21 Dekabr 2024, Şənbə

Özünün zəngin mədəniyyəti, adət və ənənələri ilə daim xarici ölkə vətəndaşlarının daim diqqət mərkəzində olan Azərbaycan son illərdə dünyada artan siyasi nüfuzu, iqtisadi dayanıqlılığı, həmçinin ən əsas cəhət kimi təhlükəsiz region statusu ilə əcnəbi vətəndaşların diqqətini daha çox cəlb etməyə başlayıb. Bunu illər üzrə Azərbaycana gələn turist sayının artan templə müşahidə edilən statistik trayektoriyası da təsdiq edir. Bu isə özlüyündə ölkəmizdə həyata keçirilən bir çox sahələrdə olduğu kimi, təhsil islahatlarında da özünü göstərir. Bunun nəticəsi kimi hər il xarici ölkələrdən Azərbaycanda təhsil almaq üçün müraciət edənlərin sayı artır.

 

Təkcə Azərbaycanda deyil, yaxın regionda da nüfuzlu ali təhsil müəssisələrindən biri kimi tanınan Naxçıvan Dövlət Universitetində də əcnəbi tələbələrin ildən-ilə artması müşahidə olunur ki, bu da özlüyündə xarici dilləri bilən bacarıqlı gənc kadrlara daha çox ehtiyac duyulması zərurətini ortaya çıxarır. Eyni zamanda bu sahədə təkcə muxtar respublikada deyil, ümumiyyətlə, ölkəmizdə dərs vəsaitlərinin yetərli olub-olmadığı sualını da doğurur.
Bu günlərdə yenicə çapdan çıxmış bir dərslik istər əcnəbi tələbələrə Azərbaycan dilini öyrətməyi qarşısına məqsəd qoyan müəllimlərə kömək, istərsə də bu sahədəki boşluğu doldurmağa hesablanmış addım kimi təqdirəlayiqdir. Belə ki, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Nicat Yaqubov və həmin universitetin İngilis dili və tərcümə kafedrasının dissertantı Rəcəb Cəfərli tərəfindən hazırlanan, tərtib edilərək nəşr olunan “Əcnəbilər üçün Azərbaycan dili dərsliyi” yuxarıda qeyd etdiyim boşluğun doldurulması istiqamətində ilk addım kimi xüsusi əhəmiyyətə malikdir. Bu günədək Azərbaycanda əcnəbi tələbələr üçün bu cür əhatəli ciddi bir nəşrin hazırlanması hər iki müəllifi ortaq fikir ətrafında birləşdirmiş və nəticədə də, maraqlı bir dərslik araya-ərsəyə gəlmişdir.
Digər ölkələrdən Azərbaycana oxumaq üçün gəlmiş tələbələrin hazırlığı üçün nəzərdə tutulmuş dərslik Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Filologiya elmləri doktoru, professor Sədaqət Həsənovanın elmi redaktorluğundan keçən dərsliyin rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərovadır.
Əcnəbi tələbələrin Azərbaycan dilini müasir tələblərə uyğun şəkildə öyrənməsi məqsədilə hazırlanan dərslikdə nəzəri və praktik məsələlər qarşılıqlı şəkildə sistemləşdirilmiş, yeni vəsaitlərdən geniş şəkildə istifadə olunmuşdur. Yeni nəşrin ortaya çıxması zərurətini müəlliflər kitabın girişində yazdıqları çox qısa ön sözdə də konkret olaraq qeyd ediblər. Həmmüəlliflərin fikrincə, Azərbaycan dilini xarici dil olaraq öyrənmək istəyən əcnəbilər üçün dərslik, dərs vəsaiti və ya bu kimi tədris materiallarının olmaması öyrənmə prosesini çətinləşdirir. Onlar ehtiyacı nəzərə alaraq Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün dərslik hazırlamaq qərarına gəlmişlər. Həmmüəlliflər onu da qeyd edirlər ki, dərslik xarici dil kimi Azərbaycan dilinin öyrənilməsini nəzərdə tutaraq müasir dövrümüzün inkişafına uyğun ən yeni metodlarla hazırlanmışdır.
Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrə dərs deyən bir müəllim kimi haqqında bəhs etdiyim yeni nəşri diqqətlə nəzərdən keçirdim. Beş bölmədən və 29 yarımbaşlıqdan ibarət olan dərslikdə tədris metodlarının ən müasir formalarından istifadə edildiyini görmək çətin deyil. Təqdirolunası məqamlardan biri də budur ki, təməl səviyyədə hazırlanmış vəsaitin növbəti yüksək mərhələləri əhatə edən nəşrlərinin də hazırlanması nəzərdə tutulur. Beləliklə, əcnəbi tələbələr xarici dil kimi Azərbaycan dilini öyrənərkən asandan çətinə doğru artan səviyyələrdə tədris nəşrləri ilə təmin olunacaqlar. Onu da vurğulayım ki, dərsliyin “iş dəftəri”nin də labüdlüyünü bildirdikdə, müəlliflər hazırda həmin nəşrin üzərində işlədiklərini və qarşıdakı aylarda onu da çap etdirəcəklərini bildirdilər. Beləliklə, Azərbaycan ali təhsil sistemində əcnəbi tələbələrin hazırlıq kursunda oxuyanlar üçün həllivacib bir problemin də aradan qalxacağını qətiyyətlə deyə bilərik.
“Salam”, “Harada?”, “Nə edirsən?”, “Mənim həyatım”, “Zaman, ətraf mühit və biz” bölmələrinin hər biri nəinki tələbələrin, eləcə də ölkəyə yeni gələn əcnəbi vətəndaşın qarşılaşdığı təməl ünsiyyət ehtiyaclarını, maraq dairələrini, tələbat meyarlarını özündə cəmləyir ki, bununla da müəlliflərin qarşılarına qoyduqları ilkin hədəfə nail olduqlarını əminliklə söyləmək mümkündür.
Dərsliyin ən böyük öyrədici özəlliyi də, fikrimizcə, onun, sadəcə, mətndən ibarət olmaması xüsusiyyətidir. Rəngli və illüstrativ şəkillərlə fərqli dizayn xarakteristikasını da əlavə etsək, dilimizin əcnəbilərə dünya standartlarında öyrədilməsinə böyük ölçüdə kömək edəcək nəşrin varlığından əminliklə danışmaq olar. Eyni zamanda söz ehtiyatı öyrədiciliyinin də dərslikdə əsas götürüldüyünü müşahidə edirik.
“Qrammatika”, “Çalışma”, “Danışıq”, “Yazma”, “Nələr öyrəndik?” kimi dərs daxili hissələrdə göstərilən ardıcıllıq üzrə dilimizin öyrədilməsi prosesi dərsliyin əsas məziyyəti kimi vurğulana bilər.
Mən, xüsusilə şəkillər üzərində dayanmaq istərdim. Müəlliflərin geniş seçim imkanları olmasına baxmayaraq, onlar asana qaçaraq tələm-tələsik iş ortaya qoymayıblar. Müəyyən mənada, yorucu əziyyətə qatlaşaraq dünya illüstrativ dərslik modelini əsas götürüblər. Qərb və Şərq mədəniyyətlərini özündə ehtiva edən fotolarla yanaşı, ölkəmizin simvoluna çevrilən məşhur tarixi və təbiət abidələri də məqsədli şəkildə dərslikdə öz əksini tapıb. Eyni zamanda dərsliyin muxtar respublika təhsil sisteminin yetirmələri və burada oxuyan, çalışan müəlliflər tərəfindən hazırlanması da bəzi mətn və fotoşəkillərdə hiss olunur. Belə ki, ölkəmizin həm iqtisadi, həm də bir çox sahələrdə inkişaf etmiş diyarı kimi muxtar respublikanın təbliğini nəzərdə tutan məqamlar da diqqətdən yayınmır. Dərsliyin Naxçıvan Dövlət Universiteti tərəfindən, ölkəmizin ali təhsil müəssisələrində təhsil alacaq əcnəbilər üçün hazırlandığını nəzərə alsaq, bu məqamı da təbii qarşılamalıyıq. Lakin qeyd olunan cəhətlər dərsliyin muxtar respublika ilə məhdudlaşdırılmasını əsaslandırmır. Çünki kitabda yer alan istər mətn, istərsə də fotolarda Azərbaycanın paytaxtı Bakının da tanıdılması öz əksini tapıb.
Ümumilikdə, götürdükdə əcnəbi tələbələr bu dərslik vasitəsilə həm ölkəmiz, həm muxtar respublikamız, həm də milli-mənəvi dəyərlərimiz, xüsusilə bayramlarımız, milli valyutamız, ən əsası isə əlifbamız və dilimiz haqqında ətraflı məlumat əldə edəcək, dərsliyi tam mənimsəyəcəkləri halda isə Azərbaycan dilində sərbəst, rahat danışaraq öz fikirlərini ifadə etmə imkanı qazanacaqlar.
“Əcnəbilər üçün Azərbaycan dili dərsliyi” bu sahədə çalışan müəllimlər üçün də stolüstü vəsait kimi onların köməyinə çatacaq, tədris prosesində işlərini daha da asanlaşdıracaqdır.

Belə bir nəşrin, maraqlı bir dərsliyin araya-ərsəyə gəlməsi münasibətilə ilk olaraq hər iki müəllifi, həmçinin bu dərslikdən yararlanmaqla əcnəbi tələbələri daha rahat və sistemli şəkildə öyrətməyə nail olacaq müəllimləri, ən əsası isə əcnəbi tələbələri təbrik edirəm. Nəşrin qismən çətinləşdirilmiş növbəti səviyyə olaraq nəzərdə tutulan nəşrlərinin də qısa zamanda çap edilərək müəllim və tələbələrin ixtiyarına veriləcəyini də qeyd edim. Bu yolda müəlliflərə uğurlar arzulayıram.


Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Naxçıvan Dövlət Universitetinin Xarici tələbələr üzrə dekanlığının müəllimi, dosent

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR