Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən oktyabr ayının 21-də Naxçıvan Dövlət Universitetində mətbu orqanın yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitet əməkdaşlarının və tələbə müəlliflərin yazılarının dərc olunduğu “Şərq qapısı” qəzeti nömrələrindən və Naxçıvanda mətbuatın, o cümlədən “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolunu əks etdirən kitablardan ibarət sərgiyə baxıblar.
Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzalanan tarixi Sərəncam Naxçıvanın 100 illik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətdir. Bu mənada, müasir günümüzdə “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istər dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün yüzyaşlı maarifçilik salnaməsi olan “Şərq qapısı”da təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar, o cümlədən Naxçıvan Dövlət Universitetinin tələbə jurnalistləri də çalışır.
Diqqətə çatdırılıb ki, dövrün görkəmli ziyalılarının, elm xadimlərinin xitabət kürsüsü rolunu oynayan “Şərq qapısı” qəzeti, bu gün də muxtar respublikamızın sosial-iqtisadi inkişafında və çiçəklənməsində, vətəndaşların informasiyaya olan tələbatının dolğun səviyyədə ödənilməsində, milli dəyərlərin təbliğində, siyasi mədəniyyətin formalaşmasında, Naxçıvanın elm, maarif ocağı kimi tanıdılmasında fəal iştirak edərək özünə böyük oxucu kütləsi qazanıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında vurğulayıb ki, bugünkü müstəqil mətbuatımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Baş redaktor 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” ilə əsası qoyulan Naxçıvan mətbuatı, 50-dən çox yaşı olan Naxçıvan Dövlət Universiteti paralel olaraq muxtar respublikanın ictimai-siyasi həyatında, dövlətçilik tarixində, gənc vətənpərvər ziyalı nəslin formalaşmasında müstəsna rol oynamışlar.
Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
Diqqətə çatdırılıb ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Baş redaktor Ali Məclis Sədrinin aşağıdakı müdrik fikirlərinin hər bir jurnalist üçün əsas fəaliyyət prinsipinə çevrilməli olduğunu vurğulanıb: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır”. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Rövşən Hüseynov Naxçıvan Dövlət Universiteti əməkdaşlarının, eləcə də Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası müəllim və tələbələrinin mətbuatda, xüsusilə də “Şərq qapısı”nda müntəzəm olaraq mövzu və ideya etibarilə aktuallıq kəsb edən məqalələrlə çıxış etməsindən fəal vətəndaşlıq və ziyalılıq mövqeyindən də bəhs etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səadət Əliyeva və “Şərq qapısı” qəzetinin əməkdaşı Güntac Şahməmmədli milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar.
Tədbirdə universitetin Media Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx, “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən slayd nümayiş olunub. Sonda “Şərq qapısı” qəzetinin baş redaktoru Naxçıvan Dövlət Universitetinin fəxri fərmanı, eləcə də qəzetin redaksiya heyəti “Şərq qapısı” qəzetinin 100 illik yubileyi və muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatındakı səmərəli fəaliyyəti münasibətilə universitet rəhbərliyinin təşəkkürnaməsi ilə təltif olunmuşlar. Qəzetlə fəal əməkdaşlıq edən universitet əməkdaşları və tələbələrinə hədiyyələr təqdim olunub.
Tədbir “Nəqşicahan” instrumental ansamblının konsert proqramı ilə başa çatıb.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/32724-nakhdzh-van-doevlaet-universitetindae-shaerzh-zhap-s-zhaezetinin-yubiley-taedbiri-olub.html#sigProGalleria96df8af9ab
Məcid RƏŞADƏTOĞLU