21 Dekabr 2024, Şənbə

Naxçıvan Biznes Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə aid dövlət təşkilatlarının əməkdaşları üçün “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova açaraq təlimin əhəmiyyətindən bəhs edib, xidmət tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciətetmə qaydaları, müraciətlər zamanı gerçəkləşdirilən proseslər və himayə olunması barədə ətraflı məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Hüquq şöbəsinin müdiri Octavian Mohorea BMT QAK-ın Azərbaycandakı nümayəndəsi və bütün kollektiv adından qonaqpərvərliyə, təlim üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Keçən həftə oxşar təlimin Lənkəranda keçirildiyini və Naxçıvandakı təlimin də maraqlı təqdimatlar və müzakirələr şəklində baş tutacağına əminliyini vurğulayan Octavian Mohorea ötən illər ərzində Azərbaycanla konkret nailiyyətlərlə nəticələnən əməkdaşlığın aparıldığını diqqətə çatdırıb, BMT QAK-ın fəaliyyəti barədə danışıb. Qeyd edib ki, təşkilat 70 il əvvəl, İkinci Dünya müharibəsindən sonra yaradılıb. Onun işi tamamilə humanitar prinsiplərə əsaslanır, siyasi xarakter daşımır, əsas məqsəd qaçqınlar, sığınacaq axtaranlar, məcburi köçkünlər və geri dönənlər kimi qaçmaq məcburiyyətində qalan insanların hüquqlarını və rifahını qorumaqdır.
Bildirilib ki, son illərdə təqib, münaqişə, insan hüquqlarının pozulması və ya ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən köçkünlərin sayı artmaqdadır. Belə ki, əldə edilən məlumata görə, keçən ilin sonunda dünyada 82,4 milyon insan məcburi köçkün vəziyyətinə düşmüşdü, onların bir çoxu ölkələrindən kənarda beynəlxalq sığınacaq axtarırdı. 1992-ci ildən bəri bu təşkilat Azərbaycanda məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması, onlara kömək edilməsi və həll yollarının tapılmasında hökumətə dəstək verir.
Vurğulanıb ki, bugünkü təlim beynəlxalq müdafiəni təmin etmək üçün tətbiq edilməli olan vacib müddəalara və tədbirlərə əsaslanır. Beynəlxalq müdafiə, beynəlxalq humanitar, insan hüquqları və qaçqın hüququ da daxil olmaqla, müvafiq hüquq orqanlarına uyğun olaraq hüquqların bərabər şəkildə əldə edilməsinin və istifadəsinin təmininə yönəlmiş bütün hərəkətləri əhatə edir. Bu baxımdan dövlətlər sığınacaq istəyən şəxslərə beynəlxalq müdafiənin təmin edilməsi də daxil olmaqla, yurisdiksiyasındakı bütün şəxslərin, o cümlədən vətəndaşlığı olmayan şəxslərin hüquqlarına hörmət edilməsini təmin etmək üçün əsas məsuliyyət daşıyırlar. Başqa ölkələrdə sığınacaq axtarmaq və sığınmaq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilmiş fundamental bir hüquqdur və hər bir şəxs digər ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir.
Sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin baş inspektoru Rüfət Əliyev və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə milli müşaviri İlkin Abdiyev təqdimatlarla çıxış ediblər. Təqdimatlar Azərbaycan Respublikasında qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları, vəsatətlərin qəbul edilməsi və baxılması qaydaları, qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlar və meyarlar, qaçqın statusuna dair konvensiya və protokol, sığınacaq axtaran şəxslərin həbsə alınmasına tətbiq edilən meyarlara, standartlara və həbsin alternativlərinə dair göstərişlər və digər məsələləri əhatə edib. Təlim diskussiya, qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR