21 Dekabr 2024, Şənbə

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulmuşdur. Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinin əməyi həmişə yüksək qiymətləndirilmişdir.

“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir.Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir, Dövlət proqramları qəbul olunaraq icra edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə olmaqla yanaşı, həm də elm və təhsil ölkəsi kimi tanınır. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.

Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsində ardıcıl tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilmişdir. Hər il olduğu kimi, bu il də muxtar respublikanın paytaxtı da daxil olmaqla, bütün bölgələrində geniş vüsət alan quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Təkcə 2021-ci ildə 5 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, hazırda 9 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Muxtar respublikanın ümumtəhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılmış, laboratoriya və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Son illər məktəblərdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin və STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçilir. Qısa müddət ərzində 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanmışdır. Hazırda 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində iş aparılır. Ümumtəhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi ilə yanaşı, şagirdlərin istedad və bacarıqlarının inkişafına, eləcə də onların elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr də tətbiq olunur. Bu layihələrdən biri də 2019-2020-ci tədris ilindən tətbiq edilən “Sabahın tədqiqatçıları” layihəsidir. Layihə çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülür, şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılır, məruzə, tezis, referat və hesabatlar hazırlanır. Bunlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqətdə saxlanılır, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün isə distant audio və elektron kitabxana yaradılmışdır.

Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən daim qiymətləndirilmişdir. Ümumilikdə, müstəqillik illərində 400-dən çox müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi” və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsi ilə yanaşı, onların maddi rifah halının yüksəldilməsi də diqqətdə saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılmış, cari ilin fevral ayında isə təhsil sahəsi ilə bağlı qanunvericilikdə edilmiş bir neçə dəyişikliklə ucqar kəndlərdə işləyən gənc kadrların əməkhaqlarına olunan əlavələr, xüsusi təhsilə cəlb olunanların valideynlərinə, təhsilini ali və orta ixtisas təhsili müəssisələrində davam etdirən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olanlara ayrılan müavinətlər əhəmiyyətli şəkildə artırılmışdır.
Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Bunun nəticəsidir ki, muxtar respublikada 2020-2021-ci tədris ilinin nəticələri də uğurlu olmuş, qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, tam orta təhsil bazasını bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasını bitirənlərdən isə 121-i fərqlənmə attestatına layiq görülmüş, şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olmuşdur. Qəbul imtahanlarında iştirak edən 2695 məzundan 1932-si və ya 72 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 261-i imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. 2020-2021-ci tədris ilində 500 və daha artıq bal toplayan 261 məzundan 65-i müəllimlik ixtisasını seçmişdir.
Muxtar respublikada təhsil sahəsində keyfiyyət göstəricilərinin son illərdə yüksəlməsinə aparılan sistemli tədbirlər nəticəsində, xüsusilə müəllimlərin işə qəbulu prosesində obyektivliyi təmin etməklə nail olunmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarına uyğun olaraq, ümumilikdə, 2018-ci ildən bu günədək işə qəbulla bağlı 10 müsabiqə keçirilmiş, 726 gənc kadr işlə təmin olunmuşdur.
Muxtar respublikada müəllimlərin təkmilləşdirilməsi, eləcə də peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmiş, qərara uyğun olaraq cari ilin yanvar-may aylarında təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin ödənişsiz sertifikasiyası keçirilmişdir. Həmçinin son illərdə təhsil müəssisələrində şahmatın tədrisinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə şahmatı tədris edən 500-dən çox müəllimə də ödənişsiz sertifikasiya imtahanları keçirilmişdir. Bunlarla yanaşı, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün konfranslar, təlim və seminarlar keçirilir. Təkcə ötən tədris ilində 1200-dən çox müəllim müxtəlif istiqamətlərdə təlimlərə cəlb edilmişdir. Həyata keçirilən tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olmuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikasında keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllim ordusu yetişmişdir. Muxtar respublikada müəllim olmaq istəyənlərin sayının artması da elə məhz bu peşənin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə verilən dəyərdən qaynaqlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”.
Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR