06 Noyabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turzim Agentliyinin təşkilatçılığı ilə agentliyin, turizm bürosunun əməkdaşları, media nümayəndələri olmaqla, ümumilkdə 48 nəfərin iştirakı ilə Muxtar respublikamıza media-tur təşkil olunub. Biz də turun sonuncu günündə diyarımza üz tutan qonaqlarımızla, media nümayəndələri ilə həmsöhbət olduq.

 

İlk həmsöhbətimiz "Baku" İnternet Televiziyasının operatoru Elgün Hümbətov oldu. Müsahibim iki gün ərzində proqram çərçivəsində Muxtar respublikamızda üz tutduqları yerlər haqqında məlumat verərək bildirdi ki, Naxçıvan həqiqətən zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə bura üz tutan hər bir kəsi özünə heyran qoyur. İlk dəfədir səfər etməyimə baxmayaraq heç bir yadlıq və özgəlik hiss etmirəm. Düşünürəm ki, insanların istiqanlı olması, qonaqpərvərliyi bizdə bu cür müsbət təəssüratlar yaradır. Hətda dünən biz asudə vaxtımızda fürsət tapıb şəhəri gəzərkən, insanlara yaxınlaşıb ünvan soruşduqda az qalırlar ki, bizimlə birlikdə gedcəyimiz yerə qədər bələdçilik də etsinlər. Həqiqətən bu vaxtacan Naxçıvan haqqında eşitdiyim gözəl fikirlərin əyani sübutunu burada olduğum iki gün müddətində daha yaxından gördüm, şahid oldum. Bu iki gün ərzində, bizim üçün nəzərdə tutulmuş ekskursiya çərçivəsində Naxçıvanın bir çox görməli yerlərində olduq. Qədim diyarın çoxəsirlik tarixini özündə yaşadan Möminə xatun türbəsi, Xan sarayı, Əlincə qalası, zəngin təbiətin ən gözəl nümunəsi olan Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi başdan başa təbiət möcüzəsidir. Səfər etdiyimiz yerlərin bir-birindən dəyişik və maraqlı iqlim halları da insanın gözündən yayınmır. Təmiz havası ilə insanın ruhunu oxşayan Ağbulaq İstirahət Mərkəzi isə turistlərin ən çox üz tutduqları ünvanlardan biridir. Burada olduğumuz bir - iki saat ərzində isə vaxtımız maraqlı və səmərəli keçdi. Hətda Ağbulağa ayaq qoynuğum anda aldığım nəfəs məni bir anlığa bir neçə il bundan öncə getdiyim Türkiyənin ən gözəl ünvanlarından biri olan Qaradənizə apardı. Çünki bu saf, təmiz havanı ən son Qaradənizdə udmuşdum. İndi isə Naxçıvan mənə bu gözəl fürsəti yaşatdı. Elə mən də fürsətdən istifadə edib bu cür layihələrin təşkil olunmasına əməyi keçən hər bir kəsə bütün həmkarlarım adından öz dərin minnətdarlığmı bildirirəm.

"Yeni Müsavat" qəzetinin jurnalisti Xalidə Gəray: Çoxəsirlik tarixə malik olan Naxçıvan yaradcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır. Bu diyar uzun illər suni maneələrin, siyasi buxovların təsiri altında qalmasına baxmayaraq böyük bir inkişaf yolu qət edərək bu gün özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Qeyd etmək istərdim ki, bu mənim Naxçıvana ilk səfərimdir. Hər zaman arzu etmişəm ki, Naxçıvanı və naxçıvanlıları yaxından tanımaq fürsətini əldə edim. Çox şadam ki, hazırda iştirakçısı olduğum media tur bu gözəl imkanı mənə verdi. Ekskursiya etdiyimiz ünvanlar da bu qədim məskənin zəngin tarixini özündə ehtiva edən bir-birindən maraqlı eksponatları və abidələri ilə sanki özləri şahid olduqları tarixdən söhbət açır bizlərə. Hətda olduğum yerlərdən fotoları sosial şəbəkədə paylaşdıqda insanlar böyük bir maraqla qarşılayır Naxçıvanın hazırkı mənzərəsini. Bu naxçıvanlılarla yanaşı bizlərin də sevincinə səbəb olur. Çox şadıq, sevincliyik ki, Naxçıvan qısa zaman kəsiyində bu qədər inkişaf dövrü keçərək qədimlik və müasirliyin çiyin-çiyinə adımladığı bir ünvana çevrilib. Təmiz küçələri, yeni-yeni qurulub-yaradılan tikililəri, infrastrukturları, qonaqpərvər və səmimi insanları ilə əsl turizm potensialını özündə birləşdirən Naxçıvanın Qarabağ Zəfərindən sonra Azərbaycana birləşdirilməsi prosesi tezliklə başa çatdıqdan sonra uzun illər xalqın gediş-gəlişinə törədilən maneə də aradan qaldırılacaq. Və bu diyarın istiqanlı insanları ilə əlaqəmiz daha da yaxşılaşacaq. Bir məqamı qeyd etmək istərdim ki, mən Naxçıvanın gözəl insanlarının səmimiyyətinə burada olduğum iki gün ərzində daha yaxından şahid oldum. Kiminlə həmsöhbət olurduqsa "Buyurun qonağımız olun, sizə necə qulluq edək" deyərək sanki hər bir naxçıvanlı bizə qucaq açmışdı. Bnunla yanaşı aldığım məlumatlara görə xalqımızın çoxəsirlik tarixini özündə yaşadan adət-ənənlərmiz də bu gün Naxçıvanda qorunub saxlanır. Bu çox sevindirici bir haldır. İnanıram ki, zəngin mətbəx təamları, füsunkar gözəlliyi, səmimiyyəti və qonaqpərvərliyi ilə yaddaşımda həmişəlik qalacaq Naxçıvan mənim kimi bir çox jurnalist həmkarlarımın qələminə həqiqət ilhamı, yaradıcılıq həvəsi verib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Gülnar Mustafayevanın dediklərindən: Bildiyimiz kimi, Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən xüsusi bir proqram hazırlanıb və bu proqram çərçivəsində təşkil edilən media-tur vasitəsi ilə ölkəmizin media nümayəndələri, jurnalistlər bu dəfə Naxçıvana səfər edib. Qeyd etmək yerinə düşər ki, burada olduğumuz bu iki gün bizlər üçün böyük önəm daşıdı. Bir jurnalist nöqteyi-nəzərindən mövzuya yanaşsaq həm bir qonaq kimi burada olan turizm potensialı haqqında ətraflı məlumatlar qazanır, həm də qədim diyarımız olan Naxçıvanın tarixi ilə yaxından maraqlanırıq. Bildirmək istəyirəm ki, burada vaxtımız xeyli maraqlı və səmərəli keçir. İki gün ərzində Naxçıvanın bir çox turistlik məkanlarına ekskursiyalar etdik, xeyli maraqlı və faydalı məlumatlar qazandıq. Mən həmin ünvanlarla bağlı öz təəssüratlarımı da sizinlə bölüşmək istəyirəm. Əvvəla onu qeyd edim ki, ətəyinə ilk ayaq qoyduqda sinəsində əyilməzlik, məğrurluq simvolunu yaşadan Əlincə qalası məni valeh etdi. Bir o qədər də qürurlandım. Çünki, çoxəsirlik tarixin hər bin anını özündə yaşadan Əlincə qalasına tamaşa etmək mənə də nəsib olmuşdu. Naxçıvana ilk dəfə səyahət etdiyim üçün bu vaxtacan Əlincə qalası haqqında yalnız kitablardan və video kadrlardan məlumatlar əldə etmişəm. Lakin iştirakçısı olduğum bu media-turun vasitəsi ilə onu yaxından görmək və haqqında dolğun məlumat əldə etmək fürsətini əldə etdim. Bununla yanaşı, deyə bilərəm ki, maraqlı ekskursiyaların təşkil edilməsi səfərimizə başqa bir ab-hava qatdı, günümüz rəngarəng keçdi. Ekskursiyalar məndə və digər yoldaşlarımda çox müsbət hisslər yaradıb. İki gün ərzində, həmin proqram çərçivəsində Əcəmi Seyrəngahı, Xan sarayı, Açıq səma altında muzey, Ağbulaq İstirahət Mərkəzi, Batabat yaylağı və Əshabi-Kəhf dini-mədəni abidə kompleksinə etdiyimiz ekskursiyalar da maraqlı olması ilə seçildi. Bir jurnalist kimi, çalışdığım qədər bu diyarda gördüyüm gözəllikləri qayıtdıqdan sonra da təbliğ etməyə və ictimaiyyətə çatdırmağa çalışacağam.

Azad Azərbaycan Televiziyasının müxbiri Əli Novruzəliyevin dediklərindən: Artıq Naxçıvana üçüncü dəfədir ki, səfər edirəm. Hər səfərimdə də şəhərin göz oxşayan gözəllikləri ilə bağlı zəngin təəssüratlar qazanıram. Bu dəfəki səfərimiz isə tamam başqa cür ab-havada oldu. Əvvəlcə onu bildirim ki, burda əldə etdiyim materialların hesabında Bakıya qayıtdıqda müxtəlif səpkilərdə, rəngarəng və mövzu dairəsi geniş olacaq reportajlar hazırlayacağam. Əlincə qalası haqqında yaranan müsbət fikirlərim və yaradıcılıq hisslərim isə fərqli olacaq. Səfərlə bağlı təəssüratlarıma gəldikdə isə ilk başda onu deyə bilərəm ki, Naxçıvan həqiqətən tarixin özüdür. Hər daşından, qayasından şahidi olduğu qədimliyin, ucalığın və möhtəşəmliyin izləri duyulur. Ekskursiyalarımız çərçivəsində üz tutduğumuz muzeylər, tarixi abidələr insanı heyrətləndirməyə bilməz. Möminə xatun ucalığı, Hüseyin Cavid hikməti ilə yoğrulan bu torpağın insanları da özü kimi səmimi və qonaqpərvərdir. İnsan yaşadığı yerlə bütünləşir deyir ariflər. Həqiqətən bir daha bu sözün necə dərin məzmun və həqiqət kəsb etdiyinin şahidi oldum. Bu gözəlliyi mən də hər səfərində məni gözəlliyi və ecazkarlığı ilə heyran qoyan Naxçıvan yaradır. Mən bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, buranın insanları çox xəşbəxt və bəxtəvərdir. Ən azından ona görə ki, burada heç bir muzey və tarixi abidələrin olduğu yer ödənişli deyil. Bu çox möhtəşəm birşeydir. İnsanlar istədikləri zaman tarixi gözəllikləri özündə birləşdirən ünvanlara heç bir ödəniş etmədən gedə bilərlər. İnanıram ki, bundan sonra da Naxçıvana sıx səfərlər edə biləciyik. Ümid edirəm ki, növbəti səfərimizdə illərdir Naxçıvanı cismani sürətdə bizdən ayran süni maneələr aradan qalxacaq. Bizlər və bizim timsalımızda olan hər bir kəs quru yollarının hesabına bu cənnətməkan diyara səfər edə biləcək.

Məcid RƏŞADƏTOĞLU

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR