Bu gün xaricdə təhsil almaq bütün dünyada populyardır. Bu baxımdan dünyanın hər yerindən əcnəbi tələbələri qəbul edən Naxçıvan Dövlət Universiteti də istisna deyil. 1967-ci ildən fəaliyyətə başlayan universitet ötən dövr ərzində müxtəlif inkişaf mərhələlərindən keçərək dünya universitetləri sırasında nüfuzlu yerə sahib olub. Artıq uzun müddətdir ki, bu ali təhsil müəssisəsinin qapıları müxtəlif xarici dövlətlərin vətəndaşlarının da üzünə açıqdır.
Universitetdə dünyanın 9 müxtəlif ölkəsindən 1400-ə yaxın əcnəbi tələbə təhsil alır. Bu, Azərbaycanın digər universitetləri arasında analoqu olmayan bir rəqəmdir. Bu gün qürurla demək olar ki, universitet güclü maddi-texniki bazaya və yüksək səviyyəli professor və müəllim heyətinə malikdir.
Təhsil ocağında Azərbaycanın müxtəlif bölgələrindən olan tələbələrlə yanaşı, xarici tələbələrə də yüksək qayğı göstərilir. Bakalavr, magistr pillələrində təhsil alan xarici tələbələr universitetin həyatında mühüm rol oynamaqla yanaşı, rəsmi mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edirlər.
Naxçıvanı özlərinə ikinci vətən sayan əcnəbi tələbələr Naxçıvanın adət və ənənələrinə, xalqımızın milli dəyərlərinə böyük maraq göstərirlər. Onlar universitetin Beynəlxalq münasibətlər və hüquq, tibb, iqtisadiyyat və idarəetmə və digər fakültələrində təhsil alırlar. Buna baxmayaraq, təkcə öz fakültələrində deyil, digər fakültələrdə də keçirilən tədbirlərə cəlb olunurlar. Belə ki, onlara öz ixtisasları ilə yanaşı, maraq dairələrində olan ixtisas və peşələrin öyrədilməsi üçün də hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, universitetdə təlim və təhsilin inkişafı ilə bağlı müxtəlif mərkəzlər yaradılır. Bunlardan biri də Pedaqoji fakültənin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının bazasında olan Texnologiya mərkəzidir. Əcnəbi tələbələrin bu mərkəzlə tanışlığı onlarda yüksək təəssüratlar yaradıb.
Burada əcnəbi tələbələrə milli mədəniyyət nümunələrimiz və milli mətbəximiz barədə məlumat verildikdən sonra onlar Texnologiya mərkəzində fəaliyyət göstərən dərnəklərə yazılmaq qərarına gəliblər. Mərkəzdə həyata keçirilən layihələrin bir çoxunda əcnəbi tələbələr fəallıq göstərirlər. Burada zəngin avadanlıqlara malik olan tikiş, toxuma, xalçatoxuma, kulinariya kabinələri, ağac emalı və metalkəsmə emalatxanası fəaliyyət göstərir. Bu kabinələrdə təcrübəli müəllimlərin köməyi ilə əcnəbi tələbələrin qabiliyyət və bacarıqları üzə çıxarılır.
Onların xüsusi marağını nəzərə alaraq hər həftənin cümə günü kulinariya kabinəsində “Milli mətbəximizin tanıdılması və mətbəx mübadiləsi” adlı layihənin həyata keçirilməsinə başlanılıb. Belə ki, milli mətbəx nümunələri və digər xalqların mətbəxi ilə növbələşmə yolu ilə tanış olunur və hazırlanması üçün tam şərait yaradılır. Hər həftənin şənbə günü isə Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarına turlar təşkil edilir. Hər rayonun özünəməxsus mətbəxi əcnəbi tələbələrdə böyük maraq doğurur. Onlar Naxçıvanda təhsil almaqla yanaşı, qədim diyarımızın əsrarəngiz təbiətini, tarixi abidələrini, milli yeməklərini, xalça sənətinin sirlərini öyrənirlər.
Heç şübhəsiz ki, bütün bunlar yaxın gələcəkdə milli dəyərlərimizin, qədim diyarımıza məxsus adət-ənənələrin, mətbəx nümunələrinin dünyada tanıdılmasına öz töhfəsini verəcək.
Mətanət QULİYEVA
Naxçıvan Dövlət Universitetinin dosenti