26 Aprel 2024, Cümə

Cari ildə Milli Komandaların Məşq Mərkəzində başlayan qapıçılar üzrə məşqçilər üçün Avropa Futbol Birliyi İttifaqının (UEFA) “B” kateqoriyalı məşq­çi kursu yekunlaşmaq üzrədir.
UEFA-dan Mart Poom və yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyovun rəhbərliyi ilə keçirilən kursda Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan”ın qapıçı məşqçisi Amil Ağacanov da iştirak edib. Son modul başa çatdıqdan sonra kursda iştirak edən məşqçilərdən nəzəri və praktik imtahanlar götürülüb. Naxçıvan Muxtar Respublikasına gələn Faiq Əzizov və Üzeyir İbrahimov komandanın məşq prosesini, eyni zamanda qapıçı-məşqçi Amil Ağacanova imtahanda verilən tapşırıqları praktik olaraq izləyiblər. Müvafiq qeydlərdən sonra Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri imtahan keçirilib. İmtahan nəticələri növbəti ay açıqlanacaq.
İmtahandan sonra Faiq Əzizovun fikirlərini öyrəndik: “Burada olarkən komandanın, eləcə də Futbol Federasiyasının məşq bazaları ilə tanış oldum, məşqi izlədim. Hər şey mükəmməl təşkil olunub. Naxçıvanda futbol komandalarının məşq etməsi üçün hər cür şərait yaradılıb. Bundan gənc məşqçilər, eyni zamanda futbola yeni qədəm qoyan uşaq və yeniyetmələr maksimum yararlanmalı, gələcək karyeralarını sağlam bünövrə üzərində qurmalıdırlar. Uzun zamandır, Naxçıvana gəlmirdim. Son 20 ildə bura tam olaraq müasir standartlara cavab verəcək şəkildə quraşdırılıb”.
Qeyd edək ki, imtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR