29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublikası yerüstü sərvətlərinin zənginliyi ilə yanaşı, mineral sərvətlərinin də müxtəlifliyinə və ehtiyatına malik olan çox zəngin diyardır. Muxtar respublikanın füsunkar təbiəti və cazibədar gözəlliyi əsrarəngiz dağ landşaftları və Araz çökəkliyi ilə səciyyələnir və çoxsaylı faydalı qazıntıları ilə seçilir. Mineral xammal ehtiyatlarının ümumi balansında qeyri-filiz faydalı qazıntılar və tikinti materialları mühüm yer tutur. Bu baxımdan Naxçıvan filiz, qeyri-filiz, inşaat materiallarının yataq və təzahürlərinə, müxtəlif tərkibli mineral suların çoxsaylı mənbələrinə və böyük ehtiyatlarına malikdir. Regionun təkcə mineral xammal bazası 41 müxtəlif faydalı qazıntı yataqlarının sənaye ehtiyatlarını özündə cəmləşdirir. Bunlardan Gümüşlü, Ağdərə, Başkənd, Gilançay, Ləkətağ polimetallik, Parağaçay, Qapıcıq molibden, Duzdağ, Sust, Nehrəm daşduz, Unus mis, molibden, Şərur və Şahbuz ərazisi mərmərləşmiş əhəngdaşı; Şahtaxtı, Qarabağlar travertin, Nehrəm, Gülüstan dolonit, Darıdağ antimonit, kinovar, realqar, Nəsirvaz molibden – qurğuşun ehtiyatlarına malikdir. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının və çoxsaylı təzahürlərinin olduğunu göstərmişdir. 

Tədqiqatlar nəticəsində muxtar respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Buna görə də bölgədə odadavamlı məmulatların istehsalı üçün yararlı kaolinlər, kaolinləşmiş süxurlar, gillər çox geniş yayılmış və müəyyən dərəcədə turşuya davamlı kanalizasiya boruları, keramik məmulatlar, santexnika üçün fayans, incə keramika istehsalına yararlı olmaları öyrənilmişdir. Həmçinin soda üçün xammal kimi Nehrəm dolomit yatağında yerləşən dolomit, dolomitləşmiş əhəngdaşları və rəngli şüşə istehsalında istifadə olunan kvarsitləri misal gətirmək olar.

Ordubad və Şahbuz rayonlarında zəngin ehtiyatları olan seolitlər isə neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı və mineral – polimer materialların istehsalında doldurucu kimi yararlıdır.
Muxtar respublikada ən böyük faydalı qazıntı yatağı kimi daşduzu göstərmək olar. Daşduz Naxçıvanın ən qiymətli mineral sərvətidir. Araşdırmalar göstərir ki, Naxçıvan daşduzu Qafqazı, Orta Asiyanı təmin etməklə yanaşı, karvanlarla Çinə, Yaponiyaya qədər aparılırmış.
Muxtar respublikada 3 daşduz yatağı mövcuddur: Duzdağ, Nehrəm və Şəkərabad-Qoşadizə. Naxçıvan şəhərinə yaxın olan Duzdağ 2 sahəyə ayrılır: Naxçıvan və Sust sahələri. Naxçıvan sahəsi Naxçıvan şəhərindən 12 kilometr şimal-qərbdə yerləşir. Yataq 6 laydan ibarətdir. Yatağın proqnoz ehtiyatları 1,3 milyard ton təşkil edir. Yatağın lap qədimdən işlənməsinə baxmayaraq, sənaye istismarına 1928-ci ildən başlanılmışdır. Sust sahəsi isə Naxçıvan şəhərindən 20 kilometr şimal-şərqdə, Sust kəndindən 3 kilometr şərqdə yerləşir. Sust sahəsinin daşduzu mikroskopik cəhətdən Naxçıvan sahəsinin daşduzundan heç nə ilə fərqlənmir.
Nehrəm daşduz yatağı Babək rayonunun Nehrəm kəndi ətrafında, Naxçıvan şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Yataq mütləq hündürlüyü 800-850 metr olan alçaqtəpəli düzənlik ərazidədir. Bu yataq 1946-cı ildə artezian quyusu qazılarkən aşkar edilmişdir. Burada daşduz laylarının qalınlığı cənub-şərqdən şimal-qərbə doğru 46,4 metrdən 90 metrədək artır. Nehrəm yatağının duzu kristallik olub, ağ, metalı-boz və tünd-boz rəngdədir.

Şəkərabad-Qoşadizə yatağı isə yeraltı qaz anbarlarının yaradılması üçün aparılan geoloji-kəşfiyyat işləri zamanı aşkar edilmişdir. Bu yataq Nehrəm duz yatağından 1-1,5 kilometr şimal-qərbdə yerləşir. Yataqda kəşf edilmiş duz layları Nehrəm duz yatağındakı layların davamı olduğundan bir sıra hallarda yatağın geoloji, fiziki-mexaniki, texnoloji və digər parametrləri Nehrəm duz yatağına uyğundur.
Xörək duzunun insan orqanizminə faydasını hamı bilir. Burada söhbət təkcə duzun dadından və keyfiyyətindən yox, onun orqanizmdə oynadığı roldan gedir. Çünki insanın qidasında xörək duzunu hər hansı bir başqa maddə ilə əvəz etmək mümkün deyil. Həmçinin natrium-xloridə kimya sənayesində də böyük ehtiyac duyulur. Soda və natrium-hidroksid kimya sənayesində istehsal olunan böyükhəcmli məhsullar sırasındadır. Sodanın 1 tonunun istehsalı üçün 1,55 ton, natrium-hidroksidin 1 tonunun alınmasına isə 1,6-1,9 ton natrium xlorid tələb olunur. Bundan əlavə, rəngli metallurgiyada xörək duzu polimetalik və sulfid filizlərinin, pirit yanığının xlorlaşdırma – yandırılmasında geniş istifadə edilir. Eyni zamanda xörək duzu toxuculuq sənayesində boyama prosesində, sabun sənayesində, keramikanın qlazurla örtülməsində, endotermik qarışıqların hazırlanmasında geniş istifadə olunur. Tibdə natrium-xlorid qədər miqdarca çox və müxtəlif sahələrdə tətbiq edilən ikinci bir preparat təsəvvür etmək çətindir. Natrium-xloridin 0,9 faizli məhlulu fizioloji məhlul adı ilə venaya köçürülür. Eyni zamanda mərkəzi və vegetativ sinir sisteminin fəaliyyətini, qanın və toxumanın kimyəvi tərkibini nizama salan dərman preparatlarının əsas komponentlərindən biri natrium-xloriddir. Beləliklə, sənayenin 1500-dən çox sahəsində xörək duzundan, yaxud onun əsasında alınan maddələrdən istifadə olunur.
Muxtar respublika ərazisində tikinti keramikası (kərpic) məqsədilə 4, aqloporit istehsalı üçün 2, bənd tikinti işləri üçün 1 gil yatağı öyrənilmişdir. Həmin gil yataqlarının ümumi balans ehtiyatları 12 min 64 kubmetr təşkil edir. Gillər çökmə dağ qrupuna aid olub, su ilə plastik kütlə əmələ gətirmək qabiliyyətinə malikdir. Bu kütlə quruduqdan sonra ona verilmiş formanı saxlayır. Közərdildikdən sonra isə daş kimi bərk olur. Məlum olduğu kimi, planetimizdə külli miqdarda gil yataqları vardır. Onlar tərkiblərinə, xassələrinə və rənglərinə görə fərqlənirlər. Gillərin rəngi onların tərkiblərinə görə dəyişir. Bütün gillər yeddi rəngdə olur: ağ, mavi, yaşıl, sarı, qırmızı, boz və qəhvəyi. Gil yeganə təbii materialdır ki, su ilə qarşılıqlı təsirdə olduqda plastik xassəsi olan kütlə əmələ gətirir. Bu da keramika məmulatlarına müxtəlif üsullarla forma vermək imkanı yaradır. Keramika məmulatları kobud və incə keramikaya bölünür. Kobud keramikaya, əsasən, kərpic, kaşı, odadavamlı kərpic, lövhə, dayaq, altlıq və sair aid edilir, onlar təbiətdə rast gəlinən geniş yayılmış asan əriyən gillərdən hazırlanır. İncə keramikaya isə farfor, fayans və mayolikdən düzəldilmiş məmulatlar aid edilir. Bunların texnologiyası bütün növ keramika məmulatlarının hazırlanmasından mürəkkəb və çox zəhmət tələb edəndir. Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan, Culfa rayonunun Yaycı, Ordubad rayonunun Dəstə, Babək rayonunun Çeşməbasar, Kültəpə və Kəngərli rayonunun Qabıllı kəndi ərazilərindəki gil yataqları öyrənilmişdir.
Maqnezium birləşmələrinin alınması üçün əsas xammallardan biri dəniz mənşəli çökmə süxur olan dolomitdir. Dolomitlər Naxçıvan Muxtar Respublikasında Araz çayının sol sahilində, cənub-şərqdən şimal-şərqə doğru izlənilən bir ərazini əhatə edir. Yataq Nehrəm kəndindən 10 kilometr cənubda, Dərəşam dəmiryol stansiyasından isə 2 kilometr şimalda yerləşir. Təbii dolomitdə əsas mineral dolomitlə yanaşı, kvars, kalsit, gips və başqa minerallar olur ki, onlar da süxura müxtəlif rəng çalarları verirlər.
Dolomitdən sement istehsalında çox işlədilən maqnezium-xlorid alınır və o, bir çox inşaat materiallarının əsasını təşkil edir. Dolomitdən alınan maqnezium-sulfat tibbi preparatın 20-25 faizli injeksion məhlulları, sakitləşdirici, qıcolmaya qarşı maddə kimi tətbiq olunur. Daxilə qəbul edildikdə işlədici və ödqovucu təsir göstərir. Dolomit süxurunun kompleks emalından həm xam şəkildə, həm də közərdildikdən sonra müxtəlif çeşidli məhsullar almaq olar. Xam dolomitdən üzlük lövhələr, bəzək materialları, közərdilmiş dolomitdən isə müxtəlif markalı sementlər, çox işlənən maqnezium duzları, metal maqnezium, gübrələr istehsal etmək mümkündür.
Bu gün dünyada həm bərpa olunan, həm də bərpa olunmayan təbii ehtiyatlar ölkələrin və xalqların əsas sərvətləri hesab edilir. Bu cür təbii resurslar ümumi daxili məhsulun artmasına, maliyyə və gəlirlərin çoxalmasına, yoxsulluğun azaldılmasına öz töhfəsini verir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi və ondan səmərəli istifadə olunması üçün dövlətin milli strategiyası var. Bu strategiyanın uğurla davam etdirilməsinin nəticəsidir ki, artıq muxtar respublikada daşduz, sement, gips, alçı, travertin, mineral su və digər yerli xammal əsasında istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixraca da yönəldilir.
İnanırıq ki, ulu öndər Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyi muxtar respublikamızda təbii sərvətlərdən layiqincə istifadə bundan sonra da diqqət mərkəzində saxlanılacaq, iqtisadi resursların insan kapitalına çevrilməsi öz nəticələrini verəcəkdir.

İsgəndər Mehdiyev
Naxçıvan Dövlət Universitetinin
Kimya kafedrasının baş müəllimi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR