04 Noyabr 2024, Bazar ertəsi

Ordubad rayonunun bir neçə yaşayış məntəqəsi də yaxın günlərdə muxtar respublikanın müasir kəndləri sırasına qoşulacaq. Həmin yaşayış məntəqələrindən biri Vələver kəndidir.
Vələver rayonun qədim yaşayış məntəqələrindən biridir. Burada eyni vaxtda məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası aparılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik yeni məktəb binasının tikintisində əsas inşaat işləri, demək olar ki, yerinə yetirilib. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər yardımçı otaqlar olacaq.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə, statistika otağı, eləcə də klub fəaliyyət göstərəcəkdir. Yeni feldşer-mama məntəqəsi isə tibbi xidmətin keyfiyyətini daha da artıracaqdır. Tikintisi aparılan xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşəcəkdir.

Dırnıs kəndində də məktəb binası, kənd və xidmət mərkəzi, eləcə də həkim ambulatoriyası inşa olunur. 216 şagird yerlik məktəb binasında əsas tikinti işləri görülüb qurtarıb. Məktəb binasında müasir tədris şəraiti yaradılacaq. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliklə yanaşı, digər dövlət qurumları üçün də otaqlar yerləşəcəkdir. Həkim ambulatoriyasında kənd sakinlərinin sağlamlığının qorunması üçün yeni avadanlıqlar quraşdırılacaq. Kənd sakinlərinin rahatlığını təmin edəcək xidmət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınmaqla daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcəkdir.
Kələki kəndində isə kənd və xidmət mərkəzləri tikilir. Dövlət qurumları ilə yanaşı, feldşer-mama məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılır.
Rayonun ucqar yaşayış məntəqələri olan Unus və Pəzməri kənd­lərində də quruculuq tədbirləri sürətlə davam etdirilir. Unusda kənd və xidmət mərkəzləri, Pəzməridə isə məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur.

Abbas SEYİD

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR