Cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 15 milyon 237 min manat, sosial sığorta ödəmələrinə isə 281 min manat vəsait xərclənmişdir. Əmək pensiyalarının və məcburi dövlət sosial sığortası hesabına ödəniş plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilmişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya hüququ yaranmış 137 vətəndaşa əmək pensiyası təyin edilmişdir. Bunlardan 102-si yaşa, 15-i sağlamlıq imkanları məhdudluğa, 20-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Pensiya təyin olunmuş vətəndaşların 99-u kişi, 38-i isə qadındır. Fərdi uçot sistemi ilə əhatə edilənlərin sayında da artım olmuş, fərdi şəxsi hesabı olanların sayı müvafiq dövr ərzində 280 nəfər artaraq 181 min 508 nəfərə çatmışdır.
Hesabat dövründə aidiyyəti qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 7 milyon 766 min 200 manat vəsait daxil olmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 50 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq yığılmışdır. Ötən ay ərzində 2 hüquqi şəxs və 208 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmışdır. Qeyd edək ki, muxtar respublikada yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi nəticəsində fondun gəlirləri artmış, əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranmışdır.
Fond bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtında yerinə yetirməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti