06 Noyabr 2024, Çərşənbə

İnkişaf etmiş ölkələrin təhsil sistemində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə inteqrasiyası üzərində qurulan STEAM təlim metodu 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikasında uğurla tətbiq olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılmış, kabinələr zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilmişdir. STEAM dərslərinin tədris edilməsi üçün xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunaraq STEAM təhsil metoduna aid, ümumilikdə, 1349 ədəd kitab ümumtəhsil məktəblərinə verilmişdir.
Dərslərin STEAM əsaslı qurulması üçün müəllimlərdən xüsusi bilik və bacarıqlar tələb olunur. Bu amil nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən yerli və beynəlxalq təcrübəyə malik təlimçilərin iştirakı ilə müəllim-mütəxəssislərin hazırlanması məqsədilə 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir. Görülən işlərin davamı olaraq oktyabrın 18-dən başlayaraq Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində bir ay müddətində STEAM dərslərini tədris edən 75 müəllim üçün təlimlərə start verilmişdir. Ötən tədris ilində olduğu kimi yeni təşkil olunan təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin müəllimləri də cəlb olunmuşdur.
STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən təlimlərdə müəllimlərə STEAM metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər istiqamətlərdə praktik biliklər veriləcək, müəllimlərə STEAM dərslərində şagirdlər tərəfindən layihələrin hazırlanması zamanı effektiv üsullar və innovativ yanaşmalar öyrədiləcəkdir.
STEAM dərslərini tədris edəcək müəllimlərin hazırlanması ilə bağlı təlimlər Təhsil Nazirliyi tərəfindən davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR