06 Noyabr 2024, Çərşənbə

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. 

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”, – deyən dahi rəhbərin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan müəlliminin yetişdirdiyi gənclər Vətən torpağının bir qarışı üçün canından keçdi, xalqımızın başını uca etdi. Bəli, müəllimlik şərəfli işdir.

“Müəllimlik ən şərəfli və məsuliyyətli peşədir. Çünki biz Vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdiririk. Dövlətin ən qiymətli kapitalı olan insan resursu ilə işləyirik. Bu işin çətinliyi də məhz bundadır. Çünki insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən biz yalnız hazır təlimatlara uyğun şəkildə davrana bilmərik. Özümüz öz işimizdə yaradıcı olmalıyıq ki, istənilən bir çətin situasiya yarandığı halda çıxış yolu tapıb, istər təlim, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldək”. Bu fikirləri yaxın günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adını alan Vəfa Həsənova bizimlə bölüşür. Onunla fəaliyyət göstərdiyi Sədərək kənd 1 nömrəli tam orta məktəbdə həmsöhbət oluruq.
Əvvəlcə onu tanıyaq: “1976-cı ildə Ağdaş rayonunda anadan olmuşam. Məktəbdə oxuduğum illərdə dəfələrlə fənn olimpiadalarında iştirak etmiş, Bakı şəhəri və respublika birincisi olmuşam. Orta məktəb illərində uşaqlar üçün nəşr olunan “Göyərçin” jurnalında hekayələrim çap olunub. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına qəbul olmuşam. Universitetdə oxuduğum 5 il ərzində Tələbə Elmi Cəmiyyətinin sədri işləmişəm. Respublika qəzetində məqalələrlə çıxış etmişəm. 1997-ci ildə universiteti bitirmişəm. Həmin ildən ailə vəziyyətimlə əlaqədar olaraq Sədərək rayonuna gəlmiş və Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlamışam. 2004-2010-cu illərdə 1 nömrəli məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri vəzifəsində çalışmışam. Hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirəm. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olaraq “İlin ən yaxşı müəllimi” dövlət mükafatına layiq görülmüş, 5000 manat pul mükafatı almışam”.
İki övlad sahibi olan Vəfa xanımın həyat yoldaşı 30 il Naxçıvan Muxtar Respublikası polis orqanlarında çalışmış, Birinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. Oğlu Anar ötən il həqiqi hərbi xidmətdə olduğu zaman haqq savaşımız Vətən müharibəsində iştirak edib. Müsahibim deyir ki, Vətən müharibəsində şəhidlik zirvəsi fəth edən sədərəkli gənclər Tağı Abdullazadə və Ərtoğrul Nadirlinin də müəllimi olub. Bu gün fəxr hissi ilə bildirir ki, belə igid oğulların müəllimi olmaqdan qürur duyur.
Vəfa müəllim onu da bildirir ki, 25 il ərzində yüzlərlə şagirdi respublikamızın müxtəlif ali təhsil ocaqlarına daxil olub. Onların bir çoxu hazırda onunla çiyin-çiyinə çalışır. Bir müəllim kimi, buna görə çox sevincliyəm ki, əkdiyim ağacların barını görə bilmişəm. O deyir ki, ilk dəfə Sədərəyə gələndə bu rayon müharibənin izlərini təzə-təzə silməyə çalışırdı. 90-cı illərdə düşmənin atdığı mərmilərə tuş gələn evlər, məktəb binaları xarabaya bənzəyirdi. İllər keçdikcə dövlət qayğısı ilə çiçəklənən Sədərək bu gün gülüstan timsalındadır. Müharibənin izi elə silinib ki, övladlarımız o çətin günlərin nişanələrini belə görmür. Onların gördükləri müasir məktəb, işıqlı sinif otaqlarıdır. Məktəbimizin şagirdlərinin uğurları hər bir müəllim kimi, məni də sevindirir, – deyən Vəfa xanım onu da bildirir ki, əməyinin dövlətimiz tərəfindən qiymətləndirilməsi onun sevincinə səbəb olub. Bu təkcə bir müəllimin əməyinin qiyməti yox, ümumilikdə, bütün Naxçıvan təhsilinə verilən dəyərdir. Bütün bunlara görə dövlətimizə daim minnətdar olacağam. Bundan sonra da təhsilli, vətənpərvər gənclər yetişdirməyə səy göstərəcəyəm.


Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR