21 Dekabr 2024, Şənbə

Məlum olduğu kimi, oktyabr ayının 19-dan 24-dək Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə qardaş Türkiyə Respublikasının tarixi şəhəri olan Qaziantepdə ikinci “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər düşərgəsi” təşkil olunub. Məqsəd hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, ortaq həyata keçirilən layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır. Beş gün ərzində iştirakçılar Qaziantep və Şanlıurfanın tarix və mədəniyyət abidələrini ziyarət edib, sözügedən şəhərlərin turizm obyektləri, ali təhsil ocaqları ilə tanış olublar.

 

Oktyabrın 18-də media nümayəndəsi kimi Qaziantep şəhərində keçiriləcək adıçəkilən tədbirdə iştirak edəcəyimin xəbərini alıram. Bir çoxları kimi, mən də ilk dəfə idi ki, həmin şəhərə səfər edəcəyəm deyə, sevincli və qürurluyam. Vaxt-vədə gəlib çatır və Naxçıvandan, eləcə də ölkəmizin digər şəhər və rayonlarından olan fəal, istedadlı gənclər, şəhid övladları, qazilər və Vətən müharibəsinin iştirakçıları yola düşmək üçün təyin olunan ünvanda toplaşırlar. Naxçıvan şəhərinin tarixi məkanlarından olan “Milli yeməklər”də şam yeməyini yedikdən sonra uzun bir yola çıxırıq: Naxçıvandan, təxminən, 16-17 saatlıq bir məsafə... İştirakçıların təhlükəsiz şəraitdə gömrük-keçid məntəqələrindən yola salınması, gənclərin qidalanması, əyləncəli oyunlar, bir sözlə, təşkilatçılıq ən yüksək səviyyədədir. Şəhərləri, kəndləri bir-bir arxada qoyur, maraqlı anları, məqamları, görməli yerlərin görüntüsünü fotoaparatın və mobil telefonların yaddaşında tarixə çeviririk.

Budur, günorta saatlarıdır və biz artıq ünvanda – Qaziantepdəyik. “Şahinbəy konqre və sənət mərkəzi”ndə Zəfər düşərgəsinin açılış tədbiri təşkil olunur. Açılış mərasimində əvvəlcə hər iki dövlətin himnləri səsləndirilir və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Türkiyə Gənclik Vəqfinin icraçı direktoru Enes Eminoğlu və digər rəsmi şəxslər açılış nitqi söylədilər. Çıxışlarda bildirildi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, qardaş Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” tezislərinə söykənir. Birliyimizin, həmrəyliyimizin isə köklü tarixi, ənənələri vardır. Qeyd olundu ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ən böyük dəstəyi də məhz qardaş Türkiyədən gördü. Müharibənin ilk günündən dost ölkə Azərbaycanın haqq işinə dəstək verdi. Bu ilin iyun ayında dövlət başçılarının iştirakı ilə erməni işğalından azad olunmuş Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması iki qardaş dövlət arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etdirilməsindən xəbər verir.

Çıxış edənlər bildirdilər ki, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər düşərgəsi” ilk dəfə bu ilin iyul ayında qədim Naxçıvan torpağında təşkil olunub. İkinci layihə isə Qaziantepdə reallaşdırılır. Düşərgənin bu şəhərdə baş tutması rəmzi xarakter daşıyır. Belə ki, 1921-ci ildə anteplilər qəhrəmanlıq mübarizəsi nümayiş etdirib, ingilis və fransız qüvvələrinə qarşı inadla vuruşaraq işğala imkan verməyiblər. Buna görə də sonralar şəhərə “Qazi” statusu verilib. Milli mübarizənin 100-cü ildönümündə Qaziantepdə Zəfər düşərgəsinin təşkil edilməsi hər iki xalqın qəhrəmanlıq salnaməsinin, yenilməz ruhunun gənclər arasında təbliğ olunmasına mühüm töhfədir.
Vətən müharibəsi iştirakçılarına və qazilərə hədiyyələr təqdim olunduqdan sonra hər iki xalqın milli musiqi nömrələri ifa edildi, xatirə şəkilləri çəkildi. Şam yeməyinin ardından iştirakçılar qalacaqları düşərgəyə yola düşdülər.
Proqrama uyğun olaraq Azərbaycan və Türkiyədən olan gənclər mərhələli şəkildə Qaziantepdəki Milli Mübarizə Muzeyində, dünyanın dördüncü ən böyük zooparkında, ali təhsil ocaqlarında, muzeylərdə, Mesopotamiyanın mərkəzi, Dəclə və Fərat çaylarının arasında yerləşən Şanlıurfanın məşhur Göbəklitəpə yaşayış yerində, eləcə də digər gəzib görməli yerlərdə oldular. Düşərgənin sonuncu günündə iştirakçılar Zəfər tonqalının ətrafında birləşdilər. Bu tonqal heç də quru odun parçalarının üst-üstə yığılıb alovlandırılması deyil. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı da eynilə Zəfər tonqalı kimi istidir, hərarətlidir və heç vaxt sönən deyil. Dünyada bu dostluğu uzun illərdən bəri yaşadan və onu yeni çalarlarla zənginləşdirən nadir dövlətlər var. Türkiyə-Azərbaycan münasibətləri, bu mənada, nümunə kimi qəbul olunmalıdır. Fürsətdən istifadə edib bir araya toplaşan düşərgə iştirakçılarının təəssüratlarını da öyrəndik.
Cövdət Əliyev – Babək rayonunun Kərimbəyli kənd sakini, qazi: “Əvvəla, təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bir qazi kimi, düşərgənin mənim üçün müstəsna əhəmiyyəti vardır. Burada türkiyəli dostlarımızla yaxşı vaxt keçirdik, onlara Vətən müharibəsində qazandığımız tarixi Qələbədən danışdıq, döyüş xatirələrimizi bölüşdük. Fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm və Müzəffər Ali Baş Komandan tərəfindən orden və medallara layiq görülmüşəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Düşərgədə qalib ordunun qalib zabiti simasında iştirak edirəm. Bu adın, bu duyğunun əvəzi yoxdur. Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!”
Məhərrəm Həsənov – Naxçıvan Dövlət Universitetinin tələbəsi: “Beş gün ərzində özümüzü öz evimizdəki kimi hiss etdik. Türkiyəli dostlarımız gənclərin marağına səbəb ola biləcək yerləri düşərgə proqramına əlavə etmişdilər. Burada qazandığım təəssürat ömürboyu yaddan çıxan deyil. Yeri gəlmişkən onu da qeyd edim ki, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər düşərgəsi”nin birinci layihəsi Naxçıvanda, özü də çox möhtəşəm şəkildə baş tutmuşdu. İnanırıq ki, bu dostluq və qardaşlıq daim əbədi olacaq. Biz gənclər hər zaman bu birlik və bərabərliyin keşiyində dayanacağıq”.
Dilgün Əliyev – Ordubad rayonundan olan fəal gənc: “Çox xoşbəxtəm ki, Zəfər düşərgəsində iştirak edənlər sırasında mən də varam. Bu beş gün ərzində Qaziantepin ən maraqlı, gəzib-görməli yerlərində olduq. Bu mənim şəxsi fikrimdir ki, Naxçıvanla Qaziantep şəhərləri arasında oxşar xüsusiyyətlər vardır. Məsələn, naxçıvanlılar ötən əsrin 90-cı illərində mənfur düşmənə qarşı inadla mübarizə aparıb, Vətən uğrunda oğullar canından keçib, amma bir qarış torpağını belə, yağıya verməyiblər. Eynilə Qaziantep şəhəri də 100 il bundan öncə birləşmiş qüvvələrin qarşısında mərd dayanaraq zəfər tarixini yazıb. Burada olan zaman bizə məlumat verildi ki, Qaziantepin zəngin mətbəxi var. Məşhur Antep paxlavasının və fıstığının tanıdılması məqsədilə festivallar təşkil olunur. Eynilə Naxçıvanda da zəngin təsərrüfat və mətbəx ənənələrimizin, nümunələrimizin gələcək nəsillərə çatdırılması üçün festivallar, yarmarkalar keçirilir. Hər iki qardaş ölkənin ortaq tarixi, mədəniyyəti ilə qürur duyuruq”.
Jalə Fətəliyeva – Bakı Dövlət Universitetinin tələbəsi: “İştirakçıların şəxsi inkişafına da mühüm töhfə verən düşərgə hər iki ölkədən olan gənclərin birləşməsinə, onların şəbəkələşməsinə stimul olacaq. Düşərgə ərzində türkiyəli dostlarımıza Vətən müharibəsində Azərbaycan xalqının yenilməz ruhundan, ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşməsindən danışdıq. Əlavə olaraq deyə bilərəm ki, Qaziantep şəhəri zəngin mətbəxi, tarixi turizm yerləri ilə seçilir. Biləndə ki, qardaş ölkədən gəlmişik, bizə daha səmimi, qonaqpərvər münasibət bəsləyirlər. Fürsətdən istifadə edib təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Hər şey gənclərin könlüncə oldu”.
Yusif Cəfərbəyli – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi: “Düşərgə ərzində bir daha gördük ki, biz bir millətin, iki dövlətin nümayəndələriyik. Ortaq dilimiz, tariximiz, mədəniyyətimiz, mətbəximiz vardır. Bütün bunlarla bağlı yaddaqalanları türkiyəli dostlarımızla da bölüşdük. Düşərgənin qazi statusu almış zəfər şəhərində keçirilməsi çox yaxşı bir ideyadır. Onu da deyim ki, mən əslən işğaldan azad olunmuş Laçın rayonunun Sultanlar kəndindənəm. Bu gün Laçında Azərbaycan bayrağı dalğalanır, coğrafi baxımdan çox çətin bir yerdə hava limanı inşa olunur. Bu onu göstərir ki, biz təkcə torpaqlarımızı işğaldan azad etməmişik, həm də o yerləri dirçəldirik. Şuşada, Füzulidə, Xocavənddə olmuşam. Müharibənin başa çatmasından bir il belə ötməmiş ölkə işğaldan azad etdiyi bölgələrdə böyük quruculuq işləri həyata keçirir. Bu onu göstərir ki, bizim həm hərbi, həm də iqtisadi gücümüz vardır. Bütün bunları ölkə Prezidentinin müdrik siyasətinə, şəhidlərimizə, qazilərimizə borcluyuq”.
Nigar Məmmədli – Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllüsü: “İki ay bundan öncə Naxçıvanda, bu gün isə Qaziantep şəhərində Zəfər düşərgəsi keçirilirsə, biz bunu Müzəffər Ali Baş Komandanın siyasi iradəsinə, bizimlə birgə düşərgəyə gələn qazilərin timsalındakı bütün Vətən oğullarına, şəhidlərə borcluyuq. Bir gənc kimi Zəfər tarixi yazmış ölkəmlə qürur duyuram. Qalib ölkənin gənci olmaq... Fikrimcə, bundan böyük fəxarət, qürur ola bilməz”.
Deyirlər, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Zaman su kimi axıb keçir və artıq Qazianteplə, türkiyəli dostlarla sağollaşmağın vaxtı gəlib çatır. 1000 kilometrdən artıq uzun bir yolu başa vurduqdan sonra müqəddəs məkana, Nuhun yurdu Naxçıvan torpağına çatırıq. Tezliklə belə layihələrin işğaldan azad olunmuş və bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dirçələn Qarabağ torpağında reallaşması ümidi ilə...

Muxtar RZAZADƏ
Naxçıvan-Qaziantep-Naxçıvan

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR