycan iqtisadiyyatı dəfələrlə yüksəlmiş, ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulmuş, sosial problemlərin uğurlu həlli nəticəsində işsizlik minimum səviyyəyə endirilmişdir. Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Bu tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlərboyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk”.
Elə müstəqilliyimizin möhkəmləndirilməsinin nəticəsidir ki, Azərbaycan ötən il ölkə başçısının rəhbərliyi ilə işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etdi. İllərdir, beynəlxalq hüquq normalarına məhəl qoymayaraq havadarlarının yardımı ilə işğalı davam etdirən Ermənistan Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində diz çökdürüldü. Ərazi bütövlüyümüz bərpa edildi. Bununla da ölkəmiz öz gücü ilə bütün dünyaya sübut etdi ki, müstəqillik və bu müstəqilliyin vacib atributu olan ərazi bütövlüyü və onun toxunulmazlığı Azərbaycan xalqı üçün hər şeydən əzizdir. Bu gün Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30-cu ildönümünü özünün ərazi bütövlüyünü tam təmin etmiş güclü ölkə, qalib xalq kimi qeyd edir.
Dayanıqlı iqtisadi inkişafın nəticəsidir ki, bu ilin yanvar-aprel aylarında muxtar respublikada 758 milyon 840 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Bəhs olunan dövrdə sənaye üzrə 344 milyon 811 min 500 manatlıq, kənd təsərrüfatı sahəsində isə 44 milyon 297 min 500 manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,1 və 3,3 faiz çoxdur. Yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası həm də mədəni yüksəliş dövrünü yaşayır. Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm kimi sahələrdə əldə olunan uğurlar Naxçıvanın simasını tamamilə dəyişib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına hər səfərində görülən işləri yüksək qiymətləndirir, muxtar diyarın uğurlarından qürurla bəhs edir. Bu il mayın 10-da Naxçıvana növbəti səfərində də ölkə başçısının təəssüratları zəngin idi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm… Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir… Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir”.
Ümummilli lider Heydər Əliyev həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimizin müəyyən etdiyi quruculuq xəttinin ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxardığını xüsusi qeyd edərək demişdir: “Biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.
Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.
“Şərq qapısı”