21 Dekabr 2024, Şənbə

Muxtar respublikamızda son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi bu sahədə uğurlu göstəricilər əldə edilməsinə imkan verib. Arıçılar İctimai Birliyinin yaradılması isə belə tədbirlərdən biri kimi bu sahə ilə məşğul olan sahibkarlara, kənd adamlarına dövlət qayğısının ifadəsidir.
Muxtar respublikanın arıçılıq təsərrüfatlarının sahibləri də belə qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar. Onlara maarifləndirici söhbətlər zamanı izah edilir ki, arıçılıqda yüksəkkeyfiyyətli məhsul istehsalına nail olmaq üçün bir sıra məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, damazlıq işi yüksək səviyyədə qurulmalı, yem ehtiyatı potensialının artırılmasına ciddi önəm verilməli, maddi-texniki baza gücləndirilməli, arıçılıq məhsullarının dünya standartlarına uyğun istehsalı, tədarükü, emalı və marketinqi təmin edilməlidir.

Arıxanaların böyüdülməsi də vacib şərtlər sırasındadır. Belə ki, arıxanalarda arı ailələrinin minimum sayının 100-dən yuxarı, optimal sayının isə 250 ailə civarında olması zəruridir. Hazırda arıxanalarda arı ailələrinin sayının artırılması, əsasən, təbii beçəvermədən istifadə yolu ilə həyata keçirilir. Bu üsulun isə arıxanaların cins təmizliyini aşağısalma, məhsuldarlığa mənfi təsiretmə və yaradılmış ailələrin zəif və qışa tam hazırlana bilməməsi kimi qüsurları vardır.
Alternativ üsul isə dünya təcrübəsində geniş yayılmış, rayonlaşma prinsipinə əməl olunmaqla arı ailələrinin (pətəyi) mayalanmış cins analarla təmin edilməsidir. Bu üsul ilə arı ailələrinin hazırlanmasında arı ailələrinin formalaşma vaxtı beçə üsuluna nisbətən bir ay tez olur ki, bu da əlavə əmtəəlik bal məhsulu alınması və ailələrin qışa daha güclü hazırlanması baxımından çox önəmlidir.

Köçəri arıçılığın təbliğ edilməsinə də diqqət olunmalıdır. Ona görə ki, istehsal olunan arıçılıq məhsullarının 70 faizdən çoxu köçəri (səyyar) arıçılığın payına düşür. Bəzi həvəskar arıçı sahibkarların arıxanalarının kiçik olması, pətəklərin köçürmə üçün yararsızlığı və texniki təchizatın zəifliyi ilə əlaqədar onlar, əsasən, oturaq (stasionar) arıçılıqla məşğul olur, bununla da ildə yalnız bir dəfə əmtəəlik bal götürmək imkanı qazanırlar. Tədqiqatlar da göstərir ki, istənilən ərazi arıçılıq mövsümü ərzində yalnız bir dəfə əmtəəlik balvermə qabiliyyətinə malik olur. Əgər həmin ərazidə əsas nektar bolluğu dövrü hava şəraiti əlverişsiz keçərsə, bu imkan da itirilir. Bunun üçün köçəri arıçılığın inkişafına xüsusi önəm verilməli, bu üsulun tətbiqi ilə arı ailələrinin yaz və payız mövsümlərində normal inkişafı təmin olunmalı və bal yığımı dövrü üçün arı ailələrində lazım olan miqdarda balgətirən işçi arı kütləsi (arıların sayca miqdarı) artırılmalıdır.
Arıçı sahibkarlar bilməlidirlər ki, köçürmə zamanı çiçək ehtiyatlarından səmərəli istifadəyə nail olunur, il ərzində bir neçə dəfə əmtəəlik bal istehsal edilir, kimyəvi zəhərlənmə təhlükələri azalır, ekoloji təmiz arıçılıq məhsulları əldə olunur və ən başlıcası arıxanalar sağlamlaşır.

Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR