29 Mart 2024, Cümə

AMEA Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Fəxrəddin Səfərli yığıncağı giriş sözü ilə açaraq bildirib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin alimin 110 illik yubileyi münasibətilə imzaladığı 2021-ci il 1 oktyabr tarixli Qərara əsasən keçirilir.

F.Səfərli Abbas Zamanovun həyat və yaradıcılığı haqqında yığcam məlumat verərək qeyd edib ki, çətin və keşməkeşli həyat sürən alim vətənpərvər şəxsiyyət kimi formalaşmış, Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etmiş, qətiyyətli mövqeyindən heç zaman dönməmişdir. Zəhmətkeş alimin ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr, Azərbaycan ədəbi mühiti, mədəniyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri vardır.
Yığıncaqda “Ədəbi əlaqələrin inkişafında Abbas Zamanov erası” mövzusunda məruzə edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Abbas Zamanovun zəngin həyat və yaradıcılıq yoluna nəzər salıb. Məruzədə mətnşünas alimin çoxsahəli fəaliyyəti, onun ədəbiyyatşünaslıq elminə bəxş etdiyi əsərlər və şəxsi keyfiyyətləri təhlil olunub.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Abbas Zamanovun mollanəsrəddinşünaslıq tədqiqatları” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, XX əsr Azərbaycan maarifçi realistlərinin, eləcə də romantiklərinin yaradıcılığı Abbas Zamanov tərəfindən öyrənilmiş, C.Məmmədquluzadə, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı ilə bağlı fundamental elmi əsərlər ərsəyə gəlmişdir.
“Abbas Zamanov yaradıcılığında “Cənub xatirələri” adlı məruzə edən bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva professor Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlərindən danışmışdır.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR