06 Noyabr 2024, Çərşənbə

 

  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində muxtar respublikada əkilmiş qarğıdalı bitkisi məhsulunun yığımının qısa müddətdə başa çatdırılması, 2022-ci təsərrüfat ilində, əsasən, yağ üçün qarğıdalı və günəbaxan bitkilərinin əkinlərinin aparılması, eləcə də əkinlərə aqrotexniki qaydada qulluq göstərilməsi haqqında maarifləndirici söhbətlər aparılıb, müvafiq Dövlət proqramlarının icrası ilə əlaqədar işlər davam etdirilib.

Ötən ay əkinlərin əkin atlaslarına uyğun aparılması, keyfiyyətli şumun qaldırılması, toxumların dərmanlanması, torpaqların şoranlaşmasının qarşısının alınması, topraq analizlərinin aparılması, torpağın münbitliyinin artırılması yolları, tarlaqoruyucu yaşıllıq zolaqlarının salınmasının əhəmiyyəti, meyvə və üzüm bağlarında məhsul yığımından sonra zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin aparılması mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Qarğıdalı biçinində, payızlıq şumun qaldırılmasında və taxıl əkinində iştirak edəcək texnikaların texniki vəziyyəti nəzarətdə saxlanılıb, texnika mülkiyyətçiləri ilə görüşlər keçirilib. Müasir texnologiyalar tətbiq edilməklə əkinlərin keçirilməsinin üstünlükləri, səmərəliliyi və məhsuldarlığa təsiri barədə ətraflı söhbətlər aparılıb.

Ay ərzində nazirliyə meyvə bağları və üzümlüklərdə zərərverici və xəstəliklərə qarşı mübarizə ilə bağlı müraciət edən 5 vətəndaşa lazımi tövsiyələr verilib, ­köməklik göstərilib.
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Babək rayonunun Şıxmahmud, Aşağı Uzunoba və Yuxarı Uzunoba, Cəhri və Vayxır kənd­lərində torpaq tədqiqat işləri aparılıb, torpaq nümunələri götürülərək analiz olunması üçün laboratoriyaya verilib. Analizlərin nəticələrinə əsasən əkiləcək bitkilərin qida maddələrinə tələbatından və məhsuldarlığından asılı olaraq hər bir bitki üçün üzvi və mineral gübrələrin normaları müəyyənləşdirilərək qida maddələri ilə təmin­olunma kartoqramları Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda hazırlanıb. Birliyin Bitki sortlarının seleksiyası, sınağı, mühafizəsi və toxumçuluq şöbəsi tərəfindən “Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində bərk və yumşaq buğda genotiplərinin tədqiqi, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlılıq xüsusiyyətləri, məhsuldarlıq elementlərinin öyrənilməsi” mövzusunda aparılan tədqiqata dair əldə edilmiş materialların analizləri aparılaraq daha məhsuldar və yüksəkkeyfiyyətli sort və hibrid nümunələri hazırlanması üçün seçilib. Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə gətirilmiş toxum nümunələri analiz olunaraq nəticələri haqqında təsərrüfat sahiblərinə məlumat verilib, müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət etmiş 35 ailə təsərrüfatı sahibinin gətirdiyi nümunələrə baxılaraq onlara müvafiq məsləhət və tövsiyələr verilib.
Hesabat dövründə mal-qaranın cins tərkibini yaxşılaşdırılması üçün süni mayalanma işinin davam etdirilməsi, payız-qış mövsümünə hazırlıq, heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi, baytarlıq tədbirlərinin vaxtında və düzgün aparılması, arı ailələrinin qışlamaya hazırlanması, ev quşlarının gigiyenası, onların yemlənməsi, saxlanması və inkubasiya qaydaları, xəstəliklərdən qorunması məqsədilə sahibkar­larla fərdi qaydada maarifləndirici görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR