21 Dekabr 2024, Şənbə

Müəllimlik insanlıq tarixinin ən mənalı və ən müqəddəs peşəsidir. Mövzusu insan olan və bizləri yüksəklərə qaldıraraq zirvələri fəth etməyimizə vəsilə olan bir peşədir müəllimlik. “Bir insanı pisliklərdən uzaqlaşdırıb yaxşılıqlara təşviq edə bilmək günəşin işıqlandırdığı hər gündən daha xeyirlidir”, fikri müəllimliyin nə qədər müqəddəs və şərəfli bir peşə olduğundan xəbər verir .Keçmişdən bu günə bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  yüksək peşəsi hesab etmişlər.  İslam  dininin banisi Məhəmməd peyğəmbər öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, demişdi.

Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı",- söyləmiş,“Xəmsə”si ilə dünyaya səs salan  Şeyx Nizami Gəncəvi müəllimi günəşə, bütün insanlığa xitab edən filosof-şair Mövlana Cəlaləddin Rumi yanar şama, Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir оlduğunu göstərən  dahi  Füzuli gənc qəlbin memarına , əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqanometriyanın inkişafında mühüm rol oynamış Nəsrəddin Tusi elmin çırağına,  ilk milli “Qız məktəbi”ni təsis edən Məhəmməd Tağı Sidqi dadlı meyvələr yetişdirən bağbana  bənzətmişlər. Dərin hikmətli və fəlsəfi poеziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərmiş Hüseyn Cavid isə müəllimlik peşəsinə nəzərən demişdir:

             Bəxtiyarsan əgər çəkdiyin əmək

             Cahan süfrəsinə versə bir çiçək.

        Bu müdrik fikirlər sırasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz siyasətçi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər isə öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".  Bu qiymətli sözlər Ulu öndərimizin  müəllimlik peşəsinə sıx bağlı  və yaxından bələd olması,  ilk peşə ixtisasının  müəllimlik və ilk vəzifə təyinatının da müəllimlik olmasından irəli gəlməkdədir. O, bu peşəni ürəkdən sevmiş, müəllim əməyinə yüksək qiymət vermişdir. Heç də təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul etmişdir.

   Bəli müəllimlik çox çətin və bir o qədər də ləyaqətli peşədir. Dünyada mövcud olan bütün peşələr gözəldir. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir... Lakin müəllimlik bütün peşələrin fövqündə dayanır. Çünki həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Çünki insan cəmiyyətinin əvvəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngüliəşdirmişlər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb. Əgər bir yerdə ayağımız büdrəsə əlimizdən tutan da, bir mövzuda yanılsaq səhvimizi düzəldən də, əlimizin çatmadığı yerə bizləri yüksəldən də, bir yerimiz kəsilsə o yaranı ürəyi ilə sarıb sağaldan da müəllimlərimizdir.

 Bu gün  təqvimdə 5 Oktyabrdır.Bu gün sizin gününüzdür, əziz müəllimlərimiz .Biz sizdən sadəcə elm deyil yaşamağı, hər yeni günə ümidlə baxmağı, ətrafımızı qorumağı, insanları sevməyi, dürüst olmağı, cəsarətli olmağı, balacalara sevgi, böyüklərə sayğı duymağı, bir qarış Vətən torpağı üçün ölməyi öyrəndik.  Qazandığımız nailiyyətlər də sizindir, həyat yolunda atdığımız ilk addım da sizindir. Fırtınalı bir havada gəminin yanaşa biləcəyi ən güvənli liman olan və şəfqət dolu əlini hər yerə uzadan müəllimlərimiz, sevginizlə qəlbimizdə  əkdiyiniz gül heç bir zaman solmayacaq.Sizlər hər zaman qəlbimizin ən əziz yerində olacaqsınız. Bayramınız mübarək olsun!

                                           İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin

"Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi

 

 

 

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR