Oktyabrın 31-də “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsdə Zəfər günü ərəfəsində şəhid ailələrinin müayinəsi və müalicəsi təşkil olunub. Biz də tədbirin təşkilatçıları və şəhid ailələri ilə həmsöhbət olduq.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirdi ki, ötən ilin sentyabr ayında başlanan və tarixə qızıl hərflərlə yazılmış şanlı Vətən müharibəsində güclü, qətiyyətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, 30 illik həsrətə 44 gündə son qoyuldu. Bu Zəfərin qazanılmasında cənab Prezidentin də vurğuladığı kimi digər bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstərdilər, şəhidlər verdilər. Muxtar respublikamızda torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatında yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi şəhid ailələrinin qayğı və problemlərinin vaxtında həll edilməsinə nail olur, şəhid ailələrinin mənzil və məişət şəraiti yaxşılaşdırılır, işlə təmin olunur, şəhid məzarları abadlaşdırılır. Bu tədbirlərin davamı olaraq keçirilən bugünkü aksiyada onların sağlamlıqlarının qayğısına qalınır. Vətən müharibəsində əldə edilən böyük Zəfər sayəsində yaşadığımız qürur, sevinc hisslərinin bənzəri yoxdur. Bütün bunları torpaqlarımız uğrunda vuruşan hər bir əsgərimizə, qazilərimizə, şəhidlərimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət, diləyirik.
Həkim-stomatoloq Vüsal Əliyev qeyd etdi ki, xəstəxananın illik Tədbirlər planına əsasən təyin olunmuş proqram əsasında vətəndaşların müayinə və müalicə prosesləri ardıcıl olaraq həyata keçirilir. Eyni zamanda təmənnasız olaraq muxtar respublikamızın bütün şəhər və rayonlarından olan qazi və şəhid ailələrinin müayinələrini həyata keçiririk. Bu gün də Naxçıvan şəhərində yaşayan şəhid ailələrinin səhəti çoxsaylı həkim kollektivimiz tərəfindən yoxlanıldı, lazımi müayinələr aparıldı, müalicə təyin edildi. Bundan sonra da bir vətəndaş olaraq onların xidmətində durmağa hər zaman hazırıq.
Kapitan Aşur Cəmiyevin atası Bəybala Cəmiyev qeyd etdi ki, oğlu Aşur Cəmiyev 2003-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil almış nizam-intizamı ilə seçilib, ərazi təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şücaətlərə görə bir neçə dəfə mükafatlandırılıb. Vətən sevgisi onu könüllü şəkildə müharibəyə qatılmağa sövq etdi. Vətənin mənafeyini üstün tutaraq çoxlarına qismət olmayan şəhid adını aldı. Oğlum vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün ölümündən sonra orden və medallarla mükafatlandırılıb. Həmçinin bu gün bizə xüsusi diqqət və qayğı göstərilir. Hər bir işimiz yerindəcə həllini tapır. Bu gün də yoldaşım Gülnar Cəmiyeva ilə birgə bir neçə tibbi müayinələrdən keçdik, müalicə yazıldı. Dövlətimizdən razıyıq.
Baş leytenant Sahil Məmmədovun yoldaşı Turanə Məmmədova ilə həmsöhbət oluruq. Öyrənirik ki, Naxçıvan şəhər Qaraçuq qəsəbəsindən gəliblər. Turanə xanım qeyd edir ki, yoldaşı Tovuz döyüşlərində və II Qarabağ müharibəsində iştirak edib. Murov dağın alınmasında şücaət göstərib, Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin anası Sahilə Məmmədova, bacısı Rasimə Məmmədova da müayinə üçün gəlmişdi. Hər biri onlara göstərilən qayğıdan minnətdarlıq etdilər. Şəhid əsgər Pərviz Məmmədzadənin anası Pərvanə Cəfərova ilə həmsöhbət olduq. 19 yaşında şəhidlik zirvəsinə yüksələn oğlu haqqında danışmaq çətin gəlir anaya. Oğlum Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, yaşının az olmasına baxmayaraq öz cəsarəti və qəhrəmanlığı ilə yoldaşlarından seçilib. Xocavənd istiqamətində aparılan şiddətli döyüşlərdə son damla qanınadək vuruşaraq ən yüksək mərtəbəyə, şəhidlik mərtəbəsinə yüksəlib. Bu gün bir şəhid ailəsi kimi qayğı ilə əhatə olunmuşuq. Məişət şəraitimizin yaxşılaşdırılması, sağlamlığımız dövlətin diqqətində saxlanılır. Bir sıra müayinələrdən keçdim, bunlar təmənnasız olaraq həyata keçirilir və pulsuz dərmanlarla təmin olunuruq. Hər bir həkimə bizə göstərilən diqqət üçün çox sağolun deyirəm.
Leytenant Qabil Orucəliyevin anası Nuriyyə Orucəliyeva ilə həmsöhbət olduq. Müsahibim bildirdi ki, Qabil 2016-cı ilin aprel ayında təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra ölkə Prezidenti tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub. Dövlətin şəhid ailələrinə qayğısından razılıq edən Nuriyyə xanım vurğuladı ki, 2016-cı il mayın 6-da ailəmizə yeni mənzil təqdim olunub. Bu gün də gəlinim Tükəzban Orucəliyeva ilə birgə ayağımda və döş qəfəsimdə yaranan ağrıdan əziyyət çəkdiyim üçün müayinə olundum. Dövlətimizə minnətdarlığımı bildirirəm ki, həmişə bizi diqqətdə saxlayır.
Daha sonra müayinə və müalicə proseslərində iştirak edən həkimlərlə həmsöhbət olduq. Oftalmoloq-həkim Kəmalə Əliyeva ilə həmsöhbət olarkən artıq 10 nəfər müayinədən keçmişdi. Müsahibim bildirdi ki, şəhidlərimizə hər zaman dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Hər gün bu müayinələri həyata keçiririk, onlara xüsusi diqqət var. Bugünkü aksiya da çox gözəl bir təşəbbüsdür. Apardığımız müayinələr zamanı şəhidlərimizin övladlarında görmə zəiflikləri aşkarladıq. Xəstəxanamızda məşğələ kabinetləri var ki, bəzi xəstələrə xüsusi məşğələlər təyin elədik. Yaşlı anamız görmə zəifliyindən əziyyət çəkdiyini dedi, apardığımız müayinə nəticəsində aydın oldu ki, gözündə mirvari suyu vardır. Əməliyyatını yaxın günlərdə icra edəcəyik. Göz sinir iltihabdan əziyyət çəkən, quru göz sindromu olan xəstələr də var idi ki, həmin xəstələr üçün də tədbirlər görüldü, müayinələr yazıldı, dərmanlar təyin edildi.
Nevropatoloq Anar Səfərovla söhbət zaman qeyd etdi ki, bir il əvvəlki müharibədən sonra bizə bir çox şəhid ailələri və qazilərimiz müraciət edirlər. Müraciətlər ciddi nevroloji defisdə olmasa da həyəcan, əsəbilik, baş ağrıları, sıxıntı, yuxu pozuqluğu, aqressivlik, əhval-ruhiyyə düşkünlüyü, psixi-nevroloji əlamətlərlə müraciət edənlər çoxdur. Bu gün burada iştirak edən şəhid yaxınlarının bir neçəsi əvvəlcədən təqib etdiyim xəstələr, bir hissəsi də yeni tanıdıqlarımızdır. Xəstələrimizə konservativ müalicələr təyin etdik, digərlərini də müxtəlif müayinə prosedurları üçün digər həkimlərə yönləndirdik, nəticələr qısa zamanda təqdim ediləcək.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi, eləcə də 2016-cı ilin aprel döyüşləri şəhidlərinin ailələri də daxil olmaqla, ümumilikdə 19 şəhidin ailəsi üçün 80 həkim tərəfindən müxtəlif müayinə və müalicə proseduru müəyyənləşdirildi.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/32822-shaehid-ailaelaerinin-sazhhlaml-zhh-dizhzhaet-maerkaezindae-sakhlan-l-r.html#sigProGalleria10a17b5157
Güntac ŞAHMƏMMƏDLİ