19 Aprel 2024, Cümə

Kənd təsərrüfatının yüksək gəlirgətirən sahələrindən biri olan arıçılıq əhalinin özünüməşğulluğunun təmin edilməsində də mühüm yer tutur. Əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Muxtar respublikamızda arıçılığın inkişafına böyük diqqət yetirilir. Aparılan islahatlar arıçılığa marağı da  artırıb. Arıçılığın kompleks şəkildə inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. 

Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib. Ölkə Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilməsi, arıçılıqla məşğul olan sahibkarlara yaradılan şərait, onlara arı almaq üçün verilən kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikamızda cəmi 6045 arı ailəsi var idisə, yanvar 2018-ci il tarixə muxtar respublikada 71 min 66 arı ailəsi qeydə alınıb. 2020-ci ildə bu rəqəm 99 min 798 olub. Bu sahə üzrə Dövlət proqramının qəbul edilməsi, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.

Bu gün muxtar respublikamızın bütün rayonlarında arıçılıq inkişaf etdirilir. Hər rayonun özünəməxsus balı və bal məhsulları vardır. Sədərək rayonunda da bu sahə inkişaf etdirilir. Burada təcrübəli arıçılar çoxdur. Sədərək kənd sakini Cavid Əhmədov 10 ilə yaxındır, arıçılıqla məşğuldur. O, 15-dən çox arı ailəsinə qulluq edir. Onunla iş başında həmsöhbət oluruq. O, balın faydalarından danışaraq deyir: – Dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, əgər sağlam ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Əlbəttə, baldan istifadə kortəbii olmamalıdır. Arıçılıq iqtisadi sahədən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından xeyirli, ən səmərəli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa və iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir.
Hər yaz gələndə arı yeşiklərini Vəli və Əjdəkan dağının ətəklərinə, bəzən də, Batabata apardığını, – deyən arıçı bildirir ki, burada bitən bitkilər min bir dərdin dərmanıdır. Onların çiçəklərindən toplanan bal çox keyfiyyətli olur. Bundan başqa, gündən-günə gözəlləşən Sədərəyin hər qarışına yaraşıq verən gülkarlıqlar, meyvə bağları da arı saxlamaq üçün imkanlar yaradır.
Həmsöhbətimiz bal süzümündən danışaraq deyir ki, ailədən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatını saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı və ballı-güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısından başlanmalıdır. Çünki həmin vaxt arılar yüksəkkeyfiyyətli bal toplayırlar. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir.

Onu da qeyd edir ki, arı ailəsinin inkişafı üçün lazımi şərait yaratmaq, ana arının yumurta qoymasını sürətləndirmək, arıxanada tələb olunan istilik rejimini saxlamaq, enerji və balın sərf olunmasını azaltmaq üçün yazda və payızda yuvanın daha yaxşı isidilməsini təmin etmək lazımdır. Arı ailələrinin payızda qışlamaya hazırlanması, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı payız dövründə güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirilməsindən çox asılıdır.
Təcrübəli arıçı onlara göstərilən dövlət qayğısından da söhbət açır. O deyir: – Rayonumuzun baytarlıq idarəsinin işçiləri tez-tez arıçılıq təsərrüfatlarına baş çəkir, bizim problemlərimizlə maraqlanır, maarifləndirici söhbətlər edirlər. Hər arı ailəsinə görə subsidiya da verilir. Bütün bunlar da bizi öz işimizə daha çox bağlayır. Zəhmət çəkib həm öz ailəmizin maddi təminatını ödəyir, həm də daxili bazara töhfəmizi veririk. Müsahibim onu da bildirir ki, muxtar respublikada keçirilən arıçılıq məhsulları – bal festivalları bu məhsulların satışına, bu sahənin inkişaf etməsinə öz töhfəsini verir. Bu gün keçirilən “Arıçılıq məhsulları – bal satış yarmarkası” da məhsullarımızın satışına və tanıdılmasına şərait yaradacaq.
Uca Allahın elm və hikmətinin öz əksini tapdığı ecazkar xüsusiyyətlərə malik bal arısının dirisi kimi ölüsü də insanlara fayda verir. Təbiətin möcüzəsi hesab edilən arını saxlamaq, yetişdirmək də insandan böyük zəhmət tələb edir. Bunun üçün əvvəlcə arıçılığın sirlərinə yiyələnmək lazım gəlir. Bu sirlərə yaxından bələd olan Culfa şəhər sakini arıçı İlqar Hüseynovla Culfa şəhərində yerləşən “Gülüstan” damazlıq ana arı yetişdirmə, topdan və pərakəndə satış sexində söhbət edirik. Müsahibim arıçılığa necə başlaması, adını çəkdiyimiz emal müəssisəsinin yaradılması haqqında danışaraq deyir: – 2014-cü ildə 24 yeşik aldım. Arı və onu saxlamaq haqqında məlumatım yox idi açığı. Həvəskar kimi işə başlasam da, arıçılığın sirlərini qısa zamanda öyrəndim və bu peşəyə bağlandım. 2016-cı ildən 2021-ci ilədək muxtar respublikada arıçılıqla bağlı keçirilən yarmarkalarda, festivallarda iştirak etmişəm, rayonumuza birincilik gətirmişəm. 2019-cu ildə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı mən də güzəştli kreditlə təmin olunmuşam. Elə həmin il də dövlətin dəstəyi ilə həyətyanı sahədə bu emal müəssisəsini yaratdıq. Cari ilin yanvar ayından burada iki fəhlə çalışır. 115 arı ailəm var. Karniyol, buckfast, f1 – alman arıları saxlayıram. Hər il arı ailəmin sayını artırıram. Şan və süzmə bal istehsal edirəm. Məhsulları “Gülüstan” brendi altında satışa çıxarırıq.
Qışlamaya hazırlıqdan danışan müsahibim qeyd edir ki, bu mərhələdə çərçivələrin sayını azaldıram. Hər yeşiyin içində 5 çərçivə saxlayıram. Hər birinin içərisinə 12-14 kiloqram da bal qoyuram. Kətan parçadan hazırlanmış döşəkçələr, eyni zamanda hər pətək arası arakəsmə qoymuşuq. Arı qışda nəfəs alıb verəcək, 4 ay yatacaq. Rütubəti alsın deyə, 15-20 gün sonra yeşiklərə kəllə qəndlər də qoyacağam. Yem olaraq baldan kek hazırlayıram. Arılar bu günə qədər 420 litr alma sirkəsi içib. Sirkə arıların içalatını təmizləyir. Bu ərəfədə gərək arının ruzisini oğurlamayasan. Yoxsa qışlamadan çıxmaz.
Bəs təbii balı necə tanımaq olur? – deyə müsahibimə sual verirəm. Arıçı isə sadə şəkildə bunu belə izah edir: –Bal yeyərkən boğazda yanma hissi yaranırsa, bilin ki, bu balın tərkibində bir qatqı var. Təbii bal heç vaxt boğazı yandırmaz. Təbii balı şəkər xəstələri yeyərkən özlərini narahat hiss etmirlər. Bəzi diabet xəstələrim var, yedikləri bal onları narahat etmir. Balın faydasından danışan müsahibim onu da əlavə edir ki, sübh namazından sonra bir çay qaşığı bal ağıza qoyularsa, virusların qarşısını alar.
Arılarım 4 fəsil yaşayır, – deyir müsahibim. Əvvəlcə həyətimizdə saxlayıram, sonra çıxardıram Culfa düzünə. Bu bir. May ayının 10-20-dək buranı tərk edirik, qalxıram Qızılca kəndinə. Oldu iki. Bir ay orada qalırıq, qalxıram Qazançı kəndinə, üç. Ərəfsədən yer kirayələmişəm, qalxıram Ərəfsəyə, dörd. Çünki Ərəfsə ilə Culfa şəhəri arasında 24 sutka hava fərqi var. Bizdə çiçək sovuşanda orada hələ təzə bitir. Yeşiklərin daşınması üçün fəhləmiz var. Daşıyanda yeşik əlindən çərtib yan tərəfə gəlsə, birinci onu daşıyanın sağlamlığı üçün təhlükəlidir, sonra da ki, içəridə ana arı zədələndisə, həmin yeşik də heç olur. Arıçı xəstəliklərlə mübarizədən danışaraq bildirir ki, onların qarşısını almaq üçün arıxanada mütəmadi dərmanlama işləri aparır. Dərman kimi akasiya və kəklikotunun yağından istifadə etdiyini deyir.
Necə olur ki, Naxçıvan balı bu qədər keyfiyyətli olur? – sualımın cavabında müsahibim bildirir ki, rütubət çox olan yerdə bal keyfiyyətli olmur. Muxtar respublikamızda iqlim, əsasən, quraq, zəmilər duzlaqdır deyə, bal da gözəl olur. Bizim satdığımız bal təbiiliyi və keyfiyyəti ilə seçilir. İldə 1 ton bal istehsal edirəm. Almanların yaxşı sözü var, o qədər varlı deyiləm ki, ucuz mal alım. Bizim malın tərifə ehtiyacı yoxdur. Tərifi müştəri verir. Həmçinin ənənə olaraq ildə 170 kiloqrama qədər süzülmüş, qablaşdırılmış halda hərbi hissələrə bal verirəm. Bunların hamısı Ali Məclis Sədrinin bu sahəyə diqqəti və qayğısı sayəsindədir.
Müsahibimin də sözünə qüvvət olaraq deyək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi bu sahəni yeni inkişaf mərhələsinə çıxarıb. Arıçılıqla məşğul olanlara göstərilən diqqət və qayğı hesabına bu gün muxtar respublikada keçirilən festivallarda, yarmarkalarda piştaxtaları keyfiyyətli arıçılıq məhsulları bəzəyir.

Əziz oxucularımız! Siz də adla deyilən, min bir dərdin dərmanı Naxçıvan balını, eləcə də keyfiyyətli arıçılıq məhsullarını münasib qiymətə almaq istəyirsinizsə, sizi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində iki gün ərzində keçiriləcək “Arıçılıq məhsulları–bal satışı yarmarkası”na dəvət edirik.

 Ramiyyə ƏKBƏROVA
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR